Biz nə vaxtdan belə qəddar olduq?
Son günlər medianın gündəmində bir görüntü dolaşır: AMEA Prezidenti, akademik İsa Həbibbəyli Şəhidlər Xiyabanını ziyarət edir və köməkçisi İsa Həbibbəyliyə çətir tutur. Əvvəla onu deyim ki, İsa Həbibbəylinin 75-dən yuxarı yaşı var. Üstəlik həm alimdir, həm də ictimaiyyət tərəfindən hörmətlə qarşılanan bir şəxsdir. Çətiri tutan isə gənc bir alimdir. Yəni burada qəbahət nə var axı? Adam sadəcə hörmət göstərib, atası yaşında rəhbərinin, üstəlik alimin islanmasının qarşısını alıb.
Hər kəs bilir ki, həmin gün hava necə idi. İndi düşünün: yaşlı, bəlkə də sağlamlıq problemi olan bir insan, ayaqüstə uzun müddət yağış altında dayanır. Bunu rahat qəbul etmək olarmı? Öz yaxın adamına bu halı rəva bilməyənlər gəlib bu məsələdə irad bildirir. Bu görüntüdə niyə hansısa məna, qeyri-adi bir niyyət axtarırıq axı. Sadəcə bir insan başqasına diqqət göstərib. Bu qədər sadə.
Təəsüf ki, ciddi və müzakirəyə açıq olan yetərincə problemlərimiz olduğu halda sosial şəbəkələr və bəzi xəbər portalları bu detalda ilişib qaldı. Yaşlı -başlı kişilər, qadınlar işlərini kənara qoyub başladılar çətiri müzakirə etməyə. Görəsən, niyə belə etdi?, niyyəti nə idi ? “məqsədi nə idi? və s. Ancaq şübhəli rəylər və mənasız və yersiz soğular. Cəmiyyət olaraq bir-birimizdən şübhələnməyə, xoflanmağa başlamışıq. Bəzən ən adi hərəkətimizdən belə digərimiz şübhələnir. Bu heç yaxşı hal deyil. Hər kəs bilir ki, yaşlı adamlara, həmçinin alimlərə hörmət göstərmək, onların sağlamlığına diqqət göstərmək elementar etiket qaydasıdır.
Biz nə vaxtdan belə olduq ki, sadə diqqət və etiket tələb edən halları məsqərəyə qoyuruq, hər bir məsələni şübhə və tənqid obyektinə çeviririk? Bir gəncin sadəcə çətir tutması, bir yaşlı akademikin islanmasının qarşısını alması, niyə bu qədər çox müzakirə olunmalıdı ? Hər gün rast gəldiyimiz kiçik amma əhəmiyyətli nümunələr bunu göstərir: bir uşağın əlindən tutub yol keçmək, bir yaşlını avtobusdan çıxmazdan əvvəl irəli buraxmaq, yağış altında dayanan birinə çətir tutmaq… Bu hərəkətlərdə qəddar, şübhəli, fürsətcil baxışlara yer yoxdur, olmamalıdır.
İsa Həbibbəyli və onu müşayiət edən gənc alim bu nümunəni göstərdilər: birinin ehtiyacı varsa, yaşından və statusundan asılı olmayaraq, onu qorumaq, diqqət göstərmək insani borcdur. Bu qədər sadə bir hərəkəti qınamaq, onu şübhə obyektinə çevirmək cəmiyyətin bəzi üzvlərinin nə istədiyini, niyə istədiyini hələ də bilməməyindən irəli gəlir. Burada baxış sayları artsın deyə mövzunu körükləyən bəzi media qurumları, sosial media səhifələri də günahkardır. Bu kimi çəkisiz mövzularla cəmiyyətin başını qatdıqlarına, belə insani davranışları müzakirəyə çıxarıb gözdən salmağa çalışdıqları üçün hətta məsuliyyət daşıyırlar.
Yaxşı sualdır. Axı biz nə vaxtdan belə qəddar olduq? Bəlkə də sualın özü cavabdır. Biz unutmamalıyıq ki, ilk öncə insanıq. Hərəkətlərin sadəliyini, qayğının kiçik ifadələrini görməyə davam etməli, hər şeyə qərəzli prizmadan baxmağı tərgitməliyik.
Anar Turan
14:53 22.01.2026
Oxunuş sayı: 1788