Afrika

Fransanın Afrikadakı hegemoniyasının sonu: Seneqal və bütün qitə üzərindəki təsiri azalır

Fransa uzun illər boyu Afrika qitəsində güclü təsir dairəsinə sahib olub, öz müstəmləkəçi siyasətini burada geniş şəkildə həyata keçirib. Lakin son illərdə Afrikadakı vəziyyət dəyişməkdədir. Bir çox Afrika ölkəsi, o cümlədən Seneqal, Fransanın hərbi bazalarının və oradakı hərbi kontingentlərin ölkələrinin suverenliyinə zidd olduğunu bildirərək, onların ölkələrindən çıxarılmasını tələb edirlər. Seneqal Prezidenti Bassiru Diomay Fay da bu tələbi açıq şəkildə irəli sürüb, Fransanın Seneqalda yerləşən hərbi bazasının bağlanmasını və bütün Fransız hərbçilərinin ölkədən çıxarılmasını vurğulayıb. Bu, təkcə Seneqalın deyil, bütün Afrika qitəsinin müstəqillik və suverenlik mövqeyini təmsil edir.

Afrikada Fransanın gücünün azalması, həm də digər böyük dövlətlərin – Çin, Rusiya və ABŞ-ın bu regionda artan təsirini görməkdədir. Fransa, bu vəziyyətdə öz diqqətini başqa regionlara yönəltmək məcburiyyətində qalır. Bununla yanaşı, Fransanın Afrikada keçmişdə həyata keçirdiyi müstəmləkəçi siyasət və ərazilərdəki uzunmüddətli hərbi mövcudluğu, Afrikalı xalqların müstəqillik mübarizəsinin əsas səbəblərindən biridir.

Mövzu ilə bağlı politoloq Sultan Zahidov Crossmedia.az-a açıqlamasında Seneqal prezidentinin sözlərinə diqqət çəkib:

"Seneqal prezidenti Bassiru Diomay Fay qeyd edib ki, Seneqaldakı Fransa hərbi bazası qapadılmalı və Fransa bütün Seneqalda yerləşən ordusunu ölkədən çıxartmalıdır. Çünki Fransanın bu ölkədə hərbi bazasının yerləşməsi ölkənin suverenliyinə ziddir. B.D.Fayın dediklərində həqiqət var. Çünki bir ölkənin ərazisində başqa bir dövlətin hərbi bazası yerləşirsə, bu, ölkə suverenliyinə xələl gətirir. Sözsüz ki, burada istisnalar var. İki ölkə arasında hansısa üçüncü dövlətdən gələn təhdidə qarşı saziş imzalana bilər və bu saziş çərçivəsində bir dövlət digərində öz hərbi bazasını yerləşdirə bilər. Amma Seneqalda biz bu halın baş vermədiyini çox gözəl bilirik. Orada Fransa bazası 1960-cı ildən etibarən mövcuddur. Seneqal əvvəl Fransanın müstəmləkəsi idi. Sonra 1960-da Seneqal müstəqil olandan sonra Fransanın orada bazaları qaldı. Uzun illərdən bəri rəsmi Parisin orada hərbi kontingenti var. Hazırda Fransanın ölkədə təxminən 350 hərbiçisi var". 

Politoloq iki ölkə arasındakı münasibətlərin inkişafı üçün o dövlətin həmin ölkədə hərbi bazasının olmasına ehtiyacın olmadığını bildirib: 

"Seneqal başçısı Çin misalını çəkib. Bu həm də siyasi mesajdır. Çin hazırda Afrikada öz yumuşaq gücü vasitəsilə təsir dairəsini artırmaqdadır. Həm Rusiya, həm Fransa, həm də ABŞ bu regionda Çinə məğlub olurlar. 
Baş verənlər Fransanın bir daha Afrikadakı təsir dairəsinin xeyli zəiflədiyinə işarədir. Ötən müddətdə Fransa öz ordusunu Malidən, Burkina Fasodan və ötən ildə Nigerdən çıxartı. Hər üç dövlətin rəhbərliyi bunu Fransadan tələb etdi. İndi də böyük ehtimalla Seneqal da eyni addımı atmalı olacaq.  

Bu bir daha Fransanın artıq Afrikanın Sahel regionunda əvvəlki təsir dairəsinə malik olmadığını, get-gedə öz gücünü itirdiyini göstərir. Məhz bu səbəbdən Fransa hazırda diqqətli şəkildə başqa regionlara yönəlir. Orta Asiyaya, Qafqaza, Uzaq Şərqə yönəlir ki, həmin regionda da Fransanın əslində planları heç də bəşəri məqamlara xidmət etmir.

Afrikadan Fransanın çıxarılmasının əsas səbəblərindən biri də Fransanın uzun illər ərzində bu kontinenti istismar etməsi, xalqlarını qətl etməsi, sadəcə həmin dövlətlərin resurslarına görə o dövlətlərdən istifadə etməsi və sözün əsil mənasında müstəmləkəçi, imperialist siyasət yürütməsi olub. Seneqalın rəhbərinin qeyd etdiyi kimi, hələ 1944-cü ildə 2-ci Dünya müharibəsi dövründə Fransız əsgərləri Seneqal hərbiçilərinə qarşı qətliam törətmiş, onlarla senqallını həlak etmişdilər. İndi də həmin hadisənin 80 illiyi yaxınlaşır. Belə bir ərəfədə Seneqal prezidentinin Fransa qoşunlarından ölkəni tərk etməsini tələb etməsi təsadüfi deyil". 

Ekspert sonda bir daha baş verənlərin Seneqal dövlətinin, xalqının öz ölkələrində müstəmləkəçi bir dövlətin izlərinin olmasını istəmədiklərini və ümumiyyətlə bütün Afrikanın Fransaya qarşı mübarizə bayrağı qaldırdıqlarının nümunəsi olduğunu vurğulayıb.

Banuçiçək Kalbalıyeva

11:38 03.12.2024

Oxunuş sayı: 7762

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR