Dondurulmuş qidalar: Dad, yoxsa risk?
Müasir dövrdə qida təhlükəsizliyi, uzunmüddətli saxlanma və keyfiyyətin qorunması məsələləri qlobal miqyasda xüsusi aktuallıq kəsb edir. Bu kontekstdə subliminasiya olunmuş qidalar (freeze-dried foods) innovativ texnologiyaların qida sənayesinə gətirdiyi ən mühüm yeniliklərdən biri kimi diqqət çəkir. Elmi əsaslara söykənən bu üsul qidaların tərkibindəki suyun xüsusi şəraitdə buxarlanaraq uzaqlaşdırılmasına əsaslanır və məhsulun strukturunu, dadını, rəngini maksimum dərəcədə qorumağa imkan verir.
Subliminasiya texnologiyasının əsas üstünlüklərindən biri qidaların qida dəyərinin yüksək səviyyədə saxlanılmasıdır. Ənənəvi qurudulma üsullarından fərqli olaraq, bu metod vitaminlərin, mineralların və bioloji aktiv maddələrin böyük hissəsinin itməsinin qarşısını alır. Nəticədə məhsullar həm yüngül çəkili olur, həm də uzun müddət – bəzən illərlə – xüsusi konservantlara ehtiyac olmadan saxlanıla bilir. Bu xüsusiyyətlər subliminasiya olunmuş qidaları xüsusilə fövqəladə hallar, kosmik tədqiqatlar, hərbi sahə və aktiv həyat tərzi sürən insanlar üçün ideal seçimə çevirir.
Eyni zamanda, subliminasiya olunmuş qidalar gündəlik qidalanma mədəniyyətində də getdikcə daha geniş yer tutmağa başlayır. Onların istifadəsi rahatdır, hazırlanması sürətlidir və daşınma baxımından əlverişlidir. Qaynar və ya adi su ilə bərpa edilən bu məhsullar ilkin formasına yaxın vəziyyətə qayıdır və təbii dadını qoruyur. Beləliklə, subliminasiya olunmuş qidalar müasir insanın vaxt, sağlamlıq və keyfiyyət tələblərini bir araya gətirən perspektivli qida həlli kimi qiymətləndirilə bilər.
Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Subliminasiya, yəni dondurularaq quruduluş qidalar son illər geniş yayılıb və düzgün tətbiq olunduqda ümumiyyətlə təhlükəsiz texnologiya hesab olunur. Təhlükəsizlik və standartlar baxımından bu üsulda məhsul əvvəl dondurulur, sonra vakuum şəraitində buz birbaşa buxara çevrilir. Nəticədə su miqdarı çox azalır və mikroorqanizmlərin çoxalması üçün şərait zəifləyir. Beynəlxalq qida standartlarına -HACCP, ISO 22000- uyğun istehsal edilən sublimasiya olunmuş qidalar mikrobioloji baxımdan təhlükəsiz sayılır və uzun raf ömrünə malik olur. Vitamin və mineralların böyük hissəsi qorunur- xüsusilə C vitamini istisna olmaqla. Konservant əlavə olunmasına ehtiyac azalır. Yüngül, daşınması və saxlanması asandır".
O, həmçinin mümkün risklər və subliminasiyanın mənfi tərəfləri barədə də danışıb: "Xammalın keyfiyyəti zəifdirsə, texnologiya bunu “ört-basdır etmir” – keyfiyyətsiz və ya çirklənmiş məhsul risk olaraq qalır.Nəmliklə təmasdan sonra (qablaşdırma açıldıqda) sürətlə mikrobioloji risk arta bilər. Bəzi məhsullarda oksidləşmə və dad dəyişiklikləri müşahidə oluna bilər. Ev şəraitində və ya qeyri-rəsmi istehsalda aparılan sublimasiya prosesləri standartlara cavab verməyə bilər. Məsələn, emperatur, vakuum və sanitariya nəzarəti düzgün olmazsa belə hallar baş verə bilər. Subliminasiya olunmuş qidalar rəsmi standartlara uyğun, nəzarətli şəraitdə istehsal edildikdə təhlükəsizdir və sağlam qidalanmada istifadə oluna bilər. Əsas risk texnologiyadan yox, istehsalçı nəzarətinin zəifliyindən və düzgün saxlanmamasından qaynaqlanır. Bu səbəbdən etiket məlumatları, sertifikatlar və saxlanma şərtləri xüsusilə vacibdir".
Elmir Heydərli
10:48 21.01.2026
Oxunuş sayı: 1405