450 milyona qədər zərərli keçid bloklanıb
“AzStateNet” şəbəkəsi üzrə istismara verilmiş yeni nəsil mühafizə avadanlığı vasitəsilə 450 milyona qədər zərərli keçid bloklanıb, o cümlədən onların 96 mini “Sandbox” mühafizə sistemi tərəfindən zərərverici tərkibli sənədlər kimi aşkarlanaraq zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev XRİTDX-də keçirilən 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Xidmət rəisi müşavirə iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət qurumlarının son istifadəçilərinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət tərəfindən 93 dövlət qurumunu əhatə edən, ümumilikdə 55 min istifadəçi üçün mərkəzləşdirilmiş antivirus lisenziyası təqdim edilmişdir. Həmin sistem vasitəsilə 2025-ci il ərzində 6 205 200 zərərli aktivliyin qarşısı alınıb ki, bu da ötən illə müqayisədə təxminən 50,8% azalma deməkdir.
İlqar Musayev əlavə edib ki, xidmət tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidməti üzrə 2025-ci il ərzində 17 milyondan artıq elektron məktub emal edilmiş, onların 12 milyonu istifadəçilərə çatdırılıb, 5 milyondan artıq məktub isə zərərli tərkibli olması səbəbindən bloklanıb. Bu göstəricinin 2024-cü illə müqayisədə təxminən 38,5% artım təşkil etdiyi vurğulanıb.
12:32 02.02.2026
Oxunuş sayı: 535