İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ziyarət edilib
Jurnalistlər, qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri və bloqerlər İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, ziyarət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə rayona təşkil olunan mediatur çərçivəsində baş tutub.
Qeyd olunub ki, mediaturun məqsədi mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq, həyata keçirilən sosial layihələr, uşaqlara və ailələrə göstərilən psixoloji, sosial və hüquqi dəstək mexanizmləri barədə məlumatlandırmadır.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva ziyarətçilərlə görüşdə əhali ilə aparılan sosial işlərin səmərəliliyinin artırılmasında regionlarda fəaliyyət göstərən Mərkəzlərin mühüm rol oynadığını vurğulayıb.
Direktor mərkəzdə təşkil olunan inkişafetdirici məşğələlər, aktiv terapiya otağı, Denver II qiymətləndirmə proqramı, eləcə də psixoloq otaqlarının fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi fəaliyyət göstərir.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Şüvəlan və Goranboy Mərkəzləri, 2010-cu ilin dekabrında isə daha 9 mərkəz (Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab) Dövlət Komitəsinin tabeliyinə verilib.
Dəstək Mərkəzləri həssas ailələrə və şəxslərə yönəlmiş dəstək tədbirləri həyata keçirir. Həmçinin ailə, qadın və uşaq məsələləri ilə bağlı müxtəlif sosial layihələr və proqramlar hazırlanaraq icra olunur. Məişət zorakılığı, erkən nikah, narkomaniyanın qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi işləri də aparılır. Bu istiqamətdə valideynlərin və mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil edir. Mərkəzlərdə direktor, baş mühasib, sosial iş üzrə mütəxəssis-psixoloq, sosial iş üzrə mütəxəssis, sosial pedaqoqlar, fiziki tərbiyə rəhbəri (təlimatçı) çalışır.
19:28 19.12.2025
Oxunuş sayı: 1041