Suriya hökuməti ilə SDQ arasında atəşkəs: Şaraa fərmanı ilə yeni mərhələ başladı
Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökuməti arasında atəşkəs elan edilib. Bununla paralel olaraq Suriya Prezidenti Əhməd Şaraa ölkənin şimal-şərqi, xüsusilə Həsəkə vilayəti ilə bağlı mühüm qərarları əhatə edən yeni fərman imzalayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Fərmana əsasən, Həsəkədəki bütün mülki qurumlar Suriya dövlətinə tam inteqrasiya olunur, bölgədəki neft yataqları isə hökumətin nəzarətinə keçir. Təhlükəsizlik yoxlamalarından sonra SDQ üzvlərinin fərdi qaydada Suriya Müdafiə Nazirliyinin strukturuna daxil edilməsi nəzərdə tutulur.
Sənəddə Həsəkə vilayətinə qubernator təyin edilməsi, Ayn əl-Ərəb (Kobani) şəhərindən ağır silahların çıxarılması və Daxili İşlər Nazirliyinin tabeliyində yerli təhlükəsizlik qüvvəsinin yaradılması da yer alıb. Eyni zamanda, İŞİD üzvlərinin ailələrinin saxlandığı həbsxana və düşərgələrin idarəçiliyi Suriya dövlətinə verilib.
Fərmana görə, SDQ PKK ilə əlaqəli ünsürlərin Suriya sərhədlərindən uzaqlaşdırılması öhdəliyini bir daha təsdiqləyib, Suriya dövləti isə İŞİD-lə mübarizəni davam etdirəcəyini bəyan edib. Afrin və Şeyx Məqsud bölgələrindən köçkün düşənlərin geri qayıtması üçün mexanizmlər üzərində işlər də davam etdirilir.
Qeyd olunur ki, bu proses SDQ-nin hərbi struktur kimi faktiki olaraq ləğvi və üzvlərin fərdi şəkildə Suriya ordusuna inteqrasiyası ilə nəticələnəcək. İŞİD-ə qarşı ABŞ-la əməkdaşlığı isə bundan sonra birbaşa Suriya Müdafiə Nazirliyi həyata keçirəcək.
22:28 18.01.2026
Oxunuş sayı: 1759