Xəstəliyi olan gənc əsgərliyə aparıldı - Onun hospitaldakı ölümü rezonans doğurdu
Bir neçə gün əvvəl Mərkəzi Klinik Hərbi Hospitalda 25 yaşlı əsgər Coşqun Zülfüqar oğlu Sadıqov həyatını itirdi. Əsgərin ölümü ilə bağlı qohumları və yaxınları isə Coşqunun vərəm xəstəsi həmçinin nitq qüsuru – kəkələmə problemləri olduğunu buna rəğmən hərbi xidmətə çağırıldığını qeyd ediblər. Bu iddia isə özlüyündə cəmiyyətdə ciddi rezonans doğurub və birmənalı qarşılanmayaraq suallar yaradıb.
O, Nevroloji və psixoloji çətinliklərin də olduğundan 7 il boyunca hərbi xidmətə çağırılmamışdı. Bəs niyə bu il, sağlamlıq problemləri hələ tam aradan qalxmamış gənc əsgərliyə aparıldı? Möcüzə baş verdi, yoxsa birdən-birə hərbi xidmət üçün “yararlı” hesab olundu? Və əgər vəziyyəti yaxşılaşmışdısa, niyə əskərliyə göndərildikdən cəmi bir neçə gün sonra vəziyyəti kritik həddə çatdı?
Daha ağlasığmaz sual isə budur: vərəm xəstəsi, həmçinin sağlamlıq problemləri olan bir gənci minlərlə əsgərin bir arada olduğu hərbi hissəyə göndərmək nə dərəcədə doğru idi? Bunu edənlər yalnız bir insanın deyil, bütün cəmiyyətin sağlamlığını riskə atmış oldular. Coşqun kimi gənclərin həyatını təhlükəyə atan bu qərarlar, insan haqlarına və vətənpərvərlik anlayışına ziddir.
Qeyd edək ki, bu hadisə təkcə bir ailənin deyil, bütün cəmiyyətin vicdanını sarsıdır və məsuliyyət daşıyanların ciddi şəkildə araşdırılmasını tələb edir. Masallı rayonunun Qızılağac kəndində dəfn edilən Coşqun, atasız böyüyüb, anası isə bu böyük acıya dözməyə çalışır. Baş verən hadisə ilə bağlı Crossmedia.az olaraq sorğu verdik.
Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bu məsələnin araşdırıldığını və istintaq aparıldığını bildirib:
"Hal-hazırda sözügedən məsələ ilə bağlı cinayət işi başlanıb və istintaq aparılır. İstintaqın yekununda hüquq-mühafizə orqanları tərəfindən məsələyə hüquqi qiymət verəcəkdir".
13:57 07.02.2026
Oxunuş sayı: 2256