Qoruqlar və Milli parklar günü - Azərbaycan qoruqları nəyi qorudu, nəyi itirdi?
Bu gün, 11 yanvar dünyada Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur. Təqvimdə adi görünən bu tarix əslində təbiətin özünü qorumaq üçün insanlığa ünvanladığı ilk kollektiv çağırışlardan birinin ildönümüdür. 1917-ci ilin məhz bu günü dünyada ilk dəfə nadir canlıları qorumaq məqsədilə Barquzin Dövlət Qoruğu yaradıldı və təbiət ilk dəfə “toxunulmaz” anlayışı ilə tanış oldu.
Bu gün Azərbaycan üçün də qorunan ərazilərə baxmaq, həm də orada artıq olmayanlara baxıb susmaq günüdür. Azərbaycanın xəritəsinə diqqətlə baxanda bəzi yerlər var ki, onlar yalnız coğrafi nöqtə deyil. O ərazilər suyu saxlayır, torpağı qoruyur, meşəni yaşadır, quşun yolunu azdırmır. Dövlət qoruqları məhz bu səssiz vəzifəni daşıyan torpaqlardır. Rəsmi statistikada bu ərazilər ölkə ərazisinin təxminən yeddi faizini təşkil edir. Amma əslində onların yükü bu rəqəmdən qat-qat ağırdır.
Azərbaycanın qoruq tarixi 1925-ci ildən, Göygöl ətrafında başlayan qoruma təşəbbüsü ilə formalaşmağa başladı. O vaxtdan bəri ölkənin müxtəlif coğrafiyalarında – dağlarda, düzənliklərdə, bataqlıqlarda, çayboyu meşələrdə təbiətin öz qanunları ilə yaşadığı zonalar yaradıldı. Bu zonaların hər biri ayrı bir ekosistem, ayrı bir həyat ritmi idi.
Zəngilanın Bəsitçay dərəsində minillik çinarların kölgəsində formalaşan təbii tarazlıq yalnız ağaclardan ibarət deyildi. Burada çinar təkcə bitki yox, yaddaş daşıyıcısı idi. Dünyada az yayılmış şərq çinarı məhz bu dərədə qorunurdu. Bu ağacların bəzisi insan ömründən uzun yaşayıb. İşğal illərində isə bu uzunömürlü şahidlərin çoxu susduruldu.
Kür çayı boyunca uzanan Qarayazı meşələri düzənlik Azərbaycanın yaşıl sətirlərindən idi. Tuqay meşələrinin içində maralların izləri, qunduzların səssiz fəaliyyəti, minlərlə quşun səsi bu ərazini canlı saxlayırdı. Bu meşələr çayı qoruyur, çay da bu meşələrə həyat verirdi. Təbiətin bu qarşılıqlı razılaşması illərlə insan müdaxiləsi səbəbilə pozulsa da, qoruq statusu həmin tarazlığı qismən də olsa saxladı.
Laçın sərhədlərində, dağların sinəsində yerləşən Qaragöl isə başqa bir səssizliyin ünvanı idi. Alp çəmənliklərinin içində yerləşən bu göl həyat baxımından kasıb görünə bilərdi, amma ekoloji baxımdan son dərəcə həssas idi. Uzun illər işğal altında qalması Qaragölün təbii ritmini pozdu, onun ekosistemi zamanla zədələndi.
Cənubda isə Qızılağac körfəzi var. Bura quşların dayanacağı, qışlama və yuvalama məkanı idi. Qutanlar, qızılqazlar, nadir su quşları üçün bu ərazi sadəcə su hövzəsi yox, təhlükəsiz liman idi. Qızılağacın beynəlxalq əhəmiyyət daşıması təsadüfi deyildi. Lakin ekoloji dəyişikliklər və qanunsuz ov bu bölgənin canlı müxtəlifliyinə ağır zərbə vurdu.
Qax dağlarında İlisu ərazisində meşə ilə çəmənliyin, soyuqla mülayimin sərhədində formalaşan həyat öz qaydaları ilə davam edirdi. Burada ayı da var idi, maral da, dərman bitkiləri də. Bu qoruq təkcə təbiətin deyil, elmin də sığınağı idi. Burada təbiət öyrənilir, müşahidə edilir, qorunurdu.
Bozdağın quraq meşələri Türyançay ərazisində qorunurdu. İlk baxışda sərt görünən bu landşaft əslində çox həssas idi. Ardıc, saqqızağacı, az su ilə yaşamağı bacaran canlılar burada özünəməxsus ekosistem yaratmışdı. Kiçik müdaxilə belə bu tarazlığı dağıda bilərdi.
Zaqatala qoruğu isə Böyük Qafqazın cənub yamacında təbiətin ən zəngin qatlarını bir araya gətirirdi. Burada meşə də var idi, alp çəmənliyi də, qayalıqlar da. Minlərlə bitki və heyvan növü bu ərazini təbii laboratoriyaya çevirirdi.
Bütün bu qoruqların taleyi 2020-ci ilə qədər eyni deyildi. İşğal altında qalan ərazilərdə qoruqlar məqsədli şəkildə dağıdıldı. Meşələr qırıldı, torpaq talandı, ekosistemlər məhv edildi. Prezident İlham Əliyevin açıqladığı faktlar göstərir ki, bu proses təsadüfi yox, sistemli olub. Peyk görüntüləri bunu sübut edir.
Bu gün qoruqlar günü təkcə qorunan əraziləri xatırlamaq üçün deyil. Bu gün həm də itirilməyənləri qorumaq, itirilənləri bərpa etmək üçün məsuliyyəti xatırlatmaq günüdür. Çünki qoruq sadəcə hasarlanmış torpaq deyil. Qoruq gələcək nəsillərin nəfəsidir. Abidədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına görə, xüsusi mühafizə olunan təbiət əraziləri xüsusi ekoloji, elmi, mədəni və estetik əhəmiyyət daşıyan ərazilər hesab olunur. Bu ərazilərə nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən bitki və heyvan növlərinin yayıldığı torpaq və su sahələri daxildir və onlar təsərrüfat dövriyyəsindən tam və ya qismən çıxarılır.
Nazirliyin açıqlamasında bildirilir ki, hazırda Azərbaycanda ümumilikdə 913 min hektardan artıq ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bu ərazilərə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları daxildir və onlar ölkə ərazisinin 10 faizdən çoxunu təşkil edir.
Rəsmi məlumata əsasən, Azərbaycanda milli parkların yaradılmasına 2003-cü ildən başlanılıb və bu proses sonrakı illərdə də davam etdirilib. Son olaraq, 2025-ci ilin iyul ayında İlisu və Axar-Baxar milli parklarının yaradılması ilə ölkədə fəaliyyət göstərən milli parkların sayı 12-yə çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunur ki, mühafizə olunan ərazilərin genişləndirilməsi bioloji müxtəlifliyin qorunması, ekoloji tarazlığın saxlanılması və ekoturizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Məmmədova
10:16 11.01.2026
Oxunuş sayı: 1605