Ekspert: Xidmətə çağırılan bir çox gənc müəyyən müddətdən sonra yararsız hesab edilir, çünki...
Son illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fəaliyyətin şəffaflaşdırılması, intizamın gücləndirilməsi və qanun pozuntularının qarşısının alınması istiqamətində mühüm addımlar atılır. Xidmətin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayevin QHT nümayəndələri ilə görüşündə bildirdiyi kimi, aparılan yoxlamalar nəticəsində əməkdaşların fəaliyyətində müəyyən nöqsanlar aşkar olunub və bununla bağlı ciddi tədbirlər görülüb.
Polkovnik Əziz Hidayev qeyd edib ki, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 əməkdaşın əməlində qanunsuz hərəkətlər müəyyən edilib. Bu hallar barədə müxtəlif növ inzibati tənbeh tədbirləri tətbiq olunub, 9 nəfər isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Bundan başqa, qanun pozuntuları ilə bağlı hüquqi prosedurlar da diqqətdə saxlanılıb: 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayında isə 93 nəfər barəsində 44 fakt prokurorluq orqanlarına baxılması üçün göndərilib.
Bu statistika göstərir ki, Xidmət daxilində daxili nəzarət mexanizmləri aktiv işləyir və əməkdaşların məsuliyyətli fəaliyyəti təmin olunur. Həm inzibati, həm də hüquqi tədbirlərin tətbiqi şəffaflığın və qanunçuluğun qorunmasında əsas vasitə kimi çıxış edir. Eyni zamanda, bu proseslər həm vətəndaşların xidmətə inamını gücləndirir, həm də dövlət qurumlarında keyfiyyətli idarəetmənin möhkəmlənməsinə xidmət edir.
Xidmətdə aparılan işlərlə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "SHÇDX yarandığı gündən bu günə qədər fəaliyyət göstərir və gündəmə müxtəlif məsələlər gəlir, müzakirə olunur. Bu məsələlər içərisində həm müsbət, həm də mənfi məqamlar mövcuddur. Ona görə də, qısa şəkildə demək olar ki, vəzifə dəyişiklikləri hələ bir qurumda islahat aparıldığını göstərmir. İslahatlar kompleks şəkildə həyata keçirilməlidir. Yəni çağırışdan əvvəl və xidmət zamanı bütün məsələlər müzakirə olunmalı, qanunvericilik səviyyəsində öz təsdiqini tapmalıdır. Təəssüf ki, bu günədək bu işlər tam şəkildə görülmür. Hesab edirəm ki, səhv yanaşmalar hələ də qalmaqdadır. Dövlət xidməti müvafiq qurumlara müraciət etməli və alternativ xidmət haqqında qanun qəbul edilməlidir. Vəzifə təyinatları və vəzifədən azad edilmələr isə islahat hesab edilə bilməz. Bu halların davam etməsi təbii haldır. Xidmətə yeni gələnlər və xidmətdən çıxanlar olacaq".
Ekspert, həmçinin söyləyib ki, neqativ tendensiyaların formalaşmasında rüşvət, korrupsiya halları da mühüm rol oynayır: "Bu cür hallar yolverilməzdir. Bəzən isə sadəcə fəaliyyət xətrinə müəyyən məlumatlar təqdim olunur. Hərçənd çağırışçılardan gələn sualların cavablandırılması da vacibdir. Məsələn, dağlıq rayonlarda doğulan çağırışçıların ağır şəraitdə xidmət etməsi əvəzinə, həmin ərazilərdə yerləşən hərbi hissələrdən istifadə etmək həm effektivliyi artırar, həm də problemləri həll edər. Qısaca demək olar ki, bu qurumla bağlı müəyyən müsbət tərəflər olsa da, xidmət tam şəkildə özünü doğrultmur. Təəssüf ki, xidmətə çağırılan bir çox gənc müəyyən müddətdən sonra yararsız hesab edilir. Bunun səbəbi isə bəzi işlərin düzgün qurulmaması və lazımi şəkildə icra olunmamasıdır".
13:32 02.12.2025
Oxunuş sayı: 4590