Politoloq: Azərbaycanda Özbəkistanın təhsil sərgisinin keçirilməsi mühüm hadisədir
"Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq getdikcə inkişaf edir. Xüsusilə vurğulamaq lazımdır ki, dövlətlərimiz arasında münasibətlər çoxşaxəli xarakter daşıyır".
Bunu Azərbaycanda keçirilən Özbəkistan universitetlərinin II təhsil sərgisində iştirak edən politoloq İlyas Hüseynov Crossmedia.az-a açıqlamasında deyib.
"İkitərəfli əlaqələrin inkişafı ilə yanaşı qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın genişlənməsi tendensiyası müşahidə olunur. Digər mühüm amil isə liderlər arasında mövcud olan səmimi dostluq münasibətləridir. Xatırlayırsınızsa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında baş tutan dialoq zamanı tərcüməçiyə ehtiyac olmadı. Bu, həm dövlətlərin daxili auditoriyasına, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq bir mesaj idi: biz dostuq, qardaşıq. Bizi birləşdirən ortaq dəyərlər mövcuddur – dilimiz, dinimiz, ortaq kökümüz və soy bağlılığımız münasibətlərimizin inkişafında mühüm rol oynayır.
Bu gün Mərkəzi Elmi Kitabxanada Özbəkistanın təhsil sərgisinin keçirilməsi də mühüm hadisə kimi qiymətləndirilə bilər. Sərgidə Özbəkistanın universitetləri və digər təhsil ocaqları təmsil olunur. Stendlərlə tanış olduq. Tələbələrimizə, eləcə də Özbəkistanda təhsil almaq istəyən gənclərimizə oradakı təhsil imkanları və şərtləri barədə geniş məlumat verilir. Düşünürəm ki, bu cür təşəbbüslər toplumlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrlə yanaşı, xalqlar arasında birliyin formalaşması, humanitar və mədəni münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan burada könül dünyamıza uyğun münasibətlərin şahidi oluruq. Özbəkistan bizə çox yaxın və dost dövlətdir. Vətən müharibəsi dövründə də ölkəmizi dəstəkləmiş, Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə müdafiə etmişdir".
Ekspertin fikrincə, Özbəkistanın Qarabağ və Şərqi Zəngəzurla bağlı dəstəyi də xüsusi qeyd olunmalıdır: "Özbəkistanın Qarabağa təhsil ocağı hədiyyə etməsi hazırkı həssas dövrdə, yeni geosiyasi şəraitdə bizim üçün çox mühüm və dəyərli addımdır.
Hesab edirəm ki, bu cür təşəbbüslər gələcək əlaqələrimizin inkişafını daha da sürətləndirəcək və bu tip sərgilər, qarşılıqlı humanitar əlaqələrin dərinləşməsi əməkdaşlığımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq."
Qeyd edək ki, Özbəkistanın Ali təhsil ocaqlarının müəllim və professor heyəti ötən gündən ölkəmizə səfər etmiş və 31 yanvar 2026-cı il tarixində keçiriləcək Özbəkistan universitetlərinin II Təhsil Sərgisində iştirak edirlər.
Xatırladaq ki, sərgi Özbəkistan Respublikası Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası və CrossMedia.az saytının dəstəyi ilə həyata keçirilir.
Gülbəniz Bayramova
15:35 31.01.2026
Oxunuş sayı: 1077