Elşad Həsənovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
“Borçalı Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində politoloq, yazıçı-publisist, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai-siyasi xadim polkovnik Elşad Həsənovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirə keçid almazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Açılış nitqi ilə Ramiz Həsənov çıxış etdi:
“Qeyd edək ki, Elşad Həsənov 12 fevral 1956-cı ildə qədim Qarayazıda indiki Gürcüstanın Qardabani rayonundakı Kosalı kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndindəki məktəbdə alıb. 1979-cu ildə Bakı Dövlət Universitetini bitirib. Uzun müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyində məsul və yüksək vəzifələrdə çalışıb. 2011-ci ildə polkovnik rütbəsi alıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Qarabağ müharibəsi veteranıdır. Bir çox kitabların müəllifi olan Elşad Həsənov hazırda politoloq və təhlükəsizlik eksperti kimi fəaliyyət göstərir”.
Tədbirin gedişində folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanova söz verildi:
"Elşad Həsənov xalq dilində desək, gözəl insan, gözəl jurnalistdir. Elşad Həsənov qazandıqlarının hamısını jurnalistikadan qazanıb. Jurnalistikanın çətin qollarından biri siyasi jurnalistikadır. İctimai siyasi şüuru formalaşdıran jurnalsitika siyasi jurnalistikadır. Elşad Həsənov bunun üstəsindən gəlib. Qafqazda baş verən hadisələr onun yaradacılığına təsir edib. O, təhlilləri doğru, düzgün aparıb. Tədbiri Borçalı cəmiyyətinin keçirməsinin simvolik mənası var, o Borçalıya çox bağlı olub".
Keçmiş Mərkəzi Komitənin katibi Həsən Həsənov Birinci Qarabağ hadisələri zamanı baş verən proseslər fonunda Elşad Həsənovun fəaliyyətindən bəhs edib:
“Həmin vaxt Elşad Qazaxda Dövlət Təhlükəsizlik Orqanlarında çalışırdı. Ermənilərlə danışıq aparmaq lazım idi. Qayıdanda danışanlardan biri maraqlı bir əhvalat danışdı. Bizim nümayəndə heyəti ermənilərlə danışıq apararkən binaya silahlı ermənilər daxil olub və içəridə hərbiçi olduğunu deyib və deyiblər ki, onu bizə təhvil verməsəniz hamını əsir götürəcəyik. Hamı özünü itirib, Elşaddan başqa. Onun silahı var idi. Elşad deyib ki,"Mən təslim olmayacağam, vuruşaq, mən bu riskə hazıram" ".
İştirakçılardan professor Nizami Cəfərov çıxışında Elşad Həsənovu təbrik etdi.
Çıxış edən şair, tərcüməçi, publisist, ictimai xadim, professor Xəqani Qayıblı qeyd etdi ki, Elşad Həsənovu həyata sevdirən onun dürüstlüyüdür.
Əsəd Cahangir isə onun alicənablığına, təvazökarlığına heyran olduğunu bildirdi.
Hüquqşünas Aslan İsmayılov çıxış etdi. O, Elşad Həsənovu öz elinə-obasına bağlı insan kimi xarakterizə edərək onun ictimai fəaliyyətini yüksək qiymətləndirdi.
Daha sonra söz Səadət Butaya verildi. O bildirdi ki, Elşad Həsənovla 1995-ci ildə Qarayazıda tanış olub: “Zəlimxan Yaqubdan elə ürəklə danışardı ki, bu sevgi və bağlılıq hər kəsə təsir edirdi”.
Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru İftixar Piriyev, Yusif Nəğməkar, Abid Tahirli və Azər Hacıbəyli də çıxış edərək Elşad Həsənovun yaradıcılığı və ictimai fəaliyyətindən söz açdılar.
Ramiz Göyüşlü də çıxışında Elşad Həsənovun fəaliyyətinə toxundu. Tədbirdə saz ifaçısı Ramin Qarayev musiqi nömrəsi ilə çıxış etdi.
Elşad Həsənovun həyat yoldaşı Sevil xanım çıxış edərək bildirdi:
“Bu gün mənə deyirlər ki, onu hamıdan yaxşı tanıyıram. Biz əl-ələ verərək bütün çətinlikləri dəf edib bu səviyyəyə gəlib çıxmışıq. Bu gün biz onun işığına yığışmışıq. Burada şeirlər səsləndi, sözlər deyildi”. Sevil xanım həmçinin Səməd Vurğunun şeirini səsləndirdi.
Tədbirdə Borçalıdan gələn qonaqlar da iştirak etdilər. İş adamı Elşadın qardaşı Musa Həsənov və Salman Muğuzlu çıxış edərək təəssüratlarını bölüşdülər.
Tədbirin sonunda söz Elşad Həsənova verildi. O, çıxışında iştirakçılara təşəkkürünü bildirdi:
“Biz fəxr edirik ki, Azərbaycan dünyada qlobal səviyyədə təmsil olunur. Azərbaycan artıq Amerika arenasına çıxır. Bu, gələcək nəsil üçün böyük stimuldur. Bu tədbirin təşkili üçün Borçalı Cəmiyyətinə təşəkkür edirəm”.
Sonda “Borçalı Cəmiyyəti” İctimai Birliyi Elşad Həsənova “El adamı” mükafatı təqdim etdi.
14:18 11.02.2026
Oxunuş sayı: 437