Qlobal liderlik böhranı və Azərbaycanın uğurlu liderlik modeli
Dünya geosiyasi arenada çətin günlər yaşayır. Həm beynəlxalq miqyasda, həm də regionlarda sülhə ehtiyac getdikcə daha çox hiss olunur. Lakin mövcud liderlərin əksəriyyəti münaqişələri həll etməkdənsə, onları dərinləşdirən addımlar atır. Bu gün bəşəriyyət peşəkar, ədalətli və sülh naminə real tədbirlər görməyə qadir olan liderlərin çatışmazlığından əziyyət çəkir. Ədalətli olması gözlənilən bir çox liderlər isə müharibəni alovlandırır və problemləri daha da mürəkkəbləşdirirlər.
Hazırkı vəziyyəti daha yaxşı anlamaq üçün bir neçə nüfuzlu Qərb liderinin fəaliyyətinə nəzər salmaq kifayətdir.
Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq arenadakı davranışları getdikcə daha çox tənqid hədəfinə çevrilir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq qlobal sülh və təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır. Lakin Makronun məsuliyyətsiz addımları və sözləri bu rolu zədələyir. O, Ukrayna müharibəsi ilə bağlı qərarlarda qeyri-müəyyən mövqe nümayiş etdirərək, Qərb daxilində gərginliyi artırıb.
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Makronu "dəli" adlandıraraq onun Ukraynaya qoşun göndərmək planlarını kəskin tənqid edib. Filippo bu addımın Üçüncü Dünya müharibəsinə yol aça biləcəyini vurğulayaraq, bu qərarın Fransa parlamentində bloklanmasını tələb edib. Maraqlıdır ki, bu tənqidlər yalnız müxalifətdən deyil, həm də Fransa ictimaiyyətindən gəlir. Makronun davranışları təkcə beynəlxalq ictimaiyyətdə deyil, öz ölkəsində də narahatlıq yaradır.
Almaniya kansleri Olaf Şoltsun siyasəti də ciddi suallar doğurur. Şolts Avropanın ən güclü iqtisadiyyatlarından birinin rəhbəri olaraq, Ukrayna münaqişəsində qətiyyətli mövqe ortaya qoya bilmir. Onun Rusiya ilə bağlı siyasəti həm Avropa İttifaqı daxilində, həm də beynəlxalq aləmdə parçalanmalara səbəb olub. Almaniya rəhbərliyinin zəifliyi Avropanın müdafiə qabiliyyətinə və birliyinə ciddi təsir göstərir.
Bu vəziyyət Qərb cəbhəsində həmrəylik əvəzinə, xaosun hökm sürdüyünü göstərir. Müharibə və sanksiyalarla bağlı qeyri-müəyyənliklər artdıqca, dünya sülhə və sabitliyə daha çox ehtiyac duyur.
Qərb liderlərinin münaqişələri dərinləşdirdiyi bir dövrdə, Şərqdən ədalətli və uzaqgörən siyasət nümunəsi yüksəlir. Bu nümunə Azərbaycandır. Prezident İlham Əliyev beynəlxalq arenada sülh və ədalət prinsiplərini rəhbər tutaraq, münaqişələrə balanslı yanaşması ilə fərqlənir.
Azərbaycan pandemiya dövründə “vaksin millətçiliyi”nə qarşı çıxaraq, qlobal ədalət anlayışını müdafiə edən azsaylı ölkələrdən biri oldu. Prezident İlham Əliyev bu məsələdə sərt və prinsipial mövqe nümayiş etdirərək, zəngin ölkələrin pandemiya ilə mübarizədə ədalətsiz yanaşmasını açıq şəkildə tənqid etdi.
İqlim dəyişiklikləri ilə bağlı problemlər də Azərbaycanın prioritetlərindən biridir. COP29 sammitində Prezident Əliyev qlobal ekoloji fəlakətlərin qarşısının alınması üçün cəsarətli təkliflər irəli sürüb. Azərbaycanın bu sahədə təşəbbüskar olması, 300 milyard dollarlıq maliyyə vəsaitinin ayrılmasına nail olması ölkənin dünya ekoloji gündəmindəki rolunu bir daha təsdiqləyir.
Azərbaycanın müharibə bölgələrində apardığı siyasət də təqdirəlayiqdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan hər iki tərəflə münasibətləri qoruyur. Rusiya ilə sıx əlaqələri saxlamaqla yanaşı, Ukraynaya humanitar yardım göstərir. Bu balanslı yanaşma münaqişələrin həllinə real töhfə vermək üçün mühüm addımdır.
Bundan başqa, İsrail-Fələstin münaqişəsində Azərbaycan iki dövlətli həll prinsipini dəstəkləyir. İsrail ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyan Azərbaycan, eyni zamanda, Fələstinə humanitar yardım göstərir. Bu, Azərbaycanın münaqişələrə obyektiv yanaşmasının və sülhə sadiqliyinin göstəricisidir.
Prezident İlham Əliyevin beynəlxalq səviyyədəki fəaliyyəti Azərbaycanın yeni liderlik modelinin əsasını təşkil edir. Onun balanslı, uzaqgörən və ədalətli siyasəti yalnız regionda deyil, dünya miqyasında təqdir edilir. Bu siyasət həmçinin, Qərb liderləri arasında qısqanclıq doğurur.
Makron və Şolts kimi liderlərin Azərbaycana qarşı qərəzli mövqe tutması da məhz bunun nəticəsidir. Azərbaycan müstəqil və prinsiplərinə sadiq bir ölkə olaraq, qlobal liderlikdə yeni standartlar yaradır. İlham Əliyevin apardığı siyasət bir çox münaqişələrin həllində yeni ümidlər doğurur və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır.
Bu gün dünya liderlik böhranı yaşayır. Qərb liderlərinin zəifliyi və ziddiyyətli siyasətləri dünya sülhünə böyük təhlükə yaradır. Lakin Azərbaycanın nümunəsi göstərir ki, ədalətə əsaslanan və balanslı siyasət qlobal problemlərin həllində mühüm rol oynaya bilər. Prezident İlham Əliyevin liderliyi isə beynəlxalq ictimaiyyətə sülh və ədalət üçün yeni bir yol xəritəsi təqdim edir.
Azərbaycanın bu yolda daha böyük uğurlar qazanacağına heç bir şübhə yoxdur. Liderlik boşluğunun hökm sürdüyü dünyada İlham Əliyevin qlobal siyasətdə yeni standartlar müəyyən etdiyi bir dövrə şahidlik edirik.
Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-a açıqlamasında bildirib ki, bəzi beynəlxalq dairələr azadlıq və hüquq prinsiplərinə qarşı çıxış edərək, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Deputatın sözlərinə görə, Fransa bir tərəfdən Ermənistanı silahlandırmaqla regionda gərginliyi artırır, digər tərəfdən beynəlxalq hüququn prinsiplərinə zidd olaraq Azərbaycan əleyhinə bəyanatlar səsləndirir.
Vüqar Bayramov vurğulayıb ki, bu yanaşma Azərbaycan dövlətinin müstəqil və prinsipial siyasətinə qarşı açıq düşmən münasibətini ortaya qoyur. Bununla belə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycanın qətiyyətli mövqeyi ölkəmizin regionda sülh və sabitliyin təminatçısı kimi lider rolunu bir daha təsdiq edir.
Deputat qeyd edib ki, COP29 çərçivəsində həyata keçirilən layihələr qərəzli xarici dairələrin və onların Azərbaycandakı tərəfdarlarının planlarını iflasa uğratdı. “Bu, Azərbaycanın müstəqil və özünəinamlı siyasətinin növbəti uğurudur. Ölkəmiz beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, regionda sülh və inkişafın təminatçısı rolunu gücləndirməkdə davam edir”, - deyə deputat əlavə edib.
Bayramovun sözlərinə görə, Azərbaycan gələcəkdə də müstəqil siyasətinə sadiq qalacaq və regionun təhlükəsizliyi ilə yanaşı, davamlı inkişafına töhfə verməkdə davam edəcək.
Nihat Tahirov
12:18 28.11.2024
Oxunuş sayı: 9665