Qaxda Yeni ilin gəlişi böyük ruh yüksəkliyi ilə qeyd olunub
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi respublikamızın hər bir guşəsində olduğu kimi, Qax rayonunda da böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunub.
Crossmedia.az xəbər verir ki, əlamətdar bayramlar münasibətilə dekabrın 30-da Qax şəhərinin mərkəzindəki meydanda ümumrayon şənliyi keçirilib.
Bayramsayağı bəzədilən meydanın mərkəzində qurulan hündür Yolka ağacının ətrafında keçirilən tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək, şənlik iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, yola saldığımız 2025-ci ilin xalqımız üçün çox uğurlu və əlamətdar olduğunu vurğulayıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın bugünkü inkişafı, bütün sahələrdə qazanılan uğurlar ölkəmizin parlaq, xalqımızın xoşbəxt gələcəyindən xəbər verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər bir daha göstərir ki, müasir dövrümüzün hər anı tərəqqi salnaməsidir. Bu tərəqqini, inkişafı ölkənin bütün şəhər və rayonlarının simasında aydın görmək olar.
Yeni ilin personajları olan Şaxta baba və Qar qızın şənliyə gəlişi hamının, xüsusilə də uşaqların böyük sevincinə səbəb olub. Şaxta baba və Qar qız şənlik iştirakçılarına Yeni il arzularını çatdırıblar.
Bayram şənliyi rayonun musiqi və rəqs kollektivlərinin, həmçinin paytaxtdan gəlmiş tanınmış ifaçıların rəngarəng konsert proqramı ilə davam edib.
Şənlik atəşfəşanlıqla başa çatıb.(AZƏRTAC)







23:57 30.12.2025
Oxunuş sayı: 1451