ABŞ texnikası ilə Azərbaycanda 90 milyon dollarlıq heroin ələ keçirildi
ABŞ tərəfindən təqdim olunan xüsusi skaner avadanlığı Azərbaycan gömrük orqanlarına İrandan ölkəyə 90 milyon dollar dəyərində heroinin qeyri-qanuni gətirilməsi cəhdini önləməyə imkan verib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
Səfirliyin açıqlamasına görə, ayın əvvəlində Astarada Azərbaycan gömrükçüləri İrandan Estoniyaya tranzit daşınan böyük həcmdə heroini aşkar edərək müsadirə ediblər. Narkotiklərin aşkarlanması 2021-ci ildə ABŞ-ın hərbi əməkdaşlıq proqramı çərçivəsində Azərbaycana təqdim etdiyi qatar skaneri vasitəsilə mümkün olub.
Diplomatik nümayəndəlik bildirib ki, əməliyyat beynəlxalq əməkdaşlığın, xüsusən də Azərbaycan–ABŞ tərəfdaşlığının narkotik qaçaqmalçılığına qarşı mübarizədə vacib rol oynadığını bir daha təsdiqləyir.
Açıqlamada vurğulanıb ki, bu əməkdaşlıq həm ABŞ-a, həm Azərbaycana, həm də bütövlükdə regiona daha yüksək təhlükəsizlik təmin edir.
Pərvin Hacıyeva
14:08 28.11.2025
Oxunuş sayı: 792