Xalça Muzeyində zamanın toxunuşu: Azərbaycan xalçaçılığının minillik yoluna uzun səyahət
Azərbaycan xalqının minillər boyunca formalaşan kimliyi, yaddaşı və ruhu ən çox xalçalarda əksini tapıb. Xalça, bütöv bir həyat tərzinin poeziyası idi. Əcdadlarımız at belində köçərkən çadırda yaşasa da, yerə sərilən ilk şey xalça olurdu. Uşaq xalça üstündə doğulur, qonaq xalça üstündə qarşılanır, bəy-gəlin xalça üstündə xeyir-dua alırdı. Xalça həm zövq, həm sosial status, həm də dünyagörüşün ifadəsi idi.

“Xalça üstündə doğular, xalça üstündə köçərdik” deyimi minilliklərin yaddaşıdır və bu yaddaş bugün Bakı Xalça Muzeyinin divarları arasında canlanır.
Muzeydə Aida Bəşirovanın bələdçiliyi ilə biz bu sənət tariximizə qayıtdıq.
Xalçaçılığın qədim kökləri: min illərin izləri
Muzeyin birinci zalına daxil olanda insan artıq hiss edir ki, burda sadəcə əşyalar saxlanılmır: zamanın özü qorunur. Azərbaycanda ən qədim toxuculuq izləri eramızdan əvvəl II minilliyə təsadüf edir. Arxeoloji qazıntılarda tapılan toxuculuq alətləri, çubuqlar və naxış qalıqları o dövrdən bəri bölgənin bu sənətlə nəfəs aldığını sübut edir.
III–IV əsrlərə aid Sasani dövrü parça fraqmentləri də bunun bariz göstəricisidir. Şamaxı yaxınlığında döyüşçü məzarından tapılan bu parçalar Qafar Cəbiyevin ekspedisiyası tərəfindən aşkarlanmış və Rusiyadan dəvət edilən mütəxəssis tərəfindən bərpa olunmuşdu. Fraqmentlərin toxunuş sıxlığı, boyaq tərkibi və səhifə kimi açılan naxışları göstərirdi ki, toxuculuq yalnız məişət deyil, həm də yüksək sənət idi.
Naxışların dili: hər bir işarə bir kainatdır
Azərbaycan xalçası təsadüfi element tanımır.
Hər bir naxış, bir həyat fəlsəfəsi, bir mif, bir inancdır:
- Svastika (çarxı-fələk) — zamanın dönməsi, həyatın davamı
- Nöqtə — toxum, başlanğıc, bərəkət
- Meandr — axar su, həyat dövranı
- Əjdaha — qoruyucu qüvvə
- Qoyun buynuzu — məhsuldarlıq, güc
- Buta — həyat alovu, nəsil davamı
- Göy üzü motivləri — kosmosla əlaqə, Tanrıya yönəli şüur
Bu rəmzlərin hər biri toxuyan qadının həm düşüncəsindən, həm psixologiyasından, həm də yaşadığı mühitdən xəbər verirdi. Bu həm də qadının danışa bilmədiyi hekayənin dilə gəlmiş halı idi.

Palazdan xalçaya: toxuculuğun uzun yol
Xalçaçılığın ən qədim formalarından biri palazdır. Palaz toxunuş texnikası daha sadə olsa da, Azərbaycan mədəniyyətində onun yeri əvəzsizdir. Apşeronda toxunan yüngül “çiyi palaz”lar cehizin əsas elementlərindən idi. Qadınlar onları divara asar, xüsusi mərasimlərdə istifadə edərdilər.
Cecim isə daha funksional idi. Qarabağın Ləçin rayonundakı Cecimli kəndinin adı ilə bağlı olduğu güman olunan bu toxuma növü bəzən 15 metrə qədər uzanırdı. Ənənəvi həyat tərzi üçün yük bağlamaq, çadır içi bölmələr yaratmaq, atın üstünə sərmək üçün mükəmməl vasitə idi.
Kilimlər isə həm ikiüzlü toxunuşu, həm də fonla naxış arasında yaranan kölgə effekti sayəsində xüsusi estetika yaradırdı. “Kilim gülü” kimi adlanan motivlər isə artıq dünya səviyyəsində tanınan klassik elementlərdir.

Yarımköçəriliyin doğurduğu estetik: məişət əşyaları
Azərbaycanın yarımköçəri həyat tərzi xalçadan çox daha geniş toxuma mədəniyyəti yaratmışdı. Məsələn:
- Məfrəş — köç zamanı yorğan-döşək üçün sandıq funksiyası
- At çulu — atın həm bəzəyi, həm qoruyucusu
- Örkən — kəndir; “Örkən nə qədər uzun olsa da, gəlib doğanaqdan keçər” deyimi burdandır
- Qaşıqdang — qaşıqlar üçün toxunmuş asqı
- Çantalar — çox vaxt toy üçün hazırlanır, üzərində bəy-gəlin təsviri olurdu
Hətta corablar belə bölgəyə məxsus xalça naxışları ilə toxunurdu çünki naxış bizim genetik kodumuz idi.
Qarabağdan dünyaya yayılan naxışlar
Qarabağ xalça məktəbi həmişə öz poetikliyi, çiçək bolluğu, rəng zənginliyi ilə seçilib.
Vərni xalçaları, stilizə olunmuş əjdaha və quş fiqurları ilə unikal kompozisiya yaradır. Bu əjdahalar qoruyucu mifologiyadan qaynaqlanırdı.
Moğan xalçasının medalyonu isə Avropalı rəssam Hans Memlingin əsərlərində çəkildiyi üçün “Memling gülü” adlanır. Yəni Azərbaycan naxışı Avropa incəsənətinə sızmışdı.
Zili və sumaq toxunuşlarının mürəkkəbliyi isə ustanın səbrini, ritmini və sənət duyumunu tələb edir.

Xovlu xalçaların dünyası: ilmə-ilmə yaradılan gözəllik
İkinci mərtəbədə nümayiş olunan xovlu xalçalar sənətin zirvəsidir. Burada hər bölgənin öz toxunuş sıxlığı, öz rəng palitrası, öz dünya görmə tərzi var:
- Quba — incə, zərif həndəsi motivlər
- Şirvan — sıx toxunuş, xırda naxışlarla zəngin kompozisiya
- Qazax — daha iri formalar, daş-qaş motivləri
- Qarabağ — gül-çiçək, barox estetikası
- Talış — dərin mavi-qırmızı rənglər
Burada həmçinin canlı toxunuş prosesini izləmək olur. 50 illik təcrübəsi olan xalçaçı Gülfar xanım deyir ki, “xalça toxumaq dua oxumaq kimidir, ilmə-ilməyə dua düşür”. Gündə 8 saat çalışaraq cəmi 2-3 sm toxuması isə bu sənətin nə qədər zəhmət tələb etdiyini göstərir.

Müasirliyin naxışla dialoqu: Faiq Əhməd
Muzeyin müasir ekspozisiyası isə insanı başqa bir reallığa aparır. Faiq Əhmədin əsərləri klassik xalçanın sərhədlərini qırıb yeni müstəviyə keçirir. Naxış əriyir, axır, bəzən parçalanır, bəzən məkan dəyişir, sanki yaddaşın özü hərəkətə gəlir.
Lətif Kərimov: xalça sənətinin atlasını yaradan adam
Ekspozisiyanın ən monumental hissəsi Lətif Kərimovun fondu və təsnifatıdır. O, Azərbaycan xalçalarını ilk dəfə elmi sistemə saldı:
- bölgələrə görə
- motivlərə görə
- rəng kodlarına görə
- toxunuş texnikasına görə
Kərimovun bu işi əslində xalça mədəniyyətinin genetik xəritəsidir. Hər bir xalça bir bölgənin ruhunu nümayiş etdirir: Qazaxın sərt həndəsəsi, Qarabağın çiçəkli poetikası, Şirvanın incə ornamentləri.
Bu fonda geologiya xəritəsinə baxan kimi xalça xəritəsinə baxırsan, hər ilmə bir coğrafiya, bir tarix danışır.
Dekorativ-tətbiqi sənət: xalça ilə başlayan dialoq

Ekskursiyanın son bölməsi dekorativ-tətbiqi sənətin zəngin nümunələrini təqdim edir. Keramika, metal üzərində oyma, ağac sənəti, misgərlik — hamısı xalçanın yaddaşı ilə dialoq aparan sənətlərdir. Hər biri xalçadakı rəngi, formaları, ritmi başqa materialda davam etdirir.
Bu məkan göstərir ki, xalça, Azərbaycan sənətinin ana xəttidir və digər bütün sənətlər onun ətrafında formalaşıb.
Bu uzun ekskursiya bir daha sübut etdi ki, Azərbaycan xalçası yalnız məişət əşyası deyil. O:
- tarixin dilidir
- yaddaşın daşıyıcısıdır
- estetik idealın ifadəsidir
- qadın zəkasının, səbrinin abidəsidir
- mədəniyyətimizin ən dərin ilməsidir
Xalça Muzeyi bu sənətin məbədi olmaqla yanaşı, dünyaya açılan qapıdır. Burada sənət ilmə- ilmə, rəng-rəng, naxış-naxış xalçalarımızın içində yaşayır.
Ayan Sədi
12:30 02.12.2025
Oxunuş sayı: 1593