Əbu-Dabi səfəri: sakit diplomatiyanın önəmli mesajı
Bəzən tarixdə elə səfərlər
olur ki, onların əhəmiyyəti səsləndirilən bəyanatlarda deyil, zamanlamasında, məkanında
və kontekstində gizlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın
əvvəllərində Əbu-Dabiyə etdiyi səfər də məhz bu qəbildəndir. Bu, regionda gərginliyin
artdığı, İran ətrafında hərbi ssenarilərin açıq şəkildə müzakirə olunduğu,
ABŞ-nin faktiki olaraq “zərbə hazırlığı” ritorikasına keçdiyi bir mərhələdə baş
verdi. Və məhz buna görə də bu səfər sadəcə diplomatik hadisə deyil, strateji
mesajdır.
Əbu-Dabidə keçirilən
“Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimləri ilk baxışda
klassik antiterror təlimi təsiri bağışlaya bilər. Amma diqqətlə baxdıqda,
burada nümayiş etdirilən ssenarilər – yaşayış məntəqələrində iğtişaşların
yatırılması, sabotajın qarşısının alınması, girovların azad edilməsi, dənizdə nəzarətin
bərpası – təsadüfi seçilməyib. Bu, XXI əsrin asimmetrik müharibə
reallıqlarıdır. Dövlətlər artıq bir-birinə tankla hücum etmir, daxildən
destabilizasiya edir, terror, sabotaj, enerji və nəqliyyat xətlərinin hədəfə
alınması üzərindən mübarizə aparır. Azərbaycan bu təlimlə açıq şəkildə göstərir
ki, o, regionda baş verə biləcək xaotik ssenarilərə hazırdır.
Region niyə yenidən
qızışır?
Bu sual bu gün təkcə
Yaxın Şərqi yox, Cənubi Qafqazı, Orta Asiyanı və bütövlükdə Avrasiya təhlükəsizlik
sistemini düşündürən əsas sualdır. Və bu sualın mərkəzində, istəsək də-istəməsək
də, bir dövlət dayanır: İran.
İran artıq klassik mənada
sabit dövlət deyil, amma hələ də dağılmış dövlət də deyil. Bu aralıq vəziyyət
isə tarix boyu ən təhlükəli mərhələ olub. Çünki belə dövlətlər ya kəskin və
idarəolunan transformasiyaya gedir, ya da idarəolunmayan şəkildə partlayaraq ətraf
regionları da öz içinə çəkir. İran bu gün məhz bu kritik xəttin üzərində
dayanıb.
Daxildə sosial
narazılıqlar, iqtisadi çökmə, ideoloji legitimliyin aşınması, elita daxilində
parçalanma; xaricdə isə sanksiyalar, hərbi təzyiq, regional münaqişələrdə aktiv
iştirak – bütün bunlar İranı uzunmüddətli gərginlik rejiminə salıb.
ABŞ-ın son aylarda İrana qarşı ritorikanı açıq şəkildə sərtləşdirməsi, “qırmızı
xətlər” dilindən “əməliyyat ehtimalı” dilinə keçməsi artıq sadəcə diplomatik təzyiq
deyil, psixoloji-hərbi hazırlıq mərhələsidir.
Bu proses paralel
olaraq Körfəz ölkələrinin davranışlarında da özünü göstərir. BƏƏ, Səudiyyə Ərəbistanı
və digər regional oyunçular təhlükəsizlik arxitekturalarını yenidən qurur, hərbi
uyğunluğu artırır, qeyri-klassik təhlükələrə – sabotaj, iğtişaş, terror, enerji
infrastrukturlarına hücum ssenarilərinə hazırlaşırlar. İsrail isə artıq pərdəarxası
oyunçu yox, açıq və sərt mövqe tutan aktora çevrilib. Yəni region status-kvo
mərhələsini geridə qoyub.
Bu şəraitdə əsas
sual budur: İranla bağlı mümkün ssenarilər reallaşarsa – istər hərbi zərbə, istər
daxili destabilizasiya, istərsə də elita daxili qarşıdurma – bu proseslərin
dalğası hara qədər yayılacaq?
Məhz bu nöqtədə Azərbaycan
kimi dövlətlər üçün məsələ abstrakt geopolitika yox, birbaşa milli təhlükəsizlik
məsələsinə çevrilir. Çünki İran ətrafında baş verəcək hər hansı ciddi silkələnmə
klassik dövlətlərarası müharibə formasında olmayacaq. Bu, daha çox sərhədlərdən
sızma, qeyri-nəzarətli silahlı qruplar, ideoloji radikallaşma, nəqliyyat və
enerji xətlərinə təhdid, daxili sabitliyi hədəfləyən asimmetrik təsirlər
formasında özünü göstərəcək.
Belə bir vəziyyətdə əsas
sual artıq “müharibə olacaqmı?” deyil. Əsas sual budur: gərginlik
partlayarsa, biz hansı mövqedə olacağıq – hazırlıqsız müşahidəçi, yoxsa öncədən
mövqeyini müəyyənləşdirmiş aktor?
Əbu-Dabi səfəri, məhz
bu suala verilmiş cavabdır.
Bu səfər göstərir
ki, Bakı regiondakı prosesləri kənardan seyr etmir. Azərbaycan başa düşür ki,
İran mərkəzli proseslər təkcə İranın problemi deyil; bu, bütöv regionun təhlükəsizlik
balansını dəyişdirən faktordur. Ona görə də Azərbaycan bu mərhələdə açıq
eskalasiya ritorikasına qoşulmur, amma eyni zamanda sakit şəkildə təhlükəsizlik
mövqelərini möhkəmləndirir.
Əbu-Dabidə keçirilən
birgə hərbi təlimlər, məhz İran ssenarilərinin mümkün nəticələrinə hazırlıqdır:
iğtişaşlar, terror təhlükəsi, dəniz və logistika xətlərinə nəzarət, daxili
sabitliyə yönələn qeyri-klassik təhdidlər. Bu, bir dövlətin müharibə istədiyini
yox, xaos istəmədiyini göstərir.
Yəni Əbu-Dabi səfəri müharibəyə çağırış deyil, müharibənin regiona daşınmasının qarşısını almaq üçün atılmış strateji addımdır. Bu, Azərbaycanın regional gərginlik fonunda seçdiyi mövqedir: nə avantürizm, nə də passivlik – önləyici təhlükəsizlik və balanslı güc siyasəti.

ABŞ İrana zərbə
endirsə, Azərbaycan üçün real risklər nədir?
Bu sual ilk baxışda
uzaq görünə bilər. Amma geopolitikada məsafə anlayışı artıq xəritə ilə
ölçülmür. İranla bağlı hərbi və ya yarı-hərbi ssenari reallaşarsa, onun təsiri
birbaşa sərhəddən keçməyə də bilər – təsir dalğa formasında yayılacaq.
Birinci risk təhlükəsizlik
riskidir. İran daxilində mərkəzi hakimiyyət zəifləyərsə, bu boşluğu klassik
ordu yox, qeyri-dövlət aktorları dolduracaq: silahlı qruplar, ideoloji şəbəkələr,
radikal dini-siyasi strukturlar. Bu cür aktorlar üçün sərhəd anlayışı formal
xarakter daşıyır. Onların əsas hədəfi dövlətlərarası müharibə yox, daxili
sabitliyi sarsıtmaqdır. Azərbaycan kimi sabitlik üzərində inkişaf modelini
quran dövlətlər üçün bu, ən həssas təhlükədir.
İkinci risk nəqliyyat
və enerji xətləri ilə bağlıdır. İran mərkəzli eskalasiya təkcə İran ərazisini
yox, Xəzər hövzəsini, Körfəz–Qara dəniz əlaqəsini, Orta Dəhlizi də təsir altına
sala bilər. Azərbaycanın regional rolu artıq yalnız istehsalçı yox, tranzit
və təhlükəsizlik təminatçısı roludur. Bu rolun zəifləməsi üçün bir neçə
lokal destabilizasiya kifayətdir.
Üçüncü risk ideoloji
təsirdir. İranın zəifləməsi o demək deyil ki, onun ideoloji təsir mexanizmləri
dərhal yox olacaq. Əksinə, mərkəz zəiflədikcə periferiyada daha aqressiv
ideoloji davranışlar ortaya çıxa bilər. Bu isə informasiya mühiti, dini diskurs
və sosial şəbəkələr üzərindən aparılan səssiz mübarizə deməkdir.
Bütün bunlar göstərir
ki, Azərbaycan üçün İran ssenarisi “kənar münaqişə” deyil. Bu, dolayı, amma
real təhlükələr paketidir. Məhz buna görə Bakı bu mərhələdə emosional bəyanatlar
yox, praktik hazırlıq yolunu seçir.
İran zəifləyərsə,
Cənubi Qafqazda hansı yeni xəritə yarana bilər?
İran uzun illər
regionda paradoksal rol oynayıb: bir tərəfdən destabilizasiya mənbəyi, digər tərəfdən
isə status-kvonun “dondurucu elementi” olub. Yəni İran zəif idi, amma hələ
ayaqda idi. İndi isə sual fərqlidir: İran əvvəlki kimi bu rolu oynaya biləcəkmi?
Əgər İran daxildən
ciddi şəkildə parçalanarsa və ya mərkəzi hakimiyyət regional proseslərə nəzarəti
itirərsə, Cənubi Qafqazda üç proses paralel gedə bilər.
Birincisi, regional
güclər daha açıq mövqe tutmağa başlayacaq. Türkiyənin rolunun artması, Körfəz
ölkələrinin iqtisadi və təhlükəsizlik baxımından daha fəal olması, Rusiya və Qərbin
regiona yanaşmasında korrektələr qaçılmazdır. Bu, boşluq dövrüdür və
boşluqlar həmişə rəqabət doğurur.
İkincisi, Ermənistanın
davranışı dəyişə bilər. İran faktoru zəiflədikcə Ermənistanın manevr imkanları
daralır və bu ölkə daha açıq şəkildə Qərb–Rusiya oxları arasında seçimə məcbur
qalır. Bu isə Cənubi Qafqazdakı balansları yenidən qurur.
Üçüncüsü, Azərbaycan
üçün həm risk, həm də fürsət pəncərəsi açılır. Risk ondan ibarətdir ki,
qeyri-sabitlik yayılır. Fürsət isə ondan ibarətdir ki, sabit və
proqnozlaşdırılan aktor kimi Azərbaycanın dəyəri yüksəlir. Məhz bu nöqtədə
Bakı yalnız hərbi yox, diplomatik və iqtisadi gücünü də düzgün balanslamalıdır.
BƏƏ ilə əməkdaşlıq
niyə məhz indi dərinləşir?
Əbu-Dabi təsadüfi
seçim deyil. BƏƏ bu gün regionda emosional yox, hesablanmış təhlükəsizlik
siyasəti aparan nadir aktorlardandır. Onlar yaxşı anlayırlar ki, qarşıdakı
mərhələnin əsas təhlükəsi klassik müharibə yox, qeyri-klassik
destabilizasiyadır.
Birləşmiş Ərəb
Əmirlikləri bu gün sadəcə varlı neft dövləti deyil. O, Yaxın Şərqin ən
praqmatik, ən çevik və ən balanslı oyunçularından biridir. ABŞ-la strateji əlaqələri
var, İsraillə açıq əməkdaşlıq edir, İranla isə münasibətləri qapıları tam
bağlamadan saxlayır. Yəni BƏƏ bölgədə geosiyasi körpü dövlətdir.
Azərbaycanın BƏƏ ilə
hərbi, enerji və siyasi əməkdaşlığı dərinləşdirməsi bir şeyi göstərir: Bakı
regional təhlükəsizlik məsələlərində tək mərkəzə bağlı qalmaq istəmir. Bu,
çoxvektorlu siyasətin yeni mərhələsidir. Əgər dünən bu siyasət daha çox enerji
və diplomatiya üzərindən qurulurdusa, bu gün təhlükəsizlik və hərbi uyğunluq üzərindən
də qurulur.
Azərbaycanla BƏƏ
arasında keçirilən birgə təlimlərin ssenarilərinə diqqət yetirəndə bu açıq
görünür: terrorçu qruplar, sabotaj, yaşayış məntəqələrində iğtişaşlar, dəniz
mühitində nəzarət, girovların azad edilməsi. Bunlar dövlətlərarası müharibə
yox, post-münaqişə xaos ssenariləridir.
Yəni Bakı və
Əbu-Dabi eyni şeyi anlayır: əsas təhlükə tankların toqquşması yox, sabitliyin
içəridən sarsıdılmasıdır. Bu baxımdan əməkdaşlıq təkcə hərbi deyil, təhlükəsizlik
fəlsəfəsinin uyğunluğudur.
Əbu-Dabi mesajı
kimədir?
Bu səfərin əsas
mesajı nə ABŞ-a meydan oxumaqdır, nə də İrana qarşı açıq cəbhə almaq. Mesaj
daha incədir və daha güclüdür:
Azərbaycan deyir ki,
regionda baş verənləri anlayır, ssenariləri oxuyur və qabaqlayıcı mövqe
tutur.
Bu, kiçik dövlət
refleksi deyil, orta güc davranışıdır. Yəni Bakı nə emosional reaksiya verir, nə
də hadisələrin arxasınca sürünür. Əksinə, gərginlik başlamadan əvvəl öz təhlükəsizlik
çevrəsini möhkəmləndirir.
Əbu-Dabi səfəri göstərir
ki, Azərbaycan üçün əsas prioritet müharibə yox, müharibənin regiona
daşınmasının qarşısını almaqdır. Bu isə yalnız güclü ordu ilə yox, doğru tərəfdaşlar
və düzgün zamanlama ilə mümkündür.
Səfər çərçivəsində “Cənub Qaz Dəhlizi” ilə bağlı imzalanan sənəd təsadüfi deyil. Təhlükəsizlik olmadan enerji yoxdur, enerji olmadan isə strateji müstəqillik mümkün deyil. BƏƏ-nin Azərbaycan enerji sektoruna daxil olması o deməkdir ki, Bakı artıq qlobal enerji kapitalını öz təhlükəsizlik konsepsiyasına bağlayır. Bu, çox incə, amma son dərəcə güclü gedişdir.

Prezident İlham
Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatı ilə təltif olunması və Əbu-Dabidə
dini-humanitar liderlərlə keçirdiyi görüşlər, bu səfərin yalnız hərbi və ya
enerji gündəmi ilə izah edilə bilməyəcəyini açıq şəkildə göstərir. Burada daha
dərin, daha səssiz, amma uzunmüddətli təsir gücünə malik bir xətt var: mədəni-sivilizasion
legitimlik quruculuğu.
Müasir geosiyasətdə
güc artıq təkcə silahın sayı və enerji resurslarının həcmi ilə ölçülmür.
Xüsusilə Yaxın Şərq–Qafqaz–Mərkəzi Asiya xəttində yeni mərhələnin əsas mübarizəsi
kim haqlıdır, kim legitimdir, kim sülhü təmsil edir sualı üzərindən
gedir. Radikalizm məhz bu boşluqlardan qidalanır: mənəvi legitimliyin aşındığı,
dini və mədəni diskursun radikalların inhisarına buraxıldığı məkanlarda.
Azərbaycan bu riski
erkən oxuyan dövlətlərdəndir. Bakı anlayır ki, İran ətrafında mümkün ssenarilər
təkcə hərbi-siyasi parçalanma yaratmaya bilər; bu proses eyni zamanda ideoloji
vakuum yarada bilər. Teokratik modelin zəifləməsi avtomatik olaraq sekulyar
sabitlik demək deyil. Əksinə, boşluq radikal qruplar, siyasi-dini avantüristlər
və qeyri-dövlət aktorları tərəfindən doldurula bilər.
Əslində Bakı burada
çox incə bir mesaj verir: Radikalizmə qarşı cavab yalnız təhlükəsizlik əməliyyatları
deyil; alternativ mənəvi nümunədir.
Bu, klassik “yumşaq
güc” anlayışından daha dərin bir mərhələdir. Bu, sivilizasion təhlükəsizlikdir.
Yəni gələcək böhranların qarşısını tanklarla yox, legitim dəyərlərlə almaq cəhdi.
Regionda gərginliyin
artdığı, İran mərkəzli ideoloji təsirlərin dalğalandığı bir vaxtda Azərbaycanın
bu xətti gücləndirməsi təsadüfi deyil. Bakı başa düşür ki, sabah sərhədləri
qorumaq üçün təkcə ordu yox, daxili ideoloji immunitet də lazımdır.
Radikalizm silahla yox, mənəvi alternativlə zəiflədilir.
Zayed İnsan
Qardaşlığı Mükafatı məhz bu kontekstdə oxunmalıdır. Bu mükafat Azərbaycanın
regional güc iddiasını yox, regional sabitlik missiyasını legitimləşdirir.
Bu, Bakı üçün təkcə nüfuz deyil, təhlükəsizlik investisiyasıdır. Beləliklə,
Əbu-Dabi səfərinin humanitar ölçüsü hərbi təlimlərin kölgəsində qalmamalıdır.
Əksinə, bu iki xətt bir-birini tamamlayır: – sərt güc xaosu önləmək üçündür,
yumşaq güc isə xaosun ideoloji mənbəyini qurudur. Azərbaycan bu mərhələdə hər
ikisini eyni anda işlədən nadir regional aktorlardan biridir. Bu isə onu sadəcə
iştirakçı yox, prosesləri oxuyan və yönləndirən dövlət mövqeyinə
yaxınlaşdırır.
Əslində bu
humanitar-sivilizasion xəttin əsl dəyəri İran sonrası ehtimallar fonunda
daha aydın görünür. Çünki regionu silkələyən əsas risk təkcə dövlətlərin zəifləməsi
deyil, mənəvi və ideoloji mərkəzin çökməsidir.
İran indiyə qədər
özünü yalnız siyasi yox, eyni zamanda dini-mənəvi mərkəz kimi təqdim edirdi.
Teokratik sistemin legitimliyi zəiflədikcə bu iddia da dağılır. Amma bu dağılma
avtomatik olaraq sükunət yaratmır. Əksinə, sual ortaya çıxır: “Bu boşluğu
kim dolduracaq?”
Tarix göstərir ki,
belə məqamlarda boşluqları ya radikal dini şəbəkələr, ya da zorakı ideoloji
qruplar doldurur. Əfqanıstan, İraq, Suriya nümunələri bunu açıq sübut edir.
Dövlət çökürsə, amma yerinə sağlam ideoloji çərçivə qurulmazsa, region uzun illər
nəzarətsiz radikallaşma mərhələsinə girir.
Azərbaycan məhz bu təhlükəni
öncədən oxuyur.
Bakı başa düşür ki,
İran zəifləyərsə və ya post-teokratik mərhələyə keçərsə, regionda “kim İslam
adından danışacaq?” sualı ortaya çıxacaq. Və bu sualın cavabı radikalların əlində
qalarsa, bu, təkcə İran üçün yox, bütün qonşular üçün təhlükədir.
Bu nöqtədə Azərbaycanın oynadığı
rol çox incədir. Bakı özünü alternativ dini lider kimi təqdim etmir.
Amma o, göstərir ki, İslam dünyasında radikal olmayan, dövləti dağıtmayan,
zorakılığı legitimləşdirməyən bir model mümkündür. Bu modelin əsas xüsusiyyəti
ideoloji təzyiq yox, yaşanmış təcrübədir.
Zayed İnsan
Qardaşlığı Mükafatı bu baxımdan sadəcə bir mükafat deyil. Bu, Azərbaycanın mötədil
sivilizasion mövqeyinin beynəlxalq təsdiqidir. Bu təsdiq gələcək böhran
ssenarilərində çox mühüm rol oynaya bilər. Çünki böhran zamanı təkcə silaha
yox, sözün legitimliyinə də ehtiyac olur.
Radikalizm həmişə
özünü “ədalət”, “müqavimət”, “dini borc” dili ilə təqdim edir. Ona qarşı
mübarizə yalnız polis və ordu ilə aparıla bilməz. Ona qarşı mübarizə alternativ
mənəvi dil tələb edir. Azərbaycan bu dili qurur.
Beləliklə, Əbu-Dabi səfərinin humanitar ölçüsü əslində gələcək böhranlara qarşı səssiz sığortadır. Bu, bugünkü gündəlik xəbərlərin içində itə bilər, amma sabah region silkələnəndə məhz bu cür sivilizasion mövqelər dövlətlərin ayaqda qalmasına kömək edir. Azərbaycan bu mərhələdə təkcə öz sərhədlərini yox, öz mənəvi mövqeyini də möhkəmləndirir. Bu isə onu regionda sadəcə güclü yox, etibarlı aktora çevirir.
15:50 04.02.2026
Oxunuş sayı: 1103