Xəyanətin faciəvi ironiyası: Ayna Sultanova paradoksu
Sovet hökuməti qadınların azadlığını özünün ideoloji legitimliyinin əsas sütunlarından biri kimi təqdim edirdi. Xüsusilə Şərq qadınlarının "azadlığı" Sovet modernləşdirmə layihəsinin simvoluna çevrilmişdi. Lakin bu layihəyə rəhbərlik edən qadınların taleyi ideoloji şüarlarla siyasi reallıq arasında ciddi ziddiyət nümayiş etdirirdi. Ayna Sultanova bu ziddiyyətin ən bariz nümunələrindən biridir.
Ayna Sultanova kimdir?
Ayna Mahmud qızı Sultanova (1895–1938) “Şərq qadını” jurnalının redaktoru, Azərbaycanın ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur.
Hökümə Sultanovanın da qeyd etdiyi kimi, Ayna ilk Azərbaycan qadınlarındandır ki, taleyini əbədi olaraq Kommunist Partiyasına bağlamışdır.
Bu məqalədə Ayna Sultanova zülm qurbanı kimi romantikləşdirilmir və ya onu tarixi kontekstindən çıxararaq bəraət qazandırılmır. Məqsəd - faktlara əsaslanaraq, onun Sovet hakimiyyətinin qurulmasında və Azərbaycanın milli və siyasi maraqlarının məhv edilməsində oynadığı rolu təhlil etməkdir.
Fakt 1: Azərbaycan Xalq Cümhuriyyətinə qarşı açıq mövqe
Ayna Sultanova 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətini milli dövlət layihəsi kimi tanımırdı və bolşevik ideologiyasına sadiq qalaraq AXC-ni "burjua-millətçi hökumət" hesab edirdi. Bu, sadəcə ideoloji mövqe deyil, işğal üçün ideoloji əsas təmin edən siyasi mövqe idi.
Bolşeviklər üçün də lazım olan əsas təhlükə xarici düşmən deyil, milli dövlət ideyası idi. Bu ideyanın qadın simvolu ola biləcək bir fiqur olan Ayna Sultanova, onu legitimləşdirənlərin tərəfini tutdu.
Bu vəziyyətdə, söhbət "fərqli idealogiyadan" deyil, milli suverenliyə qarşı mövqedən gedir.
Fakt 2: Sovet idarəetmə sistemində rol - "Qırmızı terror"un təbliği
Ayna Sultanovanın Azərbaycanın ilk qadın ədliyyə naziri və Ali Məhkəmənin sədri olması çox vaxt "tarixi nailiyyət" kimi təqdim olunur. Lakin sual budur: Həqiqətənmi, bunlar sadəcə Ayna Sultanovanın uğuru idi?
1920-ci və 1930-cu illərdə Sovet məhkəmə sistemi aşağıdakılara xidmət edirdi:
dövlət xadimlərini,
milli ziyalıları,
müsavatçıları,
müstəqillik tərəfdarlarını qanuni olaraq aradan qaldırdı.
Ayna Sultanova bu sistemin passiv müşahidəçisi deyil, funksional olaraq iştirakçısı idi. Onun başçılıq etdiyi qurumlar Azərbaycan cəmiyyətinin milli yaddaş daşıyan şəxslərinin məhv edilməsi üçün hüquqi çərçivə yaratdı.
Artıq bu sadəcə Sovet ideologiyasına rəğbət deyildi.
Fakt 3: "Şərq qadını" jurnalı
"Şərq qadını" jurnalı qadınların azadlığını təbliğ edən mətbuat orqanı kimi təqdim olunur.
Əslində isə bu nəşr qadınların milli-mədəni modelini məhv edir, dini və ənənəvi kimliyi "cahillik" kimi damğalayır, sovet qadın modelini yeganə müasir və "azadlığa gedən yol" kimi göstərirdi.
Bu, qadınların azadlığı üçün bir layihə deyil, kimliyin transformasiyası üçün bir layihə idi.
Ayna Sultanova bu layihənin əsas ideoloqlarından və təbliğatçılarından biri idi. O, Azərbaycan qadınlarının milli-mədəni kontekstini müdafiə etmirdi, əksinə onları Sovet ideologiyasına uyğunlaşdırırdı. Onun “Rədd olsun çadra”, “Türk qadını traktor başında” və s. məqalələri bu dediklərimizin bariz nümunəsidir. Bunların hər biri mədəni səviyyədə milli yadlaşmanın güclənməsinə töhfə verdi.
Fakt 4: Həmid Sultanovla ittifaq ailə ittifaqı deyil, ideoloji ittifaqdır.
Onun ömür-gün yoldaşı Həmid Sultanov da bolşevik hökumətinin fəal fiqurlarından biri idi. Bu ailə Azərbaycanda sovet ideologiyasının təbliğ olunduğu mərkəzlərdən biri idi. Onların birgə fəaliyyəti bunlardan ibarət idi:
milli müqavimətin zəifləməsi,
Sovet ideologiyasının təbliği,
mərkəzə sədaqətin yerli maraqlardan üstün tutulması. Bunlar şüurlu siyasi seçim idi.
1937: Sədaqətin mənasını itirdiyi il
1937-ci il repressiyaları Sovet sisteminin özünüqoruma instinktlərinin kulminasiya nöqtəsi idi. Bu dövrdə sədaqət anlayışının mənası qalmadı. Ayna Sultanova da həyat yoldaşı ilə birgə qırmızı terrorun hədəfinə çevrildi. Özlərini, milli kimliklərini qurban etdikləri sistem onları qurban edərək cəzalandırdı. Təbliğ etdikləri idealogiyanın qurbanı oldular. Bu fakt göstərir ki, Sovet siyasi sistemində nə əvvəlki xidmətlər, nə də sədaqət heç bir dəyərə malik deyildi.
Onların repressiya qurbanı olması faktı sonradan nə qədər Ayna Sultanova və Həmid Sultanova cütlüyünün "salehliyi" kimi təqdim edilsə də, gerçəklər dəyişmir. Sistemin qurbanı olmaq sistemə xidmət edildiyi gerçəyini inkar etmir. Ayna Sultanova və Həmid Sultanovu yalnız zülm qurbanı kimi göstərmək tarixin həddən artıq sadələşdirilməsi olardı.
Onlar - öz dövlətinə qarşı çıxdılar, "Qırmızı terror" mexanizminin bir hissəsi oldular, ideologiya naminə milli maraqlardan imtina etdilər.
Və sonda sistem onları da məhv etdi. Bu, xəyanətin faciəvi ironiyasıdır.
Ayna Sultanova ideologiyanın qadın siması idi.
Lakin bu sifət azadlığın deyil, dövlətə xəyanətin simvoluna çevrildi.
Kübra Musayeva
13:32 10.01.2026
Oxunuş sayı: 6245