Tatarlar: At südündən içki hazırlayan xalq
Tatarlar Orta Asiya mənşəli, qədim türk xalqlarından biridir. Tarix boyu döyüşkən ruhları ilə tanınsalar da, müasir dövrdə onlar zəka, mədəniyyət, mətbəx və fiziki gözəllikləri ilə diqqət çəkirlər. Maraqlıdır ki, Azərbaycanda tatarlar bəzən “yapon turistləri” ilə qarışdırılır. Onların xarici görünüşü, səmimi davranışları və fərqli üslubu bu cür təəssürat yaradır.
Tarixi köklər və “tatar” adının yaranması
“Tatar” etnik adı ilk dəfə VIII əsrdə Mərkəzi Asiyada qeyd olunub. Kül Tigin abidəsində “Otuz Tatar” və “Tokuz Tatar” tayfa birliklərindən bəhs edilir. XIII əsrdə Çingiz xanın ordusunda yer alan tatar tayfaları Altın Orda dövləti dövründə əhalinin böyük hissəsini təşkil etmişdir. Həmin dövrdə “tatar” sözü həm “soylu”, həm də “güclü” mənalarında işlədilirdi.
Altın Orda dövründə bu ad geniş əhali kütləsinin ümumi identifikasiyası üçün istifadə olunurdu. XV–XVI əsrlərdə Kazan xanlığı kimi dövlətlərin yaranması ilə “tatar” adı etnik özünütəsdiqə çevrildi. XIX əsrdə isə alim və mütəfəkkir Şihabəddin Mərcani bu adı milli kimlik simvolu kimi formalaşdırdı və İdil-Ural bölgəsində yaşayan tatarların özlərini “tatar” adlandırmasını gücləndirdi.
Tatarların mətbəxi və gündəlik həyatı
Tatarlar yalnız döyüşçü xalq kimi tanınmır. Onların mətbəxi olduqca zəngin və rəngarəngdir. Ət yeməklərinə xüsusi önəm verirlər. Mantı(düşbərə) çiybörək tatar mətbəxinin məşhur nümunələrindəndir. Bu yeməklər təkcə dadı ilə deyil, hazırlanma üsulları ilə də seçilir.
Tarixi mənbələr göstərir ki, tatarlar at südündən hazırlanan kımız adlı içkidən geniş istifadə ediblər. Kımız onların gündəlik həyatında həm qida, həm də mədəniyyət elementi kimi mühüm yer tuturdu. Tatarlar həmçinin təmtəraqlı süfrələrə, musiqi və rəqslərə böyük maraq göstərirdilər. Bu mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsi tatar cəmiyyətində xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən tatar mədəniyyəti yalnız Orta Asiya və Rusiya ilə məhdudlaşmır, Finlandiya tatarları kimi diaspor icmalarında da qorunub saxlanılır.
Zəka və mədəni irs
Tatarlar zəka və yaradıcılıq baxımından da fərqlənirlər. Məşhur tarixçi İlber Ortaylı tatar mənşəlidir və tarix elminə böyük töhfələr verib. Aziz Nesin, Yusuf Akçura, Erol Evgin, İhsan Oktay Anar və İlhan Mansız kimi tanınmış simalar da tatarların zəngin mədəni və intellektual potensialını təmsil edirlər. Tatarlar təkcə ağıllı deyil, həm də güclü yumor hissi və yaradıcılıq qabiliyyəti ilə seçilirlər.
Fiziki xüsusiyyətlər və uzunömürlülük
Maraqlı faktlardan biri də odur ki, tatar kişilərində saqqalın gec çıxması və onların uzunömürlü olmaları tez-tez qeyd olunur. Bu xüsusiyyət həm genetik amillərlə, həm də həyat tərzi ilə əlaqələndirilir. Dünya şöhrətli model İrina Şeyk özünü tatar əsilli kimi tanıdır. Bu fakt tatarların fiziki gözəllik və cazibə baxımından da seçildiyini göstərir. Tarixi mənbələrdə tatarların sağlam həyat tərzi, nizam-intizamı və təmizliyə verdikləri önəm vurğulanır.
Tarixi sarsıntılar: sürgün və mühacirət
Tatar tarixində ağır və ağrılı dövrlər də olub. 1944-cü ildə Krım tatarları Stalin rejimi tərəfindən kütləvi şəkildə sürgün edilmişdir. Bu faciə tatar xalqının kollektiv yaddaşında dərin iz buraxıb. 2016-cı ildə “Eurovision” müsabiqəsinin qalibi olan krım tatarı Jamala bu faciəni musiqi vasitəsilə dünyaya çatdırmışdır. Sürgün və mühacirət tatarların milli kimlik şüurunu daha da gücləndirib.
Etno-genetik mənşə
Tatarların mənşəyi ilə bağlı bir neçə əsas nəzəriyyə mövcuddur:
Bulqar–Tatar nəzəriyyəsi: İdil bölgəsində yaşamış İdil bulqarları əsas etnik bazanı təşkil edir.
Tatar–Monqol nəzəriyyəsi: Orta Asiyadan Avropaya köç edən tatar-monqol qrupları bugünkü tatarların formalaşmasında əsas rol oynayıb.
Türk–Tatar nəzəriyyəsi: Tatarların kökləri Türk xaqanlığı, Xəzər və İdil-Bulqar dövlətlərinə dayanır.
Genetik araşdırmalar göstərir ki, İdil-Ural tatarlarının genetik fondu yüksək müxtəlifliyə malikdir və bu, türk və fin-uqor tayfalarının qarışmasını təsdiqləyir.
Finlandiya tatarları: inteqrasiya nümunəsi
Finlandiya tatarları xüsusi diqqətə layiqdir. Onlar əsasən Nijni Novqorod bölgəsindən köç etmiş Mişər tatarlarıdır. Bu icma Finlandiya cəmiyyətinə uğurla inteqrasiya olunub. Bunun əsas səbəbi tarixən formalaşmış nizam-intizam və dövlətə sədaqət anlayışıdır. Altın Orda, Kazan və Kasım xanlıqlarının idarəçilik təcrübəsi bu ənənənin davamlılığını izah edir.
Tatar dili və mədəniyyəti
Tatar dili Qıpçaq qrupuna aiddir və üç əsas dialekti mövcuddur: Qərb (Mişər), Orta (Kazan) və Şərq (Sibir tatarları). Müasir ədəbi tatar dili əsasən Kazan dialekti üzərində formalaşıb. Dil və mədəniyyət tatarlar üçün təkcə ünsiyyət vasitəsi deyil, həm də tarixi yaddaşın qorunması deməkdir.
Beləliklə, tatarlar yalnız döyüşçü xalq deyil. Onlar zəka, mədəniyyət, mətbəx, gözəllik, uzunömürlülük və güclü tarixi yaddaşa sahib bir xalqdır. Tarixi sarsıntılar onların milli kimliyini daha da möhkəmləndirib. Tatarların hekayəsi tarix, mədəniyyət və insanlıq baxımından diqqətəlayiq nümunədir. Onlar keçmişin qoruyucusu olmaqla yanaşı, gələcəyə də ümidlə baxan bir xalqdır.
Fatimə Məmmədova
12:05 30.12.2025
Oxunuş sayı: 2793