Belçika Rusiya aktivlərinin müsadirəsinə qarşı çıxarsa, Aİ-də təcridolunma riski ilə üzləşə bilər
Belçika hökuməti Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın xeyrinə müsadirəsinə razılıq verməsə, ölkə Avropa İttifaqında Macarıstanla yanaşı təcrid vəziyyətinə düşə bilər.
Crossmedia.az bu barədə Politico nəşrinə istinadən xəbər verir.
Məlumata görə, bu həftə Aİ nümayəndələri Belçikanın etiraz etdiyi Avropa Komissiyasının planı ilə bağlı üç görüş keçirəcək. Planın tərəfdarları onu 18 dekabr sammitində təsdiqləmək istəyirlər. Diplomatlar bildirirlər ki, “hələ bütün ümidlər itirilməyib” və Aİ Brüsselin əsas tələblərini nəzərə almağa çalışacaq.
Bununla belə, əgər Belçikanın baş naziri Bart De Vever qərarı bloklamaqda davam etsə, o, Viktor Orbanın vəziyyətinə bənzər şəkildə təcrid oluna bilər. Diplomatların sözlərinə görə, Belçika Aİ tədbirlərində “səsinin zəifləməsi”, 2028–2034-cü illər büdcəsi üzrə tələblərinin önəmsizləşdirilməsi və ümumi Avropa təşəbbüslərinə dair rəyinin nəzərə alınmaması ilə üzləşə bilər. Həmçinin faktiki diplomatik blokada ehtimalı da istisna edilmir.
Nəşr qeyd edir ki, belə bir ssenari həmişə Avropa inteqrasiyasının mərkəzində olan ölkə üçün “çox sərt reallıq” ola bilər. Lakin mənbələr bildirirlər: “ümidsiz dövrlər radikal addımlar tələb edir”.
Günel Verdiyeva
16:57 11.12.2025
Oxunuş sayı: 868