Bir dövlətin utancı – "Dreyfus işi”
1898-ci ilin məhz 7 fevralında Fransa və bütövlükdə dünya ictimai fikrini silkələyən, tarixə vicdanın üsyanı kimi düşən hadisə baş verdi. Görkəmli fransız yazıçısı, ziyalı və ictimai xadim Emil Zolya məşhur “Mən günahlandırıram…!” (J’accuse…!) adlı açıq məktubuna görə rəsmi şəkildə məhkəmə qarşısına çıxarıldı. Bu hadisə bir daha sübut etdi ki, bəzi dövrlərdə və bəzi ölkələrdə həqiqəti ucadan demək ən ağır cinayət sayılır, susmaq isə təhlükəsiz mövqe kimi təqdim olunur. Lakin tarix göstərir ki, məhz susmayanlar yaddaşlarda qalır.
Bu sarsıdıcı hadisənin kökündə XIX əsrin ən qalmaqallı məhkəmə işlərindən biri olan "Dreyfus iş"i dayanırdı. 1894-cü ildə Fransa ordusunda xidmət edən, yəhudi əsilli zabit Alfred Dreyfus Almaniya xeyrinə casusluq etməkdə ittiham olundu. Ona qarşı irəli sürülən “sübutlar” qapalı şəkildə müzakirə edildi, ictimaiyyətə təqdim olunmadı, müdafiə hüququ kobud şəkildə pozuldu. Qərəzli hərbi məhkəmənin qərarı ilə Dreyfus ömürlük sürgünə, ağır şəraitə malik Şeytan adasına göndərildi. Daha sonra üzə çıxdı ki, sənədlər saxtalaşdırılıb, faktlar bilərəkdən gizlədilib, əsl günahkar isə ordunun nüfuzuna xələl gəlməsin deyə qorunub. Bu işin arxasında hüquq yox, dövlət maraqları pərdəsi altında gizlədilən açıq antisemitizm və qorxu siyasəti dayanırdı.
Cəmiyyətin böyük bir hissəsi bu haqsızlıq qarşısında susmağı seçsə də, Emil Zolya susmadı. O, vicdanını qorumağı şəxsi təhlükəsizliyindən üstün tutdu. 1898-ci ilin yanvarında Zolya “LAurore” qəzetinin birinci səhifəsində Fransa prezidentinə ünvanlanmış açıq məktubla çıxış etdi. Bu məktub adi bir etiraz yazısı deyildi – bu, dövlətə qarşı yönəlmiş açıq ittiham aktı, hüquqsuzluğa qarşı açıq meydan oxuma idi. Zolya generalların, hərbi ekspertlərin, məhkəmə hakimlərinin adlarını bir-bir sadalayaraq onların məsuliyyət daşıdığını bəyan edir, Dreyfusun bilərəkdən qurban verildiyini, həqiqətin isə sistemli şəkildə ört-basdır edildiyini sübutlarla ortaya qoyurdu. O açıq şəkildə bildirirdi ki, bu işin təməlində hüquq və ədalət yox, nifrət, qorxu və saxta “şərəf” anlayışı dayanır.
Məktubun dərc olunması Fransa tarixində misli görünməmiş rezonans yaratdı. Qəzet rekord tirajla satıldı, ölkə iki düşərgəyə bölündü – Dreyfusu müdafiə edənlər və onu lənətləyənlər. Küçələrdə etirazlar başladı, mətbuat sərt polemikalarla doldu, ailələr belə bu məsələ üzündən parçalandı. Məhz bu böyük ictimai dalğanın nəticəsi olaraq 7 fevral 1898-ci ildə Emil Zolya “dövlətə böhtan atmaq” ittihamı ilə məhkəmə qarşısına çıxarıldı. O, günahkar elan edildi, 1 il həbs və iri məbləğdə cərimə cəzasına məhkum olundu. Həbs olunmamaq üçün Zolya Fransanı tərk edərək İngiltərəyə sığındı. Amma o, azadlığını itirsə də, bir şeyi qazanmışdı – həqiqət artıq susmurdu.
Bu hadisə tarixə sübut etdi ki, bir yazı, bir cümlə, bir vicdanlı mövqe bütöv bir dövlət mexanizmini silkələyə bilər. Zolyanın cəzalandırılması əslində həqiqətin cəzalandırılması idi, lakin bu cəza "Dreyfus işi"nin yenidən araşdırılmasına yol açdı.
Uzun illər sonra, 1906-cı ildə Alfred Dreyfus tam bəraət aldı, dövlət səhvini etiraf etməyə məcbur qaldı. Emil Zolya isə ölümündən sonra Fransanın milli vicdan simvoluna, sözün gücünü sübut edən tarixi fiqura çevrildi.
Məhz buna görə, bu gün bizə xatırladır ki, ədalətsizlik qarşısında susmaq da cinayətdir, həqiqəti demək isə bəzən ən ağır cəza ilə ölçülür. Amma tarix dəyişməz bir həqiqəti də sübut edir: zaman keçir, hökmlər dəyişir, adlar unudulur – həqiqət isə qalır və gec də olsa qalib gəlir.
Fatimə Məmmədova
10:46 07.02.2026
Oxunuş sayı: 687