Laçın azad edilməsə idi bölgədə gərginlik yenidən alovlana bilərdi - Deputat
Azərbaycanın dövlətçilik tarixində müstəsna önəm daşıyan mərhələlərdən biri də işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpası və həmin bölgələrdə suverenliyin tam şəkildə təmin olunmasıdır. Bu proses təkcə hərbi-siyasi qələbənin nəticəsi deyil, həm də ölkə rəhbərliyinin uzaqgörən strategiyasının, güclü diplomatiyasının və milli həmrəyliyimizin bariz göstəricisidir.
Bu gün Laçın adı təkcə zəfərlə deyil, həm də yeni həyat, yenidənqurma, inkişaf və dirçəliş simvolu kimi səslənir. Dövlətimizin müasir quruculuq siyasəti çərçivəsində Laçın şəhərində həyata keçirilən layihələr, beynəlxalq səviyyəli mədəni tədbirlər və regional əməkdaşlığı gücləndirən təşəbbüslər Azərbaycanın Cənubi Qafqazda aparıcı rolunun daha da möhkəmləndiyini göstərir.
Laçında keçirilən müzakirələr və toplantılar isə təkcə mədəni və humanitar əməkdaşlığın deyil, həm də ölkəmizin təhlükəsizlik, inkişaf və diplomatik üstünlüklər kontekstində yüksələn mövqeyinin təcəssümüdür.
Tarixi gün ilə bağı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Laçının azad olunması, doğrudan da, tarixi hadisədir və Azərbaycanın ərazi bütövlüyünün bərpasında son dərəcə vacib, mühüm bir mərhələ kimi yadda qalır. Bu böyük nailiyyət həm həyata keçirilmiş hərbi əməliyyatların qəti nəticəsi, həm də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ardıcıl siyasi-diplomatik fəaliyyəti sayəsində mümkün oldu.
Ən diqqətəlayiq məqamlardan biri isə odur ki, Laçın bir güllə belə atılmadan azad edildi. Bu, dövlətimizin gücünü, diplomatiyamızın üstünlüyünü və Ali Baş Komandanın uzaqgörən siyasətini bir daha nümayiş etdirir.
Laçının həm geostrateji, həm də coğrafi əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Çünki uzun illər boyu Laçın dəhlizi Ermənistan tərəfindən separatçılara silah və digər hərbi təminatların çatdırılması üçün əsas yol kimi istifadə edilirdi. Laçın üzərində Azərbaycanın suverenliyinin bərpa olunması, əslində, separatçıların silahlanma imkanlarının qarşısının alınması və onların “nəfəs yolunun” kəsilməsi demək idi. Məhz bu amil separatçılığın tamamilə məhv edilməsində həlledici rol oynadı".
Deputat, həmçinin Laçın azad edilməsəydi, qeyri-qanuni dəhliz və silah-sursat təminatı davam edəcəyini və bölgədə gərginlik yenidən alovlana biləcəyini qeyd edib:
"Bu baxımdan, Laçının azad olunması Azərbaycanın təhlükəsizliyi, regional sabitlik və dövlət suverenliyinin qorunması üçün xüsusi strateji əhəmiyyət daşıyır".
Elmir Heydərli
12:45 01.12.2025
Oxunuş sayı: 1885