Beynəlxalq terminologiyaya və elmi üsluba uyğun sözlərdən istifadə qaçılmazdır, lakin... -AKADEMİK
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində dövlət dilinin saflığının qorunması barədə də danışıb.
"Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir", - o bildirib.
"Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm", - deyə dövlət başçısı bildirib.
Dil bir xalqın təkcə ünsiyyət vasitəsi deyil, onun tarixi yaddaşı, milli kimliyi və mənəvi varlığının əsas ifadə formasıdır. Xalqın keçdiyi yol, yaşadığı ağrılar və qazandığı zəfərlər məhz ana dilində iz buraxır, nəsildən-nəslə ötürülür. Bu mənada Azərbaycan dili yüzilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlayan, onu assimilyasiya təhlükəsindən uzaq tutan ən mühüm amillərdən biri olmuşdur. Müxtəlif imperiyalar tərkibində yaşamağımıza, fərqli ideoloji və siyasi sistemlərin təsirinə məruz qalmağımıza baxmayaraq, Azərbaycan xalqı öz dilinə sahib çıxmış, onu qorumuş və yaşatmışdır.
Bu gün qürurla qeyd edə bilərik ki, müasir Azərbaycan dili mahiyyət etibarilə ulu babalarımızın danışdığı dilin davamıdır. Dilimizin daxili strukturu, ifadə imkanları və milli ruhu əsrlər boyunca dəyişməz qalmış, yalnız zamanın tələblərinə uyğun şəkildə zənginləşmişdir. Bu fakt xalqımızın milli iradəsinin, mədəni davamlılığının və mənəvi gücünün bariz nümunəsidir. Dilə olan bu bağlılıq Azərbaycan xalqının böyüklüyünü, milli dəyərlərə sədaqətini bir daha təsdiqləyir.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizin qorunması, saflığının təmin edilməsi və yad təsirlərdən təmizlənməsi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, sovet dövründə dilimizə müəyyən yad leksik vahidlər daxil olsa da, müstəqillik illərində məqsədyönlü siyasət nəticəsində Azərbaycan dili öz təbii axarına qaytarılmış, milli mahiyyəti bərpa edilmişdir. Prezidentin bu fikirləri təkcə dil siyasətinin nəticəsi deyil, eyni zamanda xalqın milli şüurunun və özünüdərk səviyyəsinin göstəricisi kimi qiymətləndirilməlidir.
Dövlət başçsının səsləndirdiyi fikirlər barədə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Cənab Prezidentin daim Azərbaycan dili ilə bağlı mühüm məsələləri gündəmə gətirməsi, yalnız rəsmi sənədlərin qəbul edilməsi və qanunvericilikdə düzəlişlərin aparılması ilə məhdudlaşmır. Bu, onun birbaşa səlahiyyətində olan rəsmi dövlət işidir. Eyni zamanda, Prezidentin geniş kütlələr, elm adamları və ziyalılar arasında müzakirə olunmalı məsələlərə diqqət yetirməsi və cəmiyyətin diqqətini bu istiqamətlərə yönəltməsi onun fəaliyyətində xüsusi əhəmiyyət daşıyan cəhətdir. Azərbaycan dilinin inkişafına göstərilən bu diqqət, yalnız dilin səviyyəsində deyil, xalqın ruhu səviyyəsində də müəyyən intibah və təşəbbüslərə yol açır. Bu səbəbdən cənab Prezidentə minnətdar olmalıyıq. Azərbaycan dilinin saflığı ilə bağlı məsələlər Prezident tərəfindən analitik şəkildə, televiziya müsahibəsində və Akademiyanın yubileyi ilə bağlı toplantıdakı çıxışında geniş şəkildə təqdim olunub. Bu çıxışlar yalnız mütəxəssislər üçün deyil, həm də xalqın və dünya azərbaycanlılarının diqqətinə çatdırılan, daima müzakirə olunmalı məsələləri əhatə edir".
Müsahibimiz söyləyib ki, tarix boyu Azərbaycan dili öz saflığını qoruyub saxlamışdır: "Bunun səbəbi xalqımızın böyük ziyalılarının olmasıdır. Azərbaycan dili kökü etibarilə türk dilidir və bu gün mövcud olan türk dillərindən biridir. Lakin dilimizə tarix boyu ərəb və fars sözləri də keçmiş, və bu sözlər milliləşmişdir. Yüzillər boyunca şair və yazıçılarımız bu sözləri xalqımızın ruhuna uyğunlaşdırmaq üçün böyük işlər görmüşlər. Cənab Prezidentin vurğuladığı kimi, Dədə Qorqud eposunun dili ilə bugünkü Azərbaycan dili arasında, eyni zamanda Koroğlu, Məsimi, Xətai, Füzuli, Vaqif və Mirzə Fətəli Axundovun dili arasında ciddi fərq yoxdur. Bu baxımdan Azərbaycan dili xüsusiyyətlərini qoruyan dillərdən biridir. Sovet dövründə dilimizə sovetizmlər və rus sözləri keçmişdir, lakin müasir nəsil artıq onlardan demək olar ki, istifadə etmir. Bu ruhu qorumaq vacibdir".
Akademik, həmçinin Azərbaycan dilinin qorunması və inkişafını həm də yaradıcı insanlarımızın və ziyalılarımızın üzərinə düşən bir vəzifə olduğunu bildirib: "Beynəlxalq terminologiyaya və elmi üsluba uyğun sözlərdən istifadə qaçılmazdır, lakin bu sözlər elmi dilimizi və təfəkkürü problem yaratmayacaq şəkildə işlənməlidir. Eyni zamanda, bu sözlərin mütəxəssislər tərəfindən işlənməsi ilə yanaşı, onların kütləviləşməsi imkanları da genişləndirilməlidir. Bu məqsədlə dilçilərimiz davamlı araşdırma aparmalı, dildə baş verən dəyişiklikləri nəzarətdə saxlamalı və cəmiyyətə aydın təsəvvür yaratmalıdırlar".
Elmir Heydərli
14:31 07.01.2026
Oxunuş sayı: 2494