"SOCAR Fiber" Türkiyədə fiber-optik infrastrukturun modernləşdirilməsinə 10 milyon dollar cəlb edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiye Enerji"nin tərkibinə daxil olan "SOCAR Fiber" şirkəti fiber-optik infrastrukturun modernləşdirilməsinə investisiyalarını genişləndirir.
Crossmedia.az "SOCAR Türkiye Enerji"nin sosial şəbəkələrdə yaydığı məlumata istinadən xəbər verir ki, bu genişlənmə Türkiyə Sənaye İnkişaf Bankı (Türkiye Sınai Kalkınma Bankası, TSKB) tərəfindən şirkətə təqdim olunan 10 milyon ABŞ dolları məbləğində kredit hesabına həyata keçiriləcək.
Məlumata görə, kredit Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) "TSKB - Dayanıqlı energetika və infrastruktur, 3-cü faza" layihəsi çərçivəsində 4 illik müddətə verilir.
Şirkətdən bildirilib ki, bu maliyyələşdirmə sayəsində "SOCAR Fiber" Türkiyəni şərqdən qərbə birləşdirən öz fiber-optik şəbəkəsini daha dayanıqlı və müasir texnologiyalarla uyğunlaşdırılmış hala gətirəcək.
"Enerji infrastrukturunun yenilənməsi xidmətlərin fasiləsizliyinin artırılmasına, yerli və beynəlxalq operatorlara təqdim edilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə də Türkiyənin rəqəmsal magistral şəbəkəsinin gücləndirilməsinə yönəlib", - məlumatda qeyd olunur.
2013-cü ildə yaradılan "SOCAR Fiber" artan IP-trafik və yüksək sürətli internet tələbatını ödəmək məqsədi daşıyır. Şirkət 20 şəhər və 67 rayonda xidmət göstərir, Türkiyəni şərqdən qərbə keçən 1850 km uzunluğunda fiber-optik xətt çəkir.
20:29 01.12.2025
Oxunuş sayı: 1171