Professor: Elə bilirlər ki, Trampın "sehrli çubuğu" var, amma... -MÜSAHİBƏ
Davam edən Rusiya - Ukrayna müharibəsi beynəlxalq gündəmi zəbt edən əsas məsələlərdəndir. Bir çox ekspertin fikrincə, savaş artıq yeni mərhələyə daxil olub. ABŞ nə qədər çalışsa da, hələ ki, müharibəni dayandıra bilmir. Bu isə döyüşlərin arealının genişləndirilməsi ehtimalını gündəmdə saxlayır.
Dekabrın 28-də Floridada ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan görüş də nəticə verənə oxşamır. Hər halda nə Kiyev geri çəkilir, nə də Moskva geri addım atır. Bu isə müharibənin gedişatı ilə bağlı ciddi suallar yaradır.
Politoloq, professor Əlimusa İbrahimov bu davam edən müharibə və mümkün perspektivlər barədə Crossmedia.az-a geniş müsahibə verib.
– Son dövrlər baş tutan Florida görüşündən başlayaq. Zelenski ilə bağlı keçirilən bu görüşü necə qiymətləndirirsiniz?
— Açıq desək, bu görüşdə real nəticə əldə olunmadı. Gözləntilər çox böyük idi. Deyilirdi ki, Rusiya–Ukrayna yaxınlaşması baş verə bilər, konkret razılaşmalar əldə olunar. Lakin, əksinə, prosesin gedişi göstərdi ki, Rusiya görüşdə iştirak etməsə də, ssenariyə təsir edib. Formal olaraq Rusiya masada yox idi, amma mahiyyət etibarilə görüş Rusiyanın istədiyi ssenari üzrə getdi. Trampın mövqeyi faktiki olaraq Moskvanın mövqeyi ilə üst-üstə düşürdü. Tramp sanki Rusiyanın maraqlarını müdafiə edən tərəf kimi çıxış etdi. Bu da görüşün nəticəsiz qalmasına səbəb oldu. Çoxları elə bilir ki, Trampın "sehrli çubuğu" var. Amma bu, belə deyil.
– Bəs Zelenski bu görüşdən nə əldə edə bildi?
— Əslində, çox az şey. Yeganə qazanc ondan ibarət oldu ki, Tramp bu dəfə Zelenskini açıq şəkildə təzyiq altına almadı, sərt tənqid etmədi. Görüş gülümsəmə ilə başladı və gülümsəmə ilə də bitdi. Amma konkret siyasi, hərbi və ya təhlükəsizlik baxımından Ukrayna üçün heç bir real nəticə olmadı.

– Təhlükəsizlik zəmanətləri məsələsi gündəmdə idi. ABŞ bu məsuliyyəti üzərinə götürdümü?
— Xeyr. Görüşə qədər belə bir gözlənti var idi ki, ABŞ Ukraynanın təhlükəsizliyinə zəmanət verəcək. Hətta bu istiqamətdə müəyyən açıqlamalar da səsləndirilmişdi. Amma Tramp açıq şəkildə bildirdi ki, Ukraynanın təhlükəsizliyinə zəmanəti Avropa İttifaqı ölkələri verməlidir. ABŞ isə yalnız dolayı dəstək göstərə bilər. Bu isə o deməkdir ki, Tramp Ukrayna məsələsində üzərinə heç bir konkret öhdəlik götürmək istəmir. Onun əsas məqsədi Rusiyayla münasibətləri pozmadan bu prosesdən çıxmaqdır.
– Rusiya ilə münasibətləri pozmadan Ukraynanı müdafiə etmək mümkündürmü?
— Qətiyyən mümkün deyil. Rusiyaya qarşı sanksiyalar tətbiq etmədən, Ukraynanın silah təchizatını gücləndirmədən, Putinə real təzyiq göstərmədən bu müharibədə balans yaratmaq qeyri-mümkündür. Tramp isə bu addımlardan yayınır. Bu da Ukraynanın vəziyyətini daha da ağırlaşdırır.
– Sizcə, Tramp niyə Rusiyaya qarşı bu qədər ehtiyatlı davranır?
— Fikrimcə, Tramp Rusiyanı real güc kimi qiymətləndirir. O, Rusiyanın hərbi potensialını, xüsusilə nüvə arsenalını nəzərə alır və bu qarşıdurmanın böyük dünya müharibəsinə çevrilə biləcəyindən ehtiyat edir. Tramp risk hesablaması aparır və hesab edir ki, mövcud şərtlərdə Rusiya ilə birbaşa toqquşma ABŞ üçün ciddi fəsadlar yarada bilər.
– Bu vəziyyətdə Avropa İttifaqının manevr imkanları nə qədərdir?
— Avropa İttifaqı faktiki olaraq iki cəbhədə uduzur: bir tərəfdən Ukraynanı lazımi səviyyədə dəstəkləyə bilmir,
digər tərəfdən ABŞ-la münasibətləri korlanır. Avropa üçün ən real yol ABŞ ilə münasibətləri mümkün qədər qorumaqdır. Əks halda sabah Rusiya-Ukrayna müharibəsindən sonra növbəti təzyiq hədəfi elə Avropa ölkələrinin özü ola bilər.
– Putinin bu günlərdə cəbhəyə getməsi və verdiyi açıqlamalar nəyə işarədir.
— Bu, həm daxili auditoriyaya, həm də Qərbə mesajdır. Putin demək istəyir ki, mən vəziyyəti nəzarətdə saxlayıram” O, açıq şəkildə bildirir ki, bu gün prioritet Donetskdirsə, sabah tələblər daha da genişlənə bilər. Zaman Rusiyanın xeyrinə işləyir.
– ABŞ və Avropanın mövqeləri fərqlidir. Bəs bu vəziyyətdə Türkiyə necə davranmalıdır?
— Türkiyə bu müharibədə ən balanslı mövqedə olan dövlətdir. Həm Rusiya, həm Ukrayna ilə əlaqələrini qoruyur. Avropa İttifaqı Türkiyəni bu prosesdə fəal şəkildə istifadə etmək istəyir, amma qarşılığında heç bir real təminat vermir. Türkiyə isə “istifadə edilən tərəf” olmaq istəmir. Onun Avropa İttifaqından ciddi siyasi və təhlükəsizlik zəmanətləri gözləntiləri var. Bu təminatlar olmadan Türkiyənin müharibəyə tam şəkildə qoşulması real görünmür.

– Türkiyənin Avropaya yaxınlaşması ABŞ-la münasibətlərə zərər vura bilərmi?
— Xeyr. ABŞ Türkiyəni Avropaya qarşı balans aləti kimi görür. Vaxtilə də bu cür olub, bundan sonra da olacaq. ABŞ-ın məqsədi Avropanı tam itirmək deyil, onu nəzarətdə saxlamaqdır.
– NATO-nun dağılması ehtimalı varmı?
— Xeyr. Əksinə, bu gün NATO-ya ehtiyac dünənkindən daha çoxdur. Münasibətlərdə gərginlik ola bilər, amma NATO-nun dağılması real ssenari deyil.
– Zelenski hakimiyyətdən gedə bilərmi? Seçkilər mümkün görünürmü?
— Mən düşünmürəm ki, Zelenski yaxın vaxtlarda hakimiyyətdən gedəcək. Seçki mövzusu daha çox siyasi təzyiq alətidir. Hazırkı şəraitdə nə ABŞ, nə də Rusiya üçün Zelenskidən daha uyğun alternativ yoxdur.
– Sonda: yaxın perspektiv üçün proqnozunuz nədir? Müharibə bitə bilərmi?
— Təəssüf ki, müharibənin yaxın zamanda bitməsi real görünmür. Əksinə, Rusiyanın Ukrayna ərazilərində irəliləməsi ehtimalı daha yüksəkdir. Bu gün 20 faizdirsə, sabah 30 faiz ola bilər. Yalnız bundan sonra sülh barədə ciddi danışmaq mümkün ola bilər. Avropa və Ukrayna nəhayət başa düşməlidir ki, ABŞ bu müharibəni onların yerinə dayandıra bilməyəcək. Bu, obyektiv reallıqdır.
12:08 30.12.2025
Oxunuş sayı: 9584