Məqsədimiz insanlarda keyfiyyətli musiqini dinləmək vərdişini gücləndirməkdir - MÜSAHİBƏ
Azərbaycan tarixin bütün mərhələlərində dünyanın mədəniyyət mərkəzlərindən biri olub. Dövlətimizin mədəniyyətə ayırdığı diqqət bu gün də Azərbaycan mədəniyyətini dünyada tanıdır və bu istiqamətdə ciddi işlər görülür. Ciddi işlər fonunda mədəniyyət sahəsinin əsas istiqaməti olan tetarlarda da abadlıq, təmir işləri ilə yanaşı, yeni repertuarlar və səhnəciklər hazırlanır. Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynayan sənət ocaqlarından biri olan Azərbaycan Dövlət Mahnı Teatrı bu gün yeni yaradıcılıq mərhələsini yaşayır. Ənənə ilə müasirliyin vəhdətini qorumağa çalışan teatr həm repertuar siyasətində, həm də yaradıcı yanaşmada yenilənmə xəttini davam etdirir. Müasir tamaşaçı zövqünə uyğun layihələr, gənc istedadların səhnəyə cəlb olunması və müxtəlif musiqi janrlarının sintezi Mahnı Teatrının fəaliyyətində əsas istiqamətlərdən biri kimi diqqət çəkir. Teatrın qarşısında duran əsas məqsəd milli musiqi irsini qorumaqla yanaşı, onu yeni nəsillərə daha müasir və cəlbedici formada təqdim etməkdir.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova Crossmedia.az-a geniş müsahibə verib:

- Azərbaycan Dövlət Mahnı Teatrı bu gün hansı mərhələdədir?
- Azərbaycan Dövlət Mahnı Teatrı hazırda dinamik inkişaf mərhələsindədir və yaradıcı mühitini xüsusilə gənclər üçün açıq şəkildə formalaşdırır. Burada gənclər özlərini ifadə edə, səhnəyə çıxa və yaradıcılıqlarını göstərə bilirlər. Rəşid Behbudov özü də yaradıcılığı boyunca gənclərə xüsusi diqqət yetirib və bu ənənə bu gün də Mahnı Teatrında davam etdirilir. Hazırda teatr estrada-simfonik orkestr, instrumental ansambl və yeni formalaşmış pop qrupu ilə fəaliyyət göstərir. Konsert proqramlarında təkcə teatrın solistləri deyil, həm də dəvətli gənc ifaçılar iştirak edir. Bu yanaşma yeni simaların tanıdılması və səhnə mədəniyyətinin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, yaxın zamanda Mahnı Teatrı gənc istedadlar üçün əsas tanınma platformalarından birinə çevriləcək.
- Son illər ərzində teatrın repertuar siyasəti və yaradıcı heyətdə tamaşaçı auditoriyası ilə əlaqələrdə hansı yeniliklər müşahidə olunur?
- Mən direktor kimi fəaliyyətimi əhatə edən dövrü şərh edə bilərəm. Bu müddət ərzində repertuar siyasətində və auditoriya ilə münasibətlərdə nəzərəçarpacaq yeniliklər həyata keçirilib. Repertuarımız sistemli şəkildə yenilənib və tamaşaçı auditoriyası genişlənib. Mahnı Teatrının əsas missiyası milli musiqi irsimizin qorunması və müasir dövrün estetik tələbləri ilə uzlaşdırılmasıdır. Azərbaycan musiqisi repertuarın mərkəzində dayanır, eyni zamanda müasir musiqi üslubları ilə sintez olunmuş proqramlara da yer verilir. Estrada, caz və kino musiqisi xüsusi xətt kimi inkişaf etdirilir. Dirijorumuz Ellada Məmmədova orkestr üzərində ciddi işlər aparır. Onu da qeyd edim ki, Estrada-Simfonik Orkestrimizdə təcrübə proqramı təşkil olunmuşdur. Təcrübə proqramından uğurla keçən bir neçə gənc işlə təmin olunaraq kollektivimizin daimi üzvünə çevrilib. Fevral ayında kino musiqisi istiqamətində iki fərqli konsert nəzərdə tutulub. Bununla yanaşı, dünya pop musiqisinin seçmə nümunələrinə də müraciət edirik. Məsələn, fevralın 28-də Queen yaradıcılığına həsr olunmuş gecə keçiriləcək və Freddie Mercury repertuarı gənclərin iştirakı ilə təqdim olunacaq. Eyni zamanda neon layihələr – ultrabənövşəyi işıqlar altında hazırlanan tamaşalar həm uşaqlar, həm də böyüklər üçün maraqlı və müasir səhnə formatı kimi tamaşaçıya təqdim olunur.
- Teatr repertuarının formalaşdırılmasında hansı meyarlar əsas götürülür?
- Repertuarın formalaşdırılmasında əsas meyar tamaşaçı zövqü ilə estetik keyfiyyət arasında balansın qorunmasıdır. Məqsədimiz insanlarda keyfiyyətli musiqini dinləmək vərdişini gücləndirmək və musiqi mədəniyyətini formalaşdırmaqdır. Sosial şəbəkələr və YouTube platformaları gənclərin musiqi zövqünə ciddi təsir göstərir. Biz bu reallığı nəzərə alaraq klassik musiqi elementlərini müasir üslubla sintez edir, gənclərin marağını itirmədən onları daha dərin musiqi duyumuna yönəltməyə çalışırıq.
- Real auditoriyanız repertuarın formalaşmasına necə təsir göstərir?
- Tamaşaçı reaksiyaları repertuar siyasətində mühüm rol oynayır. Kino musiqisi konsertləri, səksəninci illərin hitləri və nostalji layihələr auditoriya tərəfindən böyük maraqla qarşılanır. Bu marağı nəzərə alaraq həmin formatların davamlı olmasını planlaşdırırıq. Gənclər Günü münasibətilə keçirilən neon konsertlər və yeni formatlı layihələr auditoriyanın yeniliklərə açıq olduğunu bir daha göstərdi və bu istiqamətdə işlərin davam etdirilməsi üçün stimul yaratdı.

- Hansı yeni rubrikaların və layihələrin həyata keçirilməsini planlaşdırırsınız?
- Bu il Rəşid Behbudovun 110 illik yubileyi geniş miqyasda qeyd olundu. Yanvarın 15-də Heydər Əliyev Sarayında keçirilən konsert proqramında Mahnı Teatrının Estrada-Simfonik Orkestri üç saatlıq canlı ifa ilə tamaşaçı qarşısına çıxdı və böyük maraqla qarşılandı. Dekabrın 14-də isə teatrda yubileyə həsr olunmuş qala-gecə təşkil edildi. Hazırda repertuarımız genişlənməkdədir. Gənc bəstəkarlar və aranjimançılar yaradıcı komandaya cəlb olunub. Orkestr üçün hazırlanan not və partituralar məhz bu gənc mütəxəssislər tərəfindən yazılır.
- Qastrol səfərləri və bölgə konsertləri haqqında nə deyə bilərsiniz?
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt və Şamaxıya qastrol səfərləri həyata keçirilib və bu konsertlər yüksək səviyyədə təşkil olunub. Bölgə tamaşaçılarının canlı musiqiyə olan marağı bizi xüsusilə sevindirir. 2026-cı ildə də bir neçə bölgə qastrolu planlaşdırılır. Əsas məqsədimiz Azərbaycan mədəniyyətini layiqincə təbliğ etmək, Mahnı Teatrının adını yüksək səviyyədə qorumaq və beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirməkdir.
Ayhan
12:12 07.02.2026
Oxunuş sayı: 852