Azərbaycanda hərbi çağırış prosesinin şəffaflığı artırılır
Azərbaycanda hərbi xidmətə çağırış mexanizminin daha şəffaf, obyektiv və effektiv şəkildə qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Möhlət hüququ əldə etmiş şəxslərin səhhətinin yenidən qiymətləndirilməsi də bu tədbirlərin əsas istiqamətlərindən biridir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, müxtəlif illərdə xəstəlik səbəbi ilə möhlət hüququ qazanmış vətəndaşların təkrar tibbi müayinəsi geniş miqyasda aparılır. Tibbi göstəriciləri hərbi xidmətə mane olmayan şəxslərin yenidən çağırışa cəlb edilməsi isə sistemin ədalətli təşkilinə və müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir.
Məlum olduğu kimi, zaman- zaman gənclər xəstəlik adı ilə bu və ya digər formada hərbi xidmətdən yayınıblar. Bunun hansı yollarla, necə olduğu az- çox məlumdur. Elə buna görə də vaxtı ilə sağlamlıq şikayətlərinə görə möhlət hüququ almış şəxslər indi yenidən yoxlanılır.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, 2023-cü ildə Səfərbərlik Xidmətinin fəaliyyətində müşahidə olunan bir çox korrupsiya halları hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb və açılan cinayət işlərinin nəticələri artıq ictimaiyyətə bəllidir: "Hazırda Xidmət əvvəlki illərdə müxtəlif yollarla saxta tibbi arayış əldə edib möhlət hüququ qazanan şəxslərin yenidən ciddi yoxlamadan keçirilməsinə xüsusi diqqət ayırır. Verdiyevin sözlərinə görə, tətbiq olunan üçpilləli tibbi müayinə mexanizmi prosesi maksimum dərəcədə şəffaf edir. İlkin olaraq rayon və şəhər səfərbərlik şöbələrində tibbi müayinə aparılır. Daha sonra növbəti mərhələ kimi Səfərbərlik Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında hərbi xidmətə yararlılıq yenidən yoxlanılır. Üçüncü və yekun mərhələdə isə vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir və yalnız bu qurumun verdiyi rəsmi qərardan sonra möhlət hüququnun təsdiq edilib-edilməməsi müəyyən olunur.

Ə. Verdiyev vurğulayıb ki, bu mexanizm neqativ halların minimuma endirilməsi baxımından ən optimal variantdır: “Əvvəllər mövcud olan korrupsiya və sui-istifadə hallarının tamamilə aradan qalxdığını demək düzgün olmazdı. Amma fakt budur ki, artıq çağırışçılar əvvəlki kimi asanlıqla hərbi xidmətdən yayınmırlar. Bu sahədə müşahidə olunan dəyişiklik hər kəs tərəfindən hiss olunur. Səfərbərlik Xidmətinin yaratdığı “qaynar xətt”ə daxil olan çoxsaylı müraciətlər qurumun nəzarət mexanizmlərinin gücləndirildiyini göstərir. Bu gün neqativ halları təkcə vətəndaşlar deyil, həm də Səfərbərlik Xidmətinin özü operativ şəkildə müəyyən edir və məsul şəxslər barədə hüquq-mühafizə orqanlarına məlumat verir".
Onun fikrincə, vətəndaşların da prosesdə aktivliyi vacibdir: “Əgər neqativ hal müşahidə edilirsə, bu barədə Səfərbərlik Xidmətinin “qaynar xətt”inə və ya hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Problemlərin tam həllinə zaman lazımdır, amma hazırda atılan addımlar şəffaflığı xeyli artırır".
13:31 01.12.2025
Oxunuş sayı: 13221