Azərbaycan və BƏƏ müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir – Ekspert
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərbi əməkdaşlıq sahəsində əlaqələr daha da genişlənməkdədir. Bu əməkdaşlığın növbəti mərhələsi kimi BƏƏ-nin dövlət nümayəndə heyətinin ölkəmizə səfəri baş tutub və səfər çərçivəsində Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində işçi görüş keçirilib. Görüş zamanı iki ölkə arasında hərbi sahədə əlaqələrin dinamik inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bununla yanaşı, qonaqlara 44 günlük Vətən müharibəsi və regiondakı mövcud vəziyyət barədə məlumatlar təqdim edilib.
Hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a bildirib ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında kifayət qədər geniş sahələrdə əməkdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq hər il daha da genişlənir, yeni istiqamətləri əhatə edir. Onun sözlərinə görə, Ərəb Əmirlikləri Azərbaycan üçün strateji tərəfdaşlardan biridir: “Əmirliklər Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olub. Hazırda həm müdafiə sənayesi, həm də hərbi və hərbi-texniki sahələrdə birgə layihələr həyata keçirilir”.

Ekspert qeyd edib ki, bu layihələrə birgə hərbi təlimlər də daxildir: “Dost və müttəfiq ölkə ilə digər sahələrdə olduğu kimi, hərbi, hərbi-texniki və müdafiə istiqamətlərində əməkdaşlıq təcrübə mübadiləsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Bu cür görüşlərdə tərəflər gələcək hərbi əməkdaşlığın perspektivlərini qiymətləndirir, yeni təlimlərin təşkili ilə bağlı müzakirələr aparır və ortaq qərarlar qəbul edirlər”.
Ə.Verdiyev əlavə edib ki, Azərbaycan ilə Ərəb Əmirlikləri arasındakı mövcud strateji münasibətlər təkcə hərbi sahə ilə məhdudlaşmır: “Əmirliklər Qarabağ iqtisadi rayonunda iri həcmli enerji layihələrinin icrasında da mühüm rol oynayır. İki ölkə arasında formalaşmış müsbət münasibətlər gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır və strateji tərəfdaşlığın daha da dərinləşməsinə şərait formalaşdırır”.
Mehriban Yariyeva
21:42 28.11.2025
Oxunuş sayı: 1255