Şamaxıda fövqəladə hallara hazırlıq məsələləri müzakirə edilib
Şamaxı rayonunda “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov 2025-ci il ərzində mülki müdafiə və fövqəladə hallarla bağlı görülən işlərdən bəhs edərək əldə olunan nəticələri qeyd edib, mövcud nöqsanların aradan qaldırılması və 2026-cı ildə qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayıb. O, aidiyyəti qurumlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsinin və yerli icra strukturlarının məsuliyyətinin artırılmasının önəmini xüsusi qeyd edib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Sarvan Əsədov çıxış edərək mülki müdafiə sənədlərinin hazırlanması və icra vəziyyəti, əhalinin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, keçirilən təlim və məşqlərin əhəmiyyəti barədə ətraflı məlumat verib, mövcud problemlər və onların həlli yolları ilə bağlı tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Çıxışlar zamanı normativ-hüquqi aktların tələblərinə ciddi riayət olunmasının, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin və vətəndaşlarla işin daha da təkmilləşdirilməsi vurğulanıb.
Toplantının sonunda 2026-cı il üçün prioritet istiqamətlər müəyyən edilib, iştirakçılara müvafiq tapşırıq və tövsiyələr verilib, rayon icra hakimiyyətinin qərargah rəisi Yasin Fərhadov mülki müdafiə sənədlərinin icrasında, eləcə də keçirilən təlim və məşqlərin təşkilində fəal iştirak etdiyinə görə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən fəxri fərmanla təltif olunub.(AZƏRTAC)





19:32 27.12.2025
Oxunuş sayı: 1021