“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezidentin fəaliyyətinə verilən yüksək qiymətdir
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak etmişdir. Bu tədbir iki ölkə arasında dostluq və əməkdaşlığın, həmçinin qlobal səviyyədə insan qardaşlığı və sülh prinsiplərinin önəmini vurğulayan əhəmiyyətli bir hadisə kimi diqqət çəkir.
Mükafat mərasimi, həmçinin Azərbaycanın BƏƏ ilə strateji əlaqələrinin gücləndirilməsi və qarşılıqlı hörmətə əsaslanan diplomatik münasibətlərin inkişafına dair mesajlar verməsi baxımından simvolik əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Hesab edirəm ki, bu mükafat cənab Prezidentin fəaliyyətinə verilən yüksək qiymətdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, o, bölgəmizə sülhün gəlməsinə töhfə verən bir şəxsdir və bu istiqamətdə davamlı addımlar atır. Onun bu addımları yüksək qiymətləndirilir və bu, təsadüfi deyil.

Bu mükafat, Prezidentin çoxşaxəli fəaliyyətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, mükafatı seçən münsiflər heyəti çox tanınmış şəxsiyyətlərdən ibarətdir. Onlar cənab Prezidentin fəaliyyətini diqqətlə təhlil edərək bu qərarı qəbul ediblər. Bu, həm də ümumi prosesə töhfə verən vacib bir nüansdır. Bugün cənab Prezidentə etimad yalnız ölkəmizdə deyil, dünyanın hər yerində mövcuddur. Dünyanın bütün ölkələri Azərbaycanla əməkdaşlıq etmək və əlaqələrini daha da inkişaf etdirmək istəyirlər. Bu uğurun əldə olunmasında cənab Prezidentin rolunu xüsusi qeyd etmək lazımdır".
Elmir Heydərli
14:30 07.02.2026
Oxunuş sayı: 2679