Vətən üçün kamerasını qaldıran qəhrəman : Fəxrəddin Şahbazovun anadan olmasının il dönümüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist və operator Fəxrəddin Şahbazovun doğum gününün ildönümüdür. 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuş Fəxrəddin Şahbazov yalnız bir operator deyildi, o, kamerasını silah kimi götürərək vətəninin sərhədlərində baş verənləri qeydə alan, həqiqəti dünyaya çatdıran vətənpərvər bir qəhrəman idi.
Əslən Lerik rayonunun Kəlvəz kəndindən olan Fəxrəddin 1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış, 1971-ci ildə ordudan tərxis edilmişdir. Hərbi xidmətindən sonra yarımçıq qalan təhsilini başa vuraraq 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində operator vəzifəsində fəaliyyətə başlamışdır. Burada 20 il fasiləsiz olaraq çalışmış, operativlik və peşəkarlığı ilə tanınmışdır.
1988-ci ildən başlayaraq, ermənilərin Qarabağda açıq silahlı basqınlarına şahid olan Fəxrəddin Şahbazov döyüş bölgələrinə könüllü ezam olunmuş, qaynar nöqtələrdən reportajlar hazırlayaraq xalqın haqq səsini həm ölkədə, həm də xaricdə çatdırmışdır. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, o, vətənə xidmət etməkdən vaz keçməmişdir.
1991-ci ilin noyabrında Azərbaycan Teleradio Şirkətinin bir qrupu cəbhə bölgəsinə ezam olunmuşdu. Fəxrəddin də bu qrupun tərkibində idi. Onlar Ağdam rayon ictimaiyyəti ilə respublika rəhbər işçilərinin görüşünü işıqlandırmalı idilər. Lakin həmin gün Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər Mİ-8 vertolyotunu iri çaplı pulemyotlarla atəşə tutdular. Vertolyot yerə düşərək parçalandı və bütün heyət həlak oldu. Bu faciədə Fəxrəddin Şahbazov və həmkarı Alı Mustafayev də şəhid oldular.
Fəxrəddin Şahbazovun qəhrəmanlığı onun peşəsinə və vətəninə olan sonsuz sədaqətini göstərirdi. Televiziyada işlədiyi illərdə o, cəbhə bölgələrindən reportajlar hazırlamaqla yanaşı, respublikada və ölkə xaricində Azərbaycan həqiqətlərini çatdırır, jurnalist peşəsinin ali prinsiplərini əməlində təsdiqləyirdi. O, kamerası ilə döyüş meydanlarında iştirak edən və sözün gücü ilə mübarizə aparan nadir qəhrəmanlardan idi.
Fəxrəddin Şahbazov ölümündən sonra, 4 dekabr 1992-ci il tarixində Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. O, Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuş, adı paytaxt və ölkənin müxtəlif bölgələrində əbədiləşdirilmişdir: Lerik rayonu Kəlvəz kənd tam orta məktəbi, Xırdalan və İmişli şəhərlərindəki küçələr, eləcə də Bakının Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində küçələr onun adını daşıyır.
Fəxrəddin Şahbazov yalnız peşəkar operator deyildi; o, həm də vətənpərvər, cəsur və məsuliyyətli bir insan idi. Onun həyatı, fədakarlığı və qəhrəmanlığı gələcək nəsillər üçün nümunə olaraq qalır. Bu gün onun anadan olmasının ildönümündə biz onu xatırlayır, şərəfli və qəhrəman həyatını ehtiramla yad edirik.
Fatimə Məmmədova
08:00 22.01.2026
Oxunuş sayı: 1342