Afrikada Azərbaycan izi: Bakıdan Şərqi Afrikaya strateji baxış - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud arasında Bakıda mühüm görüş keçirilib. Bu, iki ölkə arasında ikitərəfli münasibətlərin tarixində ilk belə yüksək səviyyəli təmasdır və əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Görüş çərçivəsində siyasi, iqtisadi, hərbi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə dair mühüm sənədlər imzalanıb.
Prezident İlham Əliyev görüş zamanı bildirib ki, “bu səfər ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq”. Səfər çərçivəsində dövlət xidmətlərinin göstərilməsi, yaşıl enerji, təhsil və müdafiə sahələrində əməkdaşlığa dair anlaşma memorandumları və sazişlər imzalanıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan deputat Tural Gəncəliyev bu səfərin geosiyasi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “Azərbaycan və Somali arasında əməkdaşlıq əlaqələrinin qurulması və bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır”.
Deputat bildirib ki, Somali Şərqi Afrikada, Afrika buynuzu (Horn of Africa) adlanan strateji bölgədə yerləşir və Hind okeanı, Ədən körfəzi, Bab-əl-Məndəb boğazı vasitəsilə Qırmızı dəniz və Aralıq dənizinə çıxışı var. Bu isə Somalinin beynəlxalq ticarət yollarında mühüm mövqeyə sahib olduğunu göstərir.
Onun sözlərinə görə, Azərbaycan və Somali arasındakı münasibətlər hər iki ölkənin geosiyasi mövqeyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir: “Azərbaycan bu gün Orta Dəhliz – Çindən Avropaya uzanan Şərq-Qərb dəhlizi, Şimal-Buzlu okeanı, Hind okeanı və Şimal-Cənub marşrutu üzərində yerləşərək beynəlxalq nəqliyyat və ticarət yollarında əsas oyunçulardan birinə çevrilib. Eyni zamanda, Somali də beynəlxalq ticarət arteriyalarının kəsişməsində mühüm mövqeyə malikdir”.
Deputat Azərbaycanın hərbi sahədə qazandığı uğurların da bu əməkdaşlıq çərçivəsində önəmli ola biləcəyini vurğulayıb: “44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın hərbi sahədə qazandığı təcrübə və texnologiyalar Somali Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün əhəmiyyətli ola bilər”.
Bununla yanaşı, Tural Gəncəliyev qeyd edib ki, Somalidə “Somaliland” adlandırılan separatçı bölgə uzun illərdir ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradıb: “Azərbaycan separatizmə qarşı uğurla mübarizə apararaq ərazi bütövlüyünü təmin edib. Bu təcrübə Somali üçün də önəmli ola bilər.”
O, həmçinin Türkiyə-Somali münasibətlərinə toxunaraq qeyd edib ki, “Somali qardaş Türkiyə ilə də sıx əlaqələrə malikdir. Türkiyə Somalidə hərbi bazalara sahibdir, ölkəyə yüksək texnologiyalı silahlar təqdim edir və Somali ordusunu modernləşdirir. Azərbaycanın da bu prosesdə müstəqil tərəfdaş kimi çıxış etməsi və Türkiyə-Somali-Azərbaycan üçtərəfli əməkdaşlığının formalaşması mümkündür.”
Sonda deputat vurğulayıb ki, “Somali Prezidentinin Azərbaycana səfəri onu göstərir ki, Azərbaycan Şərqi Afrika, xüsusilə Afrika buynuzu regionunda geosiyasi nüfuzunu artırmağa çalışır. Eyni zamanda, Somali üçün də Azərbaycanın güclü tərəfdaş olması bu əməkdaşlığı daha da möhkəmləndirəcək. Bu baxımdan, Azərbaycan-Somali münasibətləri yeni strateji mərhələyə qədəm qoyur.”
Beləliklə, bu səfər Azərbaycan və Somali arasında dostluq və strateji tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır və gələcəkdə iqtisadi, siyasi və hərbi sahələrdə daha geniş əməkdaşlığın qurulmasını vəd edir.
Maral Şahverdili
11:34 14.02.2025
Oxunuş sayı: 3518