Süni intellekt sönsə, insan düşünə biləcəkmi? — Gələcəyin ən təhlükəli sualı
Təsəvvür edək ki, bir gün süni intellekt proqramları texniki səbəbdən dayanır, bloklanır, işləməz hala gəlir. Nə hazır cavab var, nə avtomatik yazılan mətnlər, nə də bir kliklə görülən işlər. Belə bir durumda nə baş verəcək?
Süni intellektlə yaza-yaza öyrəşən uşaq həmin gün qələmi əlinə alıb özü düşünə biləcəkmi? Sualı analiz edəcək, fikrini formalaşdıra biləcəkmi? Yoxsa illərlə düşünmədiyi üçün çaşqınlıq içində qalacaq? Süni intellekt olmayanda artıq düşünmək bacarığını itirmiş beyin necə işləyəcək? Bu, gələcəyin çox ciddi sualını ortaya qoyur: süni intellekt dayansa, biz insan olaraq düşünməyi bacara biləcəyikmi?
Son iki il ərzində süni intellekt həyatımızın demək olar ki, bütün sahələrinə sürətlə daxil olub. Artıq bu texnologiyadan təkcə böyüklər deyil, uşaqlar da aktiv şəkildə istifadə edirlər. Məktəbdə, universitetdə, iş mühitində süni intellekt gündəlik bir vasitəyə çevrilib. İlk baxışdan bu, işi asanlaşdıran, vaxta qənaət etdirən müasir bir yenilik kimi görünür. Amma məsələ göründüyü qədər sadə deyil. Bu gün müəllim məktəbdə tapşırıq verir. Uşaq evə gedir, mövzu üzərində düşünmür, araşdırma aparmır, sadəcə süni intellektə sualı yazır və hazır cavabı əldə edir. Sonra həmin mətni müəllimə təqdim edir. Formal olaraq tapşırıq yerinə yetirilir, amma uşaq heç nə qazanmır. Düşünmək, analiz etmək, məntiq yürütmək bacarığı getdikcə zəifləyir. Halbuki təhsilin əsas məqsədi hazır cavab vermək yox, düşünən insan yetişdirməkdir.
Eyni vəziyyət universitetlərdə də müşahidə olunur. Tələbə imtahana hazırlaşmaq, mövzunu anlamaq əvəzinə, referatı, təqdimatı, hətta bəzi hallarda yazılı işi tamamilə süni intellektə həvalə edir. Oxumadan, anlamadan, mövzunun mahiyyətinə varmadan “hazır məhsul” əldə olunur. Bu isə gələcəkdə bilikdən çox texnologiyaya arxalanan, amma öz fikrini formalaşdıra bilməyən kadrların yaranmasına səbəb ola bilər.
İş mühitində də oxşar mənzərə yaranır. Bəzi insanlar verilən tapşırıqları öz bacarıqları ilə yerinə yetirmək əvəzinə, məsuliyyəti süni intellektin üzərinə atırlar. Nəticədə insanın peşə inkişafı dayanır, yaradıcılıq və qərarvermə qabiliyyəti zəifləyir. Uzun müddətdə bu, insanı texnologiyadan asılı vəziyyətə salır.
Digər tərəfdən, unudulmamalıdır ki, süni intellekt həmişə doğru məlumat vermir. O da səhv edə bilər, yanlış və ya natamam informasiya təqdim edə bilər. Əgər istifadəçi düşünmürsə, yoxlamırsa, tənqidi yanaşmırsa, bu səhvlər asanlıqla həqiqət kimi qəbul olunur. Bu isə xüsusilə uşaqlar və gənclər üçün ciddi təhlükə yaradır.
Burada problem süni intellektin özü deyil. Problem ondan düzgün istifadə edilməməsidir. Süni intellekt köməkçi vasitə olmalıdır, insanın yerinə düşünən mexanizm yox. O, insan beynini inkişaf etdirməli, onu əvəz etməməlidir.
Unutmamaq lazımdır ki, süni intellekt dayanə bilər, sistemlər çökə bilər, proqramlar bloklana bilər. Amma insan düşüncəsi dayanarsa, onu heç bir texnologiya bərpa edə bilməz. Məhz buna görə də bu gün süni intellekti idarə etməyi öyrənməliyik, ona təslim olmağı yox.
Çünki gələcək süni intellektin deyil, düşünə bilən insanların olmalıdır.
Bu mövzu ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib.
Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, süni intellekt bir çox hallarda beynin tənbəlləşməsinə gətirib çıxarır:

"Tutaq ki, hansısa bir mövzu üçün, hər hansl problemi həll etmək üçün araşdırma aparanda daha çox elmi ədəbiyyatlara müraciət olunurdu, qeydlər aparılırdı, insanlar bu sahədə olan kitabları oxuyurdular və sanki beyində bir zəncir qurulurdu. Süni intellekt isə bizə yalnız son nəticəni- hazır cavabı verir. Beləliklə, beyin məlumat emal etməyi unudur. Bir müddət sonra insan öz düşüncələrini ardıcıllıqla ifadə etməkdə və mürəkkəb problemləri həll etməkdə çətinlik çəkir.
Digər təsir isə araşdırma həvəsinin itirilməsidir. Təhsilin məqsədi uşağa cavabı tapmağı deyil, sual verməyi, axtarmağı və öyrənməyi öyrətməkdir. Şagird sanki bir düyməyə basaraq mükəmməl bir esse və yaxud həll əldə edəndə, onda “mən bunu onsuz da edə bilərəm” kimi yalançı bir özünəinam yaranır".
Ekspertin fikrincə, bu vəziyyət təkcə uşaqlara aid deyil, həm də böyüklərə aiddir:
"Burada nə baş verir? Əslində, insan heç bir şey öyrənməmiş kimi hazır cavaba yönəlir və araşdırma vərdişinin olmaması, əslində, yalanla doğrunu ayırt edə bilmək qabiliyyətini sıradan çıxarır.
Digər bir yanaşma isə yaradıcılığın mexanikiləşdirilməsi ilə bağlıdır. Yazı yazmaq, hansısa bir əsəri oxumaq insanın daxili dünyasını zənginləşdirir. Süni intellekt isə hissləri, emosiyaları, düşüncələri olmayan bir mexanizmdir, əslində, maşındır, konveyerdir, robotdur. O, qısa bir müddətdə minlərlə, bəlkə də milyonlarla mətnin statistikasını çıxarır və bizə doğru görünən cümlələri verir və bir çox hallarda bunlar həqiqət olmaya bilər. Nə qədər həmin mövzuya aid hazır mətnlər varsa, o, onların üzərindən yekun nəticəni təqdim edir. Tutaq ki, o mətnlərdə yanlış informasiyalar varsa, süni intellektin bizə verdiyi cavab doğru ola bilməz, təbii ki, orada da yanlışlıq olacaq. Problem ondan ibarətdir ki, şagird süni intellektin köməyi ilə yazanda o mətnlərdə uşağın ruhu, düşüncələri, hissləri, səmimiyyəti, onun sərbəst ifadə imkanları olmur. Bu nəticədə robotlaşmış insanlar hazırlamağa, robot insan formalaşdırmağa gətirib çıxarır. İnsan oxuduqca və yazdıqca özünü kəşf edir.
Hazır cavablar isə bütün bu istiqamətdə olan inkişafı dayandırır və bloklayır. Bir uşaq yeriməyə başlayanda onu "xudunok" a - yürütəcə qoyurlar. O uşağın yeriməsində kömək edən bir alətdir, uşaq başlayır onunla yeriməyi öyrənməyə. Amma bir müddətdən sonra uşaq ayaq üstə durursa, uşaq yardımla yerimə vərdişləri formalaşdırırsa, onu həmin uşaqlara yeriməyə başlayan alətdən çıxarmaq lazımdır ki, uşaq özü ayaq üstə dura bilsin, özü möhkəmlənə bilsin, əzələləri möhkəmlənə bilsin".
İ.Orucov süni intellektin müsbət tərəflərini də qeyd edib:
"Hazırda biz bir elmi kitabın təcrübəsi üzərində işləyirik. Biz süni intellektə güvəniriksə, güvənirik və bu, “Rəqəmsallaşmış alqoritmlərə giriş” adlı, dünyada tanınmış bir mütəxəssis Helqa Nonatnının kitabıdır. Həqiqətən də o kitabda kifayət qədər müsbət tərəflər vurğulanır, eyni zamanda həyəcan doğurur. Məsələn, hansısa bir inşa yazanda uşağın öz hisslərinin, duyğularının kağıza köçürülməsi kimi bu prosesdən onu məhrum edirik və bunun gerçəkdən də mənfi təsirləri kifayət qədər böyükdür. Biz uşağa artıq öyrənməyi öyrədə bilmirik. Uşağın hazıra meyli kifayət qədər böyük problemdir. Son illərdə, hətta Azərbaycan məktəblərində də bu tendensiya kifayət qədər geniş yayılıb. Bu da ondan irəli gəlir ki, məktəblərimizdə qiymətləndirmə düzgün aparılmır. Çünki biz nəyi qiymətləndiririk? Uşağa tapşırıq vermişik, uşaq gedib onu hazır gətirib verib. Təcrübəli müəllim hiss etməlidir: bu uşağın düşüncəsidir, yoxsa hazır bir mətndir? Uşağı dinləməlidir, dindirməlidir. Bu fikirlər uşağındır, yoxsa hazır süni intellekt məhsuludur- bunu müəllim bilməli və buna uyğun qiymətləndirməlidir.
Məsələn, bir inşa vermişik, uşaq beş cümlə öz düşüncəsindən yazıb və müəyyən araşdırmalar edib. Ola bilsin ki, uğursuzdur, amma bu, uşağın öz zəhmətidir. Bir də var uşaq gedib süni intellekt vasitəsilə hazır mətni götürüb gətirir. Hazır cavab nə qədər mükəmməl olsa da, müəllim qiymətləndirməni düzgün aparmalıdır və öz zəhməti hesabına yazılmış, təqdim edilmiş mətn nə qədər uğursuz olsa belə, müəllim onu daha düzgün dəyərləndirməlidir. Qiymətləndirməni robot yetişdirirmiş kimi uşağa tətbiq etmək yanlışdır.
Bu yanaşmanı aradan qaldırmalıyıq. Burada müəllimin kifayət qədər böyük peşəkarlığı tələb olunur. Təbii ki, bu alətlərdən qaçmaq mümkün olmayacaq, bu alətlər həyatımıza daxil olacaq. Bunlar artıq rəqəmsal texnologiyalardır.
Yaxşı olar ki, biz bunu doğru-düzgün qiymətləndirək, düzgün istifadə etməyi uşaqlarımıza öyrədək və öz hissləri olan, öz düşüncələri olan, öz tədqiqat qabiliyyəti olan, öyrənməyə meyilli uşaqlar yetişdirək. Yoxsa ki, hazıra qaçan, hazır mətni köçürüb müəllimə təqdim edən və yaxşı qiymət alan uşaqlar yox".
Süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev qeyd edib ki, insanların qərarverməni süni intellektə həvalə etməsi əsasən məsuliyyətin yayılması, tənqidi düşünmənin zəifləməsi riski yaradır:

"Alqoritmlər keçmiş dataya əsaslandığı üçün səhv və qərəzli qərarlar daha geniş miqyasda təkrarlana bilər. Ən böyük təhlükə isə insanın qərar verən subyektdən sadəcə icraçıya çevrilməsidir. Təlim keçdiyim iştirakçılardan hiss etdiyim odur ki, insanlar işləri süni intellektə ötürməyə meyillidir. Süni intellekti köməkçi yox tam icraçı kimi istifadə etməyə çalışırlar. Bu kimi yanaşma beyin tənbəlliyinə yol aça bilər. “Düşünən insan” anlayışı dəyişəcək, amma yox olmayacaq. Gələcəkdə düşünən insan çox məlumat bilən yox, düzgün sual verən, nəticəni şərh edən, etik çərçivəni qoruyan şəxs olacaq. Süni intellekt ilə birlikdə öz intellektimizi də inkişaf etdirməliyik. Əksi təqdirdə intellektual insan anlayışı tarixə qovuşacaq. Süni intellekt öz sahəsini yaxşı bilən biri üçün gözəl köməkçidir. Sahəsini yaxşı bilməyən biri üçün isə imtahanda parta yoldaşından cavabı köçürmüş kimi bir effekt yaradır".
Fatimə Məmmədova
14:26 04.02.2026
Oxunuş sayı: 691