Tramp qorxu içində: Latın Amerikası ölkələri ABŞ-yə qarşı birləşə bilər
ABŞ prezidenti Donald Trampın Latın Amerikasında narkokartellərin yerüstü obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı açıqlaması bölgədə yeni təhlükəsizlik fazasının başlaya biləcəyindən xəbər verir. ABŞ-nin bu addımı həm regional sabitliyə, həm də transsərhəd cinayətkarlığa qarşı mübarizəyə ciddi təsir göstərə bilər. Lakin Trampın sərt xəttə əsaslanan yanaşması bir tərəfdən kartellərin fəaliyyətinin zəiflədilməsini hədəfləsə də, digər tərəfdən Latın Amerikası ölkələrinin reaksiyasını kəskinləşdirə və siyasi gərginliyi artırmaq potensialına malikdir. Bu kontekstdə Trampın narkokartellərə qarşı başlatdığı mübarizənin real nəticə verib-verməyəcəyi və regionda hansı siyasi balansı formalaşdıracağı açıq sual olaraq qalır.

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:
"Donald Tramp hakimiyyətə gəldikdən sonra narkotik kartellərinə qarşı mübarizə aparacağını bəyan etmişdi. Bu kontekstdə əsas hədəf kimi Venesuela seçilmişdi. Ehtimal var ki, ABŞ Venesuelaya qarşı yenidən “qura əməliyyatı” tipli bir prosesə başlasın. Çünki bundan əvvəl də ABŞ uzun illər Venesuelaya qarşı ciddi təzyiq siyasəti həyata keçirmişdi. Buradakı əsas məqsəd, təbii ki, ABŞ-nin Venesuelanın təbii ehtiyatlarına, xüsusən də neftinə nəzarət etmək istəməsidir. Çünki Venesuela dünyada ən böyük təsdiqlənmiş neft ehtiyatlarına sahib ölkədir. Ona görə böyük ehtimalla ABŞ Venesuela Prezidenti Nikols Maduro hakimiyyətinə təzyiqləri artıraraq bu ehtiyatlara çıxış əldə etməyə çalışacaq. Hətta Maduronun hakimiyyətdən devrilməsi məsələsi də Vaşinqtonun gündəmindədir. “Narkotik kartelləri ilə mübarizə” adı altında ABŞ Venesuelaya hərbi müdaxilə təşkil edə və Maduro hakimiyyətinə son qoya bilər. Bu, tamamilə gözlənilən ssenari kimi qiymətləndirilir".
Politoloq burada bir önəmli məqamın olduğunu vurğulayıb: "Latın Amerikası ölkələri ABŞ-yə qarşı birləşə bilərlər. Çünki bölgədə ABŞ-yə qarşı sərt xətt aparan regional birliklər mövcuddur və onlar Vaşinqtonu proseslərdən uzaqlaşdırmağa çalışa bilərlər. Hətta ABŞ-nin bu qurumlardan kənarlaşdırılması məsələsi belə gündəmə gələ bilər. Ümumilikdə region ölkələri ABŞ-yə qarşı sərt siyasi mövqe nümayiş etdirə bilərlər. Məhz buna görə ABŞ çalışır ki, açıq hərbi müdaxiləyə getməsin. Vaşinqton daha çox “yumşaq güc” taktikasından istifadə edir: Maduro hökumətinə təzyiq göstərərək ya onu neft ehtiyatları ilə bağlı razılaşmaya məcbur etmək, ya da Maduonu zəiflədib onun yerinə özünə yaxın fiqurları gətirmək məqsədi güdür".
Ayhan
09:41 09.12.2025
Oxunuş sayı: 2420