"Qarabağ" pley-offa çıxacaq: Məşqçidən açıqlama
"Qarabağ"ın və "Neftçi"nin sabiq məşqçisi Mehmet Ak Ağdam təmsilçisinin ötən gecə Çemponlar Liqasının Liqa mərhələsində "Ayntraxt"a qalib gəlməsi (3:2) haqda danışıb.
Crossmedia.az xəbər verir ki,Türkiyəli mütəxəssis QOL.az saytına açıqlamasında Qurban Qurbanovun komandasının çox yaxşı oyun göstərdiyini deyib:
"Əslində dünənki oyunda "Qarabağ" vəziyyəti daha tez lehinə dəyişə bilərdi. Baş hakim penalti epizodunda "Qarabağ"ın haqqını yedi. "Qarabağ"ın qapısına təyin etdiyi penaltiyə də doğru demək olmaz. Əgər "Ayntraxt"ın lehinə penalti təyin edirsə, "Qarabağ" üçün də etməli idi. "Qarabağ" yaxşı oyun nümayiş etdirdi və 90+4-cü dəqiqədə qələbə qolunu vurdu. Bu qələbə "Qarabağ"ın ilk 24-lüyə düşməsi baxımından çox vacib idi".
O, "kəhər atlar"ın pley-offa vəsiqə qazanacağına inandığını deyib: "Qarabağ" növbəti həftə səfərdə "Liverpul"la qarşılaşacaq. Məlumdur ki, çox çətin matç olacaq. "Liverpul" oyunun favoritidir. Amma "Qarabağ"ın "Liverpul"a uduzacağı halda belə, pley-offa çıxacağını düşünürəm. Bu, qürurvericidir".
Qeyd edək ki, hazırda Qurban Qurbanovun komandası turnir cədvəlində 10 xalla 18-cidir. Reqlamentə əsasən, 1-8-ci yerləri tutan klublar birbaşa 1/8 finala, 9-24-cü yerləri sahibləri isə pley-offa vəsiqə qazanacaqlar.
Son - 8-ci turun "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
18:45 22.01.2026
Oxunuş sayı: 983