Azərbaycanda loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Qlobal ticarət zəncirlərinin sürətlə dəyişdiyi, beynəlxalq daşımaların isə həm texniki, həm də ekoloji baxımdan yeni standartlarla üz-üzə qaldığı bir dövrdə Azərbaycanın milli avtomobil daşıyıcılarının vəziyyəti diqqət mərkəzinə çıxır. Avtoparkların yenilənməsi, maliyyə imkanlarının məhdudluğu və xarici bazarlarda tətbiq edilən rüsumlar fonunda yerli daşıyıcıların rəqabət qabiliyyətinin qorunması artıq strateji əhəmiyyət daşıyır.
Bəs maraqlıdır Azərbaycanda bu məsələ üzrə vəziyyət hazırda necədir?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu məsələ mahiyyət etibarilə logistik prosesdir. Həmin prosesin əsas iştirakçılarından biri olan daşıyıcı şirkətlər imkanları daxilində, gəlir əldə etdikcə öz avtoparklarını yeniləməlidirlər. Hazırda Azərbaycanda iri avtoparkların formalaşması, yeni müəssisələrin yaranması və mövcud şirkətlərin fəaliyyət dairəsini genişləndirməsi müşahidə olunur.
Qeyd etmək lazımdır ki, əvvəlki illərdə bu sahədə ciddi problemlər mövcud idi. Belə ki, beynəlxalq yükdaşımalarında iştirak üçün tələb olunan icazə və sənədlər qeyri-rəsmi şəkildə pulla satılır, sürücülər və şirkətlər bu sənədləri real dəyərindən dəfələrlə baha qiymətə əldə etməyə məcbur qalırdılar. Məsələn, faktiki dəyəri təxminən 20 dollar olan sənədlər 300–500 dollara təklif edilirdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi islahatlar nəticəsində bu neqativ hallar aradan qaldırıldı və hazırda daşıyıcılar həmin sənədləri öz real dəyəri ilə əldə edə bilirlər. Bu prosesdə ABAD tərəfindən də müəyyən bölgü və tənzimləmə mexanizmləri tətbiq olunur və qurum ümumi koordinasiyada iştirak edir.
Son illər avtoparkın yenilənməsi prosesi nəzərəçarpacaq dərəcədə sürətlənib.
Statistik göstəricilərə əsasən, yük avtomobillərinin sayı 20 mini ötüb. Xeyli sayda yeni avtomobil alınıb. Düzdür, bəzi nəqliyyat vasitələrinin istismar müddəti uzun, buraxılış ili isə köhnə ola bilər. Lakin bu mərhələ hələ yeni keçid dövrü hesab olunur".
Ekspert, həmçinin məsələlərin qısa müddətdə və tam şəkildə həllini gözləməyin real olmadığını bildirib:
"Nəzərə almaq lazımdır ki, iritutumlu yük avtomobilləri kifayət qədər bahalı nəqliyyat vasitələri hesab olunur və onların yenilənməsi ciddi maliyyə resursları tələb edir".
Elmir Heydərli
09:37 14.01.2026
Oxunuş sayı: 1915