DİQQƏT: aldadıla bilərsiniz - Onlayn alış-verişdə bunları bilməlisiniz
Son illərdə Azərbaycan iqtisadiyyatı sürətlə rəqəmsallaşır. E-ticarət platformaları, onlayn xidmətlər, sosial şəbəkələr üzərindən satış və hətta kriptovalyuta əməliyyatları artıq yalnız fərdi biznes deyil, ölkənin vergi gəlirləri üçün də böyük potensial yaradır. Lakin bu sürətli transformasiya ilə birlikdə yeni çağırışlar da ortaya çıxır: ənənəvi vergi modeli artıq rəqəmsal mühitin tələblərinə uyğun deyil. Sahibkarlar və platformalar sərhədləri aşır, dövriyyə görünməz qalır, nağdsız əməliyyatlar artmaqda davam edir və dövlətin vergi nəzarəti mexanizmləri hələ tam uyğunlaşmayıb.
Hazırda əsas məsələ həm dövlət, həm də sahibkar üçün balansın tapılmasıdır. Vergi sistemi sərt yoxlamalar və cərimələr üzərində qurulmaq əvəzinə, sadə, başa düşülən və bazar davranışını nəzərə alan mexanizmlərlə işləməlidir. Əks halda, rəqəmsal iqtisadiyyatın gətirdiyi imkanlar riskə çevrilə bilər. Eyni zamanda, rəqəmsal xidmətlər və onlayn satışların leqallaşdırılması yalnız texniki və normativ yanaşmalarla deyil, maarifləndirmə və könüllü uyğunlaşma mexanizmləri ilə dəstəklənməlidir.
Azərbaycanın vergi sistemi indi keçid mərhələsindədir: ənənəvi nəzarətdən, cərimə və yoxlamaya dayanan modeldən çıxaraq, risk əsaslı, davranış yönümlü və rəqəmsal şəffaflıq üzərində qurulan idarəetmə modelinə doğru irəliləyir. Əsas çağırış isə ondan ibarətdir ki, bu dəyişikliklər yalnız kağız üzərində qalmamalı, real bazar şəraitinə uyğun, sahibkar üçün əlavə yük yaratmayan mexanizmlərlə müşayiət olunmalıdır.
Gələcəkdə məqsəd aydındır: rəqəmsal iqtisadiyyat vergi sistemi üçün risk yox, dayanıqlı və şəffaf gəlir mənbəyi olmalıdır.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, vergi, audit ve mühasibat üzrə ekspert Şamxal Kərimov Crossmedia.az-a açıqlamasında son illərdə rəqəmsal iqtisadiyyat və e-ticarətin sürətlə artması fonunda, Azərbaycanın vergi sisteminin vəziyyəti barədə danışıb:

"Son illərdə rəqəmsal iqtisadiyyatın və elektron ticarətin sürətlə genişlənməsi Azərbaycanın da vergi sistemində yanaşma dəyişikliyini zəruri edir. Elektron ticarət sözü Vergi Məcəlləsində cəmi 10 yerdə görünsə də, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur. Əvvəllər əsas hədəf fiziki olaraq görünən fəaliyyəti və ənənəvi biznes modellərini nəzarətdə saxlamaq idisə, hazırda rəqəmsal mühitdə yaranan gəlirlərin görünən və vergiyə cəlb edilən hala gətirilməsinə də diqqət artırılır. Bu kontekstdə vergi inzibatçılığında iki əsas istiqamət aydın şəkildə formalaşıb. Bunlardan birincisi rəqəmsallaşma və şəffaflaşmadır. Dövlət Vergi Xidmətinin fəaliyyətində elektron xidmətlərin genişlənməsi, məlumat mübadiləsinin avtomatlaşdırılması, nağdsız dövriyyə ilə bağlı tələblərin artması və stimullaşdırılması və risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi bu xəttin tərkib hissəsi sayıla bilər. İkinci əsas istiqamət isə vergi bazasının genişləndirilməsidir. Rəqəmsal iqtisadi şəraitdə dəyər artıq təkcə fiziki istehsal və satışla yaranmır. Onlayn platformalar, elektron xidmətlər, reklam və sərhədlərdən kənar əməliyyatlar yeni gəlir mənbələrini formalaşdırır. Dövlət bu reallığı nəzərə alaraq vergi sistemini tədricən bu sahələrə uyğunlaşdırmağa çalışır. Vergi Məcəlləsinin 33.8-1-ci maddəsinə əsasən elektron ticarət həyata keçirən qeyri-rezident xidmət təminatçılarının ƏDV məqsədilə uçota alınması, nağdsız əməliyyatlara nəzarət edilməsi və onlayn satışların leqallaşdırılması bu yanaşmanın praktik nümunəsidir.
Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə strategiyasında da əsas vurğu könüllü əməletmə, vergidən yayınma risklərinin azaldılması və vergi idarəçiliyinin davamlı modernləşdirilməsi üzərində qurulub. Bu, vergi sisteminin yalnız cərimə və yoxlamalar üzərindən deyil, daha çox davranış yönümlü və risk əsaslı mexanizmlərlə işləməsi məqsədini göstərir. 2026-cı ildən qüvvəyə minən vergi dəyişiklikləri də ümumi olaraq bu yanaşmanı dəstəkləyən səviyyədədir. Bu yanaşma göstərir ki, Azərbaycan vergi sistemi rəqəmsal iqtisadiyyatın sürətinə tam çatmasa da, artıq ənənəvi modeldən rəqəmsal vergi idarəçiliyinə keçid mərhələsindədir. Əsas məsələ isə ondan ibarətdir ki, bu dəyişikliklər yalnız normativ səviyyədə qalmamalı, real bazar davranışını nəzərə alan və sahibkar üçün başa düşülən və əlavə kargüzarlıq yükü yaratmayan mexanizmlərlə müşayiət olunmalıdır. Məhz bu halda vergi sistemi rəqəmsal iqtisadiyyatın yaratdığı imkanları riskə çevirmədən idarə edə bilər".
Eksepert bildirib ki, beynəlxalq elektron ticarət, kriptovalyuta əməliyyatları və fərdi sahibkarların onlayn satışları ilə bağlı vergi tənzimləməsində həllini tapmayan problemlər mövcuddur: "Beynəlxalq elektron ticarətdə əsas məsələ satıcının qeyri-rezident olmasıdır. Çünki xarici platforma Azərbaycanda fiziki olaraq mövcud olmadan satışlar edir amma dəyər yerli istehlakçı tərəfindən yaranmış olur. Bu boşluq ƏDV məqsədləri üçün doldurulmağa başlanılıb. Belə ki, elektron ticarət aparan qeyri-rezidentlərin ƏDV məqsədləri üçün elektron qaydada uçota alınması mexanizmi mövcuddur. Lakin, praktikada bütün platformaların bu rejimə tam daxil edilməsi ödəniş kanalları və çatdırılma zənciri səbəbindən çətindir. Mexanizm düzgün olsa da icra üçün platformaların daha geniş hesabatlılığı və bazar nəzarəti alətləri gərəklidir.
Dövlət Vergi Xidmətinin rəsmi mövqeyinə görə, kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması mexanizmi fiziki şəxslər üçün qeyri-sahibkarlıq fəaliyyətindən gəlir kimi 14% olmaqla bəyan olunması nəzərdə tutulub. Lakin, bu hal sadəcə kağız üzərində mümkündür kimi görünür, çünki faktiki nəzarət üçün birjalar, bank kanalları, mübadilə məntəqələri, qarşılıqlı analiz kimi məlumat mənbələri vacibdir. Bu səbəbdən də, vergi bəyanı və ödənişi çox vaxt könüllülük əsası səviyyəsində qalır, kripto üzrə real fiskal nəticə üçün hesabatlılıq infrastrukturu qurulmalıdır. Onlayn satış edən fiziki şəxslərdə əsas problem ondan ibarətdir ki, onlar özlərini sahibkar olaraq adlandırmırlar. Sadəcə sosial şəbəkələr üzərindən satış edir, ödənişi kartdan-karta qəbul edir və bəyan etmirlər. Bu proses isə dövriyyənin görünməməsi, xərc sənədlərinin əksikliyi və vergidən yayınma kimi nəticələrə gətirib çıxarır. Düşünürəm ki, onlayn satışların leqallaşması yalnız cərimələmə metodu əsasında qurulmamalı - daha sadə qeydiyyat, doğru vergi bələdçisi, geniş maarifləndirmə proqramları və minimal bürokratiya ilə həll olunmalıdır. Əks halda bu bazar yenə kölgədə qala bilər".
Ş.Kərimovun sözlərinə görə, gələcək islahatların əsas istiqamətlərindən biri beynəlxalq elektron ticarətə nəzarətin gücləndirilməsi ola bilər: "Praktika göstərir ki, minlərlə satıcını ayrıca nəzarətdə saxlamaq çətindir və bu səbəbdən vergi orqanları tədricən platformaların özünü əsas nəzarət nöqtəsinə çevirməyə çalışmalıdır. Hazırda elektron xidmətlər üzrə ƏDV mexanizmi mövcud olsa da, tətbiq dairəsi və nəzarət imkanları hələ məhduddur. Xidmət növlərinin daha dəqiq təsnifatı, qeyri-rezident xidmət təminatçıları üçün sadələşdirilmiş amma daha effektiv qeydiyyat sistemi, banklar və ödəniş sistemləri üzərindən məlumat əsaslı nəzarət mexanizmlərinin genişlənməsi gərəkli addımlardır. Burada məqsəd cərimə mexanizmini sərtləşdirmək yox, rəqəmsal xidmətlərin sistemli şəkildə vergitutma bazasına daxil edilməsi olmalıdır. Kriptovalyuta ilə bağlı əsas problem normativ boşluqdan çox məlumat çatışmazlığıdır. Gələcək islahatlar çərçivəsində lisenziyalı kripto-birjalarla məlumat mübadiləsi mexanizmlərinin formalaşması, bank kanalları üzərindən kripto ilə əlaqəli əməliyyatların risk əsaslı monitorinqinin aparılması və bəyannamə təqdim etmə mexanizminin daha sadə formaya salınması gündəmə gələ bilər. Bu sahədə məqsəd kripto bazarını məhdudlaşdırmaq yox, onu nəzarət olunan və proqnozlaşdırıla bilən mühitə daxil etməkdir. Gələcək vergi islahatlarında diqqət sosial şəbəkələr və onlayn platformalar üzərindən satış edən fiziki şəxslərə də yönəlməlidir. Burada əsas problem vergi dərəcəsi yox, sistemdən kənarda qalma davranışıdır. Sadə və sürətli qeydiyyat mexanizmi, minimal hesabatlılıq, ilk mərhələdə maarifləndirmə və könüllü uyğunlaşma və yalnız yüksək riskli hallarda sərt nəzarət tədbirlərinin tətbiqi olmalıdır. Bu model tətbiq olunmasa, kütləvi cərimələr bazarı leqallaşdırmaq əvəzinə, onu daha da kölgəyə çəkə bilər. 2026-cı il üzrə dəyişikliklər ilə əsası qoyulan risk əsaslı nəzarət və davranış yönümlü mexanizmlər gələcəkdə daha da genişlənməlidir. Həyata keçəcəyi təqdirdə, kütləvi yoxlamalar azala, məlumat analitikası və risk profilləri əsas rol oynaya, dürüst vergi ödəyiciləri üçün inzibati yük tədricən yüngülləşə bilər. Bu yanaşma vergi sisteminin cəzalandırıcı yox, idarəedici və istiqamətləndirici funksiyasını gücləndirər.
Gələcək vergi islahatlarının əsas xətti aydındır: Azərbaycan vergi sistemi rəqəmsal iqtisadiyyatın reallıqlarını qəbul edir və tədricən nəzarət əvəzinə davranış, cərimə əvəzinə uyğunlaşma, kütləvilik əvəzinə isə risk əsaslı yanaşma modelinə keçir. Əsas çağırış isə ondan ibarətdir ki, bu islahatlar normativ səviyyədə qalmasın, real bazar davranışını nəzərə alan və sahibkar üçün başa düşülən mexanizmlərlə müşayiət olunsun. Məhz bu halda rəqəmsal iqtisadiyyat vergi sistemi üçün risk yox, dayanıqlı gəlir mənbəyinə çevrilə bilər".
Fatimə Məmmədova
10:50 09.02.2026
Oxunuş sayı: 949