Azərbaycanla Mərkəzi Asiya əlaqələri strateji tərəfdaşlığa çevrilməkdədir - RƏY
Prezident İlham Əliyevin 2026-cı ildə Türkmənistanda keçiriləcək “Mərkəzi Asiya və Azərbaycan” sammitində iştirak edəcəyini açıqlaması regionda əməkdaşlıq perspektivlərini yenidən gündəmə gətirib. Bu görüş təkcə Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında siyasi dialoqun deyil, həm də enerji, nəqliyyat, iqtisadi inteqrasiya və təhlükəsizlik sahələrində strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gözləntilər ondan ibarətdir ki, bu sammit Azərbaycan-Mərkəzi Asiya münasibətlərinə yeni dinamika gətirəcək və regional əməkdaşlığın növbəti mərhələsini formalaşdıracaq.
Keçiriləcək sammitin əhəmiyyəti ilə bağlı "Ədalət" partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-a açıqlama verib: "Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova ünvanladığı məktubda 2026-cı ildə Türkmənistanda keçiriləcək “Mərkəzi Asiya və Azərbaycan” sammitinə qatılacağını bildirmişdir. Bu ölkəmizin regionda yeni bir əməkdaşlıq dövrünün başlanğıcıdır. Çünki Prezident Əliyev məktubunda Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əhəmiyyətli, vahid tarixi, mədəni və geosiyasi məkan formalaşdırdığını qeyd edib. Azərbaycanın bu qərarı yalnız diplomatik yanaşma deyil, həm də praktiki əməkdaşlığın yeni imkanlarına inamının ifadəsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin qədim tarixi kökləri var. Türk dünyası ideyası, mədəni və dini bağlar bu əlaqələrin möhkəmlənməsini diqtə edir. Son illərdə bu bağlar strateji tərəfdaşlığa çevrilməkdədir".

Partiya sədri əlavə edib ki, bu ilin noyabrında Daşkənddə keçirilən sammitdə Azərbaycanın C5 formatına qoşulması ilə C6 yaranıb: "C6-nın yaranması Mərkəzi Asiyanın Avropa və Türkiyə bazarlarına orta koridor vasitəsilə birbaşa çıxışı təmin edəcək. COP29-da imzalanan "Trans-Xəzər yaşıl enerji koridoru" müqaviləsi regionun elektrik şəbəkələrini birləşdirərək, Avropa bazarlarına yaşıl enerji idxalına yol açacaq. Azərbaycanın neft-qaz infrastrukturuna daxil olan Baku-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru xətti Mərkəzi Asiyanın enerji ixracını tamamlayacaq. Perspektiv olaraq, bu, regionun qlobal enerji bazarında reytinqini gücləndirəcək və enerji körpüsü kimi Azərbaycanın statusunu yüksəldəcək. Eyni zamanda Azərbaycanın Çin - Cənubi Asiya - Orta Şərq - Avropa xətlərinə çıxışı təmin olunacaq. Təbii ki, bu zaman Zəngəzur dəhlizinin də işə salınması vacibdir. C6-nın yaranması ilə həm də Mərkəzi Asiyanın Rusiyadan asılılığı azalacaq. Bu əməkdaşlıq qlobal təhdidlərə qarşı birgə müdafiəni də gücləndirəcək. Siyasi olaraq, bu format Azərbaycanı Rusiya və İranın təsirinə qarşı balanslaşdıracaq. Çox güman ki, 2026-cı ildə keçiriləcək sammit əməkdaşlığı praktikaya proyeksiya edəcək. Bu isə Azərbaycanın regionda “köhnə qonşu”dan “strateji tərəfdaş”a keçidini təmin edəcək, C6-nı isə qlobal oyunçuya çevirəcək".
Ayhan
14:25 01.12.2025
Oxunuş sayı: 1506