ŞOK: SSRİ bayrağı ilə yürüş edənlərin məqsədi bu imiş
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd edən şəxslərlə bağlı məlumatlar açıqlanıb. Hadisə zamanı saxlanılan şəxslər polis tərəfindən dərhal istintaqa cəlb edilib. Onların yürüşü təşkil etməyə və ictimai qaydanı pozmağa yönələn hərəkətlər etdiyi bildirilir. Məsələ ilə bağlı toplanan materiallar məhkəməyə təqdim olunub. Nizami rayon Məhkəməsi həmin şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə qərar verib. Onlardan Abdulla İbrahimli və İbrahim Əsədli 3 ay müddətinə həbs edilib. Şəxslərə Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Məsələnin ictimai-siyasi məqamları barədə fəlsəfə doktoru Şölət Zeynalov Crossmedia.az-a açıqlama verib. O bildirib ki, son günlər Bakıda bir neçə gəncin keçmiş SSRİ bayraqları ilə kommunist ideologiyası adı altında özlərini bəzəməsi və bunun sosial şəbəkələrdə yayılması ciddi narahatlıq doğurub:

"Bu şəxslər yürüş keçirmək istəyiblər, lakin Azərbaycanda ictimai-siyasi sabitliyə nəzarət edən qurumlar məsələni vaxtında nəzarətə götürərək qarşısını alıblar. Burada söhbət güc strukturlarının fəaliyyətindən yox, hadisənin ideoloji tərəflərindən gedir. Kommunist ideologiyası və bolşevizm ötən əsrdə Azərbaycan xalqına, milli kimliyimizə və ölkənin inkişafına böyük ziyan vurub. Yalnız 1937-ci ildə 40 mindən artıq ziyalımız məhv edilmiş və ya sürgün olunmuşdur. Bu baxımdan həm valideynlər, həm də məktəblər güclü ideoloji maarifləndirmə işi aparmalıdır. Aydındır ki, biz gənclərimizi itirə bilmərik və Azərbaycanda demokratik mühit mövcuddur: istənilən şəxs Ədliyyə Nazirliyinə müraciət etməklə ictimai birlik və ya siyasi təşkilat yarada bilər. Lakin keçmiş ideologiyaların bu formada qabardılması və SSRİ nostalgiyasının təbliği doğru deyil. SSRİ “xalqlar həbsxanası” adlandırılan, qırmızı terrorla yadda qalmış bir dövlət idi".
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman əsgərlərimizin şücaəti ilə əldə etdiyimiz II Qarabağ müharibəsindəki qələbə təkcə hərbi deyil, həm də ideoloji üstünlük idi: "Gənclər bilməlidirlər ki, bu savaş yalnız fiziki mübarizə deyildi: Azərbaycançılıq ideologiyası həm erməni ideologiyasına, həm də ona havadarlıq edən qüvvələrə qarşı qələbə qazandı. SSRİ dövrü Azərbaycan tarixinin bir mərhələsidir, lakin bu gün həmin ideoloji fikirlərin yenidən qaldırılması çox təhlükəli tendensiyadır və buna qətiyyən yol vermək olmaz. Bu səbəbdən milli təbliğat və təşviqat vasitələri daha da genişləndirilməlidir. Gənclərimizi milli dövlətçilik ideologiyası ilə daha dərindən məlumatlandırmalı, onların milli kimlik şüurunu gücləndirməliyik. Artıq dövlətimizin güclü ideoloji dayaqları mövcuddur. Bu gün Azərbaycan BMT səviyyəsində etibarlı tərəfdaş kimi qəbul edilir və dünya gücləri ölkəmizə öz etimadını göstərirlər. Bu etimadın əsasında milli ideologiyanın milli identikliklə və ümumbəşərilik prinsipləri ilə vəhdəti dayanır. Azərbaycanda keçirilən humanitar forumlar, “Bakı Prosesi”, ölkəmizdə heç vaxt dini və irqi ayrı-seçkiliyin olmaması kimi amillər də bu mövqeni gücləndirir. Cəmiyyətimizdə bu kimi hallara qarşı ziyalıların qəti mövqeyi xüsusilə vacibdir".
Türkan Kərimli
19:33 27.11.2025
Oxunuş sayı: 3135