Hikmət Hacıyev: Bakı sanksiyalarla bağlı məsələləri son dərəcə diqqətlə izləyir
"Azərbaycan Moskvadan dörd element tələb edib: rəsmi üzr, tam araşdırma, məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi və kompensasiya".
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibəsində AZAL təyyarəsinin vurulması və Rusiya ilə münasibətlərlə bağlı suala cavabında deyib.
O qeyd edib ki, hadisədən sonra müəyyən anlaşılmazlıq və emosiyalar vardı, lakin Bakının narahatlıqları sonrakı Düşənbə görüşündə müzakirə edildi:
"Azərbaycanın tələbləri həll olunduqdan sonra biz anlaşılmazlıq səhifəsini çeviririk və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdiririk".
Ukraynada müharibə ilə bağlı sualı cavablandırarkən H.Hacıyev Azərbaycanın bu münaqişədə hərbi cəhətdən iştirak etməyəcəyini bir daha təsdiqləyib:
"Azərbaycan əvvəlcədən bu münaqişənin hər hansı hərbi komponentində iştirak etmir və etməyəcək".
Bunun əvəzinə, o, humanitar dəstəyi və enerji əməkdaşlığını vurğulayıb:
"2022-ci ildən bəri Bakı Ukraynaya 40 milyon dollardan çox yardım göstərib, buraya humanitar təchizat, yenidənqurma dəstəyi və müharibədən zərər çəkmiş uşaqlar üçün proqramlar daxildir. Biz Ukrayna uşaqlarının reabilitasiyası proqramını davam etdiririk".
O, həmçinin Rusiyanın enerji infrastrukturuna hücumlarına baxmayaraq, Ukraynaya "simvolik qaz" tədarükündən də danışıb.
Sanksiyalara gəlincə, H.Hacıyev Rusiyaya Qərbin tətbiq etdiyi tədbirlərdən qaçmaq üçün Azərbaycandan istifadə olunduğu barədə iddiaları rədd edib. O bildirib ki, Bakı sanksiyalar məsələsinə çox diqqətlə yanaşır və ticarət məlumatları Rusiya ilə dövriyyədə 2022-ci ildən sonra kəskin artım göstərməyib. Prezidentin köməkçisi, əksinə, Ermənistanın Rusiya ilə güclü ticarət artımına işarə edib və bunu yeni sənaye istehsalı deyil, yenidən ixrac kimi xarakterizə edib:
"Ermənistan "Mercedes", "Apple" və ya "Samsung" istehsal etmək gücündə deyil".
14:57 01.12.2025
Oxunuş sayı: 1676