Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb
Yanvarın 16-da Bişkek şəhərində Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Turqunbek Uulu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ilə görüşüb.
Crossmedia.az TÜRKPA-ya istinadən xəbər verir ki, R.Həsən parlament sədrini Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərinin uğurla başa çatması və onun yenidən Joqorku Keneşin sədri seçilməsi münasibətilə təbrik edib. Həmçinin TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyətlər, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də 2026-cı il üzrə prioritet istiqamətlər barədə məlumat verib. Bu çərçivədə TÜRKPA-nın beynəlxalq platformalarda tanınması istiqamətində atılan addımlar vurğulanıb.
Görüşdə Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyü prosesində əldə olunan əhəmiyyətli irəliləyişlər, Macarıstanla əməkdaşlığın inkişafı və Avropa institutları ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin yaxın dövrdə TÜRKPA çərçivəsində planlaşdırılan tədbirlər və üzv ölkələrin parlament sədrlərinin Parlamentlərarası İttifaqın (PAİ) Türkiyənin İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində planlaşdırılan qeyri-rəsmi görüşlərinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, TÜRKPA-nın Qırğızıstanda baş tutacaq növbəti 15-ci plenar iclası istiqamətində hazırlıqların uğurla davam etdiyi vurğulanıb.
Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın təşəbbüslərinə bundan sonra da hərtərəfli dəstək göstərəcəyini bildirib.
16:13 16.01.2026
Oxunuş sayı: 1432