Pakistan mediası: Qarabağda “Böyük Qayıdış” Azərbaycanın milli dirçəliş layihəsidir
Pakistanın Daily Islamabad Post nəşrində azərbaycanlıların Qarabağ və Şərqi Zəngəzura qayıdışı ilə bağlı məqalə dərc edilib.
Crossmedia.az bu barədə Daily Islamabad Post-a istinadən məlumat yayıb.
Məlumatda bildirlir ki, müəllif Ənsar Mahmud Bxatti “Böyük Qayıdış”ın müasir Azərbaycan tarixində ən genişmiqyaslı layihələrdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə didərgin düşən əhali azad edilmiş torpaqlara geri qayıdaraq bölgədə milli dirçəliş prosesini başlayıb.
Məqalədə bildirilir ki, prezident İlham Əliyev azad olunan ərazilərin bərpasını şəxsən nəzarətdə saxlayır. Dövlət başçısının strateji yanaşması çərçivəsində mina təmizləmə, infrastrukturların qurulması, şəhərsalma və mədəni irsin bərpası üzrə geniş layihələr həyata keçirilir. Müəllif qeyd edir ki, bu siyasət nəticəsində ərazilər qısa müddətdə müasir və yaşayış üçün əlverişli məkanlara çevrilir.
Bxatti xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin əhəmiyyətini vurğulayıb. O xatırladıb ki, Ağalı kəndi artıq yenidən yerləşdirilən sakinləri qəbul edib və burada müasir xidmətlər, yeni məşğulluq imkanları yaradılıb.
Məqalədə təhlükəsizlik məsələlərinə də toxunulub. Qeyd edilir ki, prezidentin tapşırığı ilə mina təmizləmə əməliyyatları sürətləndirilib və bu işdə həm yerli qurumlar, həm də beynəlxalq tərəfdaşlar iştirak edir.
Nəşr yazır ki, Qarabağda dini və tarixi abidələrin bərpası da prioritet istiqamətlərdəndir. Bu fəaliyyət regionun mədəni kimliyinin qorunmasına xidmət edir.
Müəllifin fikrincə, “Böyük Qayıdış” təkcə əhalinin geri dönməsi deyil, həm də Azərbaycanın milli yenidən qurulması prosesinin mühüm mərhələsidir. O qeyd edib ki, prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi sayəsində azad edilmiş ərazilər təhlükəsiz, müasir və inkişaf edən bölgələrə çevrilir.
Türkan Kərimli
14:16 28.11.2025
Oxunuş sayı: 1211