Tariximizin yeni mərhələsi: Böyük sülhün bir addımlığında
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” H. Ə. Əliyev.
Yeni ilin bayram əhval-ruhiyəsinin davam etdiyi ilk iş günündə, yanvar ayının 5- də Azərbaycan ictimai-siyasi mühitində, hər kəsin ənənəvi şəkildə və səbirsizliklə gözlədiyi bir qürurverici və ölkəmizin qlobal perspektiv istiqamətini müəyyən edəcək son dərəcə əhəmiyyətli - məlumat xarakterli hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına həm ətraflı, həm də son dərəcə strateji ictimai, siyasi, iqtisadi, sosial, geopolitik mozaikanı və ölkənin inkişaf dinamikasını əhatə edən vacib və unikal müsahibəsi yayımlandı. Müsahibənin xarakter və mahiyyətinə nəzəri kontekstdən yanaşdıqda bir daha yəqin etmək olar ki, tarix kontekstində tarixilik “təkrarolunmaz nə qədər unikaldırsa” həqiqətəndə xalqların, dövlətlərin mövcudluğu və inkişafı liderlərin, tanınmış dövlət xadimlərinin, siyasətçilərin rolu, onların xarakteri, mənəvi-ruhi keyfiyyətləri, siyasi və strateji gedişləri ilə bağlıdır. Vaxtilə, alman filosofu K. Yaspers yazırdı: “Tarixdə həmişə təbiət var. O tarixin əsası olan, nə isə təkrarlanan, davam edən, – bu həmişə təbiətə xas olduğu kimi–yalnız yavaş-yavaş dəyişən reallıqdır. Ruh ortaya çıxan yerdə isə şüur, refleksiya, mümkün olanın bitməz özünün açıqlığında özü ilə, öz üzərində işdə qarşısıalınmaz hərəkət fəaliyyətə başlayır.
Təkrarolunmaz nə qədər unikaldırsa, təkrarolunmaz nə qədər az yeknəsəqdirsə, tarixdə o qədər həqiqidir. Ulu olan hər şey keçid mərhələsindəki hadisədir”. Başqa formada desək, tarix həm ənənə, həm xalqlar və cəmiyyətin refleksiyası, həm də ruhi mənəvi anlamda əbədi bir prosesdir.
Müsahibənin açılış sualına cavab olaraq Prezident İlham Əliyev çox həssas, mənəvi-ruhi, təkrarolunmaz, siyasi, geopolitik, tarixi gedişlə başlayaraq qeyd etdi ki, “Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində (2025-ci ilin 8 avqustu, Vaşinqtonda . Z. Ş.) siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq.
Müsahibənin ilkin cümlələrindən səmimi, lakin həm də geopolitik stuasiyanın reallığı barədə ictimaiyyətə vacib bir mesaj verildi: birincisi, Postmünaqişə dövründə sülh paradiqmasının işləməsi – davamlılığı üçün regional təhlükəsizlikdə Azərbaycan əlindən gələni edir və o qalib olmasına baxmayaraq qarşı tərəfin də mövcudluğu və sülhə doğru atdığı addımlara hörmətlə yanaşır. İkincisi, müsahibədə Ermənistan–Azərbaycan müharibəsinin rəsmən başa çatması beynəlxalq hüquq və dövlət suverenliyi prinsipləri kontekstində təqdim ediliərək, qarşılıqlı inam və etimad üçün rasional şəraitin yaradılmasına çalışıldığı bildililir; üçüncüsü, müsahibədə Prezident İlham Əliyev sülhün artıq hərbi deyil, siyasi-hüquqi mərhələyə keçdiyini, əldə olunmuş Qələbənin beynəlxalq legitimlik qazandığını vurğulayaraq yeni tarixi mərhələnin başladığını açıq bəyan edir. Yəni yeni tarixi mərhələdə “münaqişədən sonrakı transformasiya” (post-conflict transformation) modeli çərçivəsində izah olunur. Dördüncüsü, Qazanılmış Qələbənin siyasi institutlaşması və beynəlxalq tanınması kontekstində uğurlar göstərir ki, Azərbaycanın təşəbbüsləri qlobal miqyasda dəstəklənir. Hərb-diplomatik-ideoloji meydanında əldə olunmuş Qələbənin “dünyanın bir nömrəli ofisində” –Yeni dünya nizamının formalaşmasının bir nömrəli aktoru və aparıcı qlobal güc mərkəzlərində – “fövqəldövlətdə” siyasi möhürlə təsdiqlənməsi ölkəmizin diplomatik potensial resursunun artması kimi şərh olunaraq Azərbaycanın regional aktordan qlobal gündəmi formalaşdıran vacib subyektə çevrilməsinin göstəricisi kimi təqdim olunur. Təbii ki, bu son dərəcə böyük uğur və tarixi reallıqdır: Sülhün bütün komponentlərinin regionda tətbiqi uzaqda deyildir!
Etiraf olunmalı məqamlardan biri budur ki, bu müsahibəni bir növ hər kəs hava və su kimi gözlədiyindən müsahibənin həm yerli mediada, həm də beynəlxalq araenada yaratdığı əks-səda başa düşüləndir. Yerli media əlçatan olduğundan onlar barədə xüsusi bir qeyd etməsək də, qlobal reaksiyaların bir qismi barədə burada qeydi vacib hesab edirik: Məsələn dünya mediasında bu hadisə barədə nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” kimi xəbər və analitik ruhlu yazılar, yaxud qardaş Türkiyədə aparıcı media orqanları, televiziya kanalları, xəbər agentlikləri və s. KİV vasitələrində Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığı barədə qeyd etdiyi fikirləri, həmçinin Türkiyə respublikası ilə müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsi, dərinləşdirilməsi kimi açıqlamalarına ciddi müraciətlər oldu. Təbii ki, bu kimi yazıların hamısı barədə burada analitik fikir bildirmək iqtidarında olmasaq da, bir məsələni qeyd etmək lazımdır ki, qlobal arenada Azərbaycanın həyata keçirdiyi strateji kurs reallığı tarixini dərk edən pozitiv aktorlar tərəfindən bəyənilir, qəbul edilir və əsas məqam budur ki, bu bəyənmənin dərin siyasi, geopolitik, humanitar, iqtisadi, sosial və s. tarixi səbəbləri vardır.
Burada əsas faktor odur ki, İlham Əliyevin Prezidentlik dövründə ölkəmiz həm regional miqyasda, həm də qlobal müstəvidə həmişə ləyaqətli siyasət həyata keçirtdiyindən, pozitiv düşərgədə güclü etimad və inam qazanmışdır. Başqa formada desək, həm müharibəyə qədər ki “sülh dövründə”, həm də post-müharibə dövründə özünün sülhpərvər və rasional strateji kursu ilə dünyada qəbul olunmaqla yanaşı əksər məqamlarda, (hətta hüquqları pozulsa belə) daima səbir və təmkindən çıxış edərək beynəlxalq hüquq və Davamlı İnkişaf paradiqmalarına uyğun davranış nümayiş etdirmişdir. Təbii ki, geopolitika üzrə analitiklər və siyasi nəzəriyyəçilər çox gözəl bilirlər ki, ərazi, əhali və digər resursları qlobal güclərlə müqayisə də az olan, o cümlədən “geopolitik və tektonik layların” yerləşdiyi, toqquşduğu məkanda bu kimi siyasəti həyata keçirmək o qədər də asan deyildir və əslində, qonşu ölkələrdə baş verən hadisələrlə müqayisə etsək, söhbətin nədən getdiyi faktoloji olaraq öz təsdiqini tapır.
Vaxtilə, Azərbaycan tarixinin dahi strateqi, Ulu Öndər Heydər Əliyev zamanı qabaqlayaraq 2003-cü ilin oktyabrında Azərbaycan xalqına ünvanladığı tarixi müraciətində dahiyanə şəkildə qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarixi gedişat sonradan bu faktı, mahiranə şəkildə əvvəlcədən bəyan edilmiş duyum və fəhmi o qədər dəqiqliklə təsdiq etdi ki, artıq nəinki ölkəmiz və regionda, o cümlədən dünya siyasətində yeni bir fenomenin doğulduğundan hər kəs – siyasi xadimlər, dünya liderləri, ziyalılar, KİV nümayəndələri və b. heyranlıqla münasibət bildirməyə başladılar. Lakin məsələ onunla bağlıdır ki, İkinci Qarabağ savaşının şəriksiz Müzəffər müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyev nəinki Ulu Öndərin vaxtilə dahiyanə şəkildə qeyd etdiyi “taleyüklü məsələləri, planları, işləri” həyata keçirdi, O, həmçinin bu taleyüklü mübarizədə öz siyasi soyuqqanlığı, mərd və açıq mübarizəsi, fenomen qabiliyyəti, xarizması ilə tariximizin “...təbiətə xas olduğu kimi–yalnız yavaş-yavaş dəyişən reallığının” yeni əsaslarını yaratdı. Mübaliğəsiz desək, proses bir növ elə ontoloji və ekzistensial, geopolitik və milli-mənəvi anlam, yeni identiklik obrazı formatı aldı ki, bu Azərbaycan xalqının dünyada yeni daha dolğun, humanist, mübariz, ədalət meyarını hər şeydən üstün tutan, multikulturalizmi özünün həyat fəlsəfəsinə çevirən modern yeni obrazının yaranması ilə nəticələndi. Təbii ki, bu yeni hadisə, yeni bir mərhələ və obrazdır. Yaxud bu elə bir tarixi mərhələdir ki, bəzi fəlsəfi nəzəriyyələrə, ədəbi epitetlərə görə bu kimi mərhələ əslində, xalqın müasir anlamda yenidən doğuluşu, dünya tarixində özünü yenidən təsdiqidir. Bu anlamda Prezident İlham Əliyevin yerli televiziyalara verdiyi müsahibə əslində həm keçmişimizin sağlam təfəkkürlə nəzəri-praktik analizi, həm də gələcəyimizin Yol xəritəsi kimi qiymətləndirilə bilər: Dünyada Yeni Nizam formalaşır, ABŞ – Azərbaycan münasibətləri vacib xəttdir, prosesdə Azərbaycanın yeri və rolu əvəzsizdir, sülh və regional, o cümlədən qlobal təhlükəsizliklər, milli maraqlar, türk birliyi ideyası, milli-mənəvi dəyərlərin qorunması, sülh şəraitində yaşamaq təcrübəsi və s. Azərbaycanın yaxın perspektivinin başlıca ideyaları olacaq. Müsahibədə aydın şəkildə bildirildi ki, Sülh şəraitində yaşamaq və bu şəraitə uyğunlaşmaq, eyni zamanda sülhün bölgəyə gəlişi üçün qlobal anlamda ciddi dəstəyə ehtiyac var idi. Bu anlamda ABŞ ilə əlaqələrin yeni müstəviyə qalxması yeni mərhələni şərtləndirən əsas amillərdən biridir.
Bu vacib strategi kontekstə toxunaraq Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır”.
Təbii ki, müasir tariximizin çox böyük sınaqlardan keçməsi heç kəsdə şübhə doğurmur, əksinə hər kəs gözəl bilir ki, indi Azərbaycan Respublikası öz müstəqilliyinin və suverenliyinin ən qürurverici və şanlı mərhələsini yaşamaqdadır. Səmimi etiraf etmək lazımdır ki, məsələ yalnız düşmənə ideoloji, siyasi, hərbi, iqtisadi, diplomatik və s. üstün olmaq, qalib gəlməklə də bağlı deyildir. Məsələ onunla bağlıdır ki, bu mübarizədə Xalqın öz identikliyini, milli kimliyini, humanizm siyasətini, digər xalqlar və cəmiyyətlərlə, hətta düşmənlə də mübarizədə öz ontoloji kimliyini ortaya qoymaq bu tarixi kimliyin həm təsdiqi həm də dünyada ədalətin bərpasında mübarizliyin təsdiqi idi. Təbii ki, bu uğurlara, yeni yaranmış tarixi mərhələyə, – regional və inkişafda olan qlobal aktor kimi dünyada tanınmağa istiqamətlənmiş ideya və strategiya birdən-birə Azərbaycan xalqına “qızıl sinnidə” təqdim olunmayıb, əksinə bu keşməkeşli mərhələdə hər bir ziddiyyətli maneələrin dəf edilməsində nə qədər sərrast, uzaqgörən, dahiyanə və qlobal strateji əhəmiyyətli mübarizələr olmuşdur. Fakt budur ki, artıq həmin keşməkeşli günlər geridə qalmışdır. 907-ci düzəlişin ləğvi barədə qərar isə bilavasitə Azərbaycan diplomatiyasının böyük tarixi qələbəsidir. Fakt budur ki, hazırda ABŞ- Azərbaycan əlaqələri son 30 ilin ən yüksək mərhələsi kimi xarakterizə oluna bilər. Belə ki, ölkə başçısının qeyd etdiyi kimi, hazırda “Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı”.
Beləliklə biz bəhs olunan tarixi əhəmiyyətli müsahibənin məntiqindən hasil edirik ki, 2025 -ci il Azərbaycan–ABŞ münasibətlərində strateji dönüş ili olmaqla yanaşı, bu ilin həm də Azərbaycan–Amerika münasibətlərində tarixi mərhələ kimi dəyərləndirilməsi bir neçə əsas faktorla bağlıdır: Məsələn, Birgə işçi qrupunun yaradılması barədə sənədin imzalanması, 907-ci düzəlişin ləğvi ilə hüquqi-siyasi baryerlərin aradan qalxması, ABŞ rəhbərliyinin (o cümlədən Tramp administrasiyasının) regional normallaşmaya verdiyi müsbət töhfə və s. kimi qarşılıqlı əməkdaşlıq və sülh təşəbbüsləri 30 illik “taktiki öyrənmə” və əməkdaşlıqdan mühüm strateji tərəfdaşlığa doğru təkamül edərək yeni reallıq almışdır (təbii ki, bu işdə Azərbaycanın həyata keçirdiyi tarixi dialoqlar və əməkdaşlıq cəhdləri və ləyaqətli siyasət strategiyası mütləq öz bəhrəsini verməli idi). Yaxud biz buraya sülhün regiona verəcəyi yeni müsbət konteksti nəzərə almaqla yanaşı, Zəngəzur dəhlizi və geoiqtisadi inteqrasiyada oynadığı əhəmiyyəti də əlavə edəriksə, yaxın perspektivdə mühüm tarixi dəyişikliklərin şahidi olacağıq. Başqa formada desək, müsahibədən aydın olur ki, Zəngəzur dəhlizinin açılması regional nəqliyyat-kommunikasiya sistemlərinin bərpası baxımından geoiqtisadi layihə kimi əvəzsizdir. Bu baxımdan ABŞ Prezidentinin bu prosesdə oynadığı rol qlobal güclərin Cənubi Qafqazda stabil tranzit və əməkdaşlıq modelinə marağının göstəricisi kimi izah edilir. Müsahibədən həm də bu kimi tezislər birmənalı şəkildə aydın olur ki, müasir “geopolitik vəziyyətin və ya gündəliyin” əsas meyarı güc faktoru olsa da, Azərbaycan həmişə olduğu kimi sülh və təhlükəsiz dünya ideyasına sadiq qalacaqdır. Bu işdə müxtəlif qlobal birliklər, geosiyasi ittifaqlar, məsələn D-8, yaxud Türk dövlətlər təşkilatı çərçivəsində yeni əməkdaşlıqlar, qlobal Şərq və Qərb, Şimal və Cənub əməkdaşlıqları öz töhfəsini verəcəkdir. Təbii ki, bu qlobal tronsfarmaiyada Çin şirkətləri ilə də əməkdaşlıqlar, bu şirkətlərin bərpaolunan enerji mənbələrinə investisiya qoyması da Azərbaycanın perspektiv və potensial yaxın hədəflərindən biridir. Bütün bu qeyd olunan məsələlər üçün isə təbii ki, bölgədə böyük sülh və əməkdaşlıqların həyata keçirilməsi vacibdir və prosesin axarı göstərir ki, böyük güclərin əksəriyyəti bu strategiya ilə razılaşmaq məcburiyyətində olacaqlar. Çünki burada əməkdaşlıqlar bütövlükdə qlobal sülh və rifah naminədir. Bu kimi başlıca strateji kursun davam edəcəyinə çox vektorlu balanslı siyasi kursun xarakterik inkişafına nümunə çəkərək Prezident İlham Əliyev qeyd etmişdir ki, “Xarici siyasətlə bağlı digər önəmli nailiyyət Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməyimizdir. Hesab edirəm ki, bu da nadir hadisə sayıla bilər. Çünki təbii ki, coğrafi nöqteyi-nəzərdən biz Mərkəzi Asiyada yox, Cənubi Qafqazda yerləşirik. Ancaq Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda o qədər sıx əlaqələrimiz var və son illər o qədər çox layihələr icra edilir ki, artıq bu ölkələr yekdilliklə bizi tamhüquqlu üzv seçdilər. Biz bunu da böyük bir siyasi və diplomatik uğur hesab edə bilərik. Mən Prezident kimi artıq iki il ardıcıllıqla fəxri qonaq kimi Zirvə görüşlərinə dəvət olunurdum”.
Bölgədə böyük sülhün gəlişinə təbii ki ən çox çalışan beynəlxalq təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatı və çoxəsrlik tarixi əlaqələrə malik Türk dövlətləridir. Müsahibədə ölkə başçısının bu təşkilat barədə xüsusi qeyd etdikləri təbii ki, vacib önəm daşıyır. Fakt budur ki, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşü Azərbaycanın siyasi çəkisinin həm regionda, həm də qlobal arenada artdığını aydın şəkildə göstərir. Bu onu bir daha təsdiq edir ki, Azərbaycanın siyasi rəhbərliyinin həyata keçirdiyi postmüharibə dövrünün strategiyası öz bəhrəsini verməkdədir. Yəni məsələ onunla bağlıdır ki, uzun müddət Ermənistanın günahı və tarixi səhvi hesabına müharibə meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur artıq müharibənin deyil, inkişafın və əməkdaşlığın simvoluna çevriləcəkdir. Prezidentin qeyd etdiyi kimi “Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünü də xüsusilə qeyd etməliyəm. Bu, bir daha Türk dünyasının birliyini əks etdirən bir Zirvə idi və bildiyiniz kimi, bizim təşəbbüsümüzlə qeyri-rəsmi Zirvə görüşləri də keçirilməyə başlamışdır. Birinci qeyri-rəsmi Zirvə Şuşada keçirilmişdir, rəsmi Zirvə Qəbələdə və bu ənənəni indi digər ölkələr də davam etdirirlər. Artıq qeyri-rəsmi Zirvə Görüşü Macarıstanda keçirilmişdir. Yəqin ki, bu il də keçiriləcək. Yəni xarici siyasət istiqamətində yekunlarla bağlı çox danışmaq olar. Bu yaxınlarda xarici işlər naziri mətbuat konfransı keçirmişdir, daha geniş məlumat vermişdir. Mən isə sadəcə olaraq, əsasən vacib hesab etdiyim məqamları işıqlandırmaq istədim”.
Müsahibədə qeyd edilən fundamental tezislərdən bir daha aydın olur ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Azərbaycanın Türk dünyasında siyasi-mənəvi mərkəzlərdən biri kimi rolunu möhkəmləndirməklə yanaşı, Türk dünyasının birliyi və əlaqələri baxımından əhəmiyyətli bir hadisə kimi həm də yeni Zirvə görüşləri üçün ideya-mənəvi bağ, təkan kimi qiymətləndirilə bilər.
Məqalənin sonunda nəticə olaraq bir daha qeyd edək ki, tarixdə liderlər tərəfindən düzgün qoyulmuş mənəvi əsaslar mütləq tarixi prosesdə öz bəhrəsini verir. Təbii ki, tarixdən bu kimi həqiqət də məlumdur ki, dünyada əbədi müharibə olmadığı kimi əbədi sülh də qlobal arenada bir növ tarixən mübahisəli qavranılmışdır. Lakin Cənab Prezident İlham Əliyevin yerli televiziya nümayəndələri ilə görüşü zamanı verdiyi müsahibəsinin əsas mahiyyətindən bir daha aydın olur ki, Azərbaycan dövlətinin siyasi- ideoloji xətti ondan ibarətdir ki, Azərbaycan güclü dövlət olaraq öz tarixi bağlarına və identikliyinə sadiq olmaqla yanaşı, o sülhü təşviq edən bütü rasional və ədalətli təşəbbüslərə açıqdır. Dövlətin əsas strateji hədəfi güclü olmaqla yanaşı, dialoq və əməkdaşlıqlara açıqlıq, sülhün dünya miqyasında bərqərar olunmasına istiqamətlənmiş bir Ruhi-mənəvi istəyi vardır. Və tarixi təcrübə həm də onu təsdiq edir ki, Müzəffər Ali Baş Komandan tarixi tsikliyin yeni reallıqlarını regiona müharibə ocağı kimi təlqin etmək istəyən mərkəzlərdən fərqli olaraq, sülh və əməkdaşlıqları istəyir və o, sülhü qorumaq gücünə malik bir tarix şəxsiyyətdir. Bütün bunlar isə təbii ki, milli-mənəvi dəyərlərə söykənən, eyni zamanda qlobal çağırışlara açıq olan bu siyasət və paradiqmanın Azərbaycanın gələcəyini təmin edən əsas faktordur. Deməli, həm də prosesdən aydın olan həqiqətlərdən biri də budur ki, idi region böyük sülhün bir addımlığındaqlobal əməkdaşlığın yeni mərhələsinin başlanğıcındadır, bu kontekstdə Qərbi Azərbaycan torpaqlarına qayıdış ideyasının ciddi tarixi, mənəvi, mədəni və ontoloji əsasları vardır və tarixi proseslər göstərir ki, ölkə başçısının sarsılmaz iradəsi və praqmatik siyasəti nəticəsində bu əsaslar tədricən tarixi prosesin faktına çevriləcəkdir.
Şölət Zeynalov,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. YAP Yasamal rayon
Fəlsəfə və Sosiologiya İnstitutu ərazi partiya təşkilatının sədri
14:35 10.01.2026
Oxunuş sayı: 8692