Ermənistan qərarsız qalıb: KTMT, yoxsa Avropa İttifaqı?
Ermənistanın KTMT-dən çıxması ilə bağlı son günlər artan ritorika regional siyasi gündəmi yenidən hərəkətə gətirib. Parlament sədri Alen Simonyanın “Ermənistan faktiki olaraq KTMT-dən çıxıb” sözləri daxili auditoriyaya hesablanmış siyasi jest kimi təqdim olunsa da, real proseslərin gedişi bunun daha çox informasiya kampaniyası xarakteri daşıdığını göstərir. Çünki təşkilatdan ayrılmaq üçün tələb olunan rəsmi prosedurların heç biri həyata keçirilməyib və İrəvan yalnız bəyanat səviyyəsində mövqeyini sərtləşdirir. Analitiklər bildirir ki, Paşinyan hakimiyyəti həm Qərbə “Rusiyadan uzaqlaşırıq” mesajı verməyə, həm də Moskvanın mümkün reaksiyasından yayınmağa çalışır. Bu isə Ermənistanın KTMT məsələsinin real siyasi seçimdən çox, geosiyasi məsələ olduğunu göstərir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib: "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması ilə bağlı açıqlamalar daha çox siyasi şou və PR xarakteri daşıyır. Uzun müddətdir bu məsələni ritorika səviyyəsinə qaldıran İrəvan hələ də təşkilatdan çıxmaq üçün tələb olunan rəsmi prosedurlara əməl etməyib. Ekspertlərin sözlərinə görə, KTMT-dən ayrılmaq sadəcə bəyanat verməklə baş tutmur. Ölkə əvvəlcə təşkilata rəsmi bildiriş göndərməli, daha sonra məsələ icra katibliyində və müvafiq komitələrdə müzakirəyə çıxarılmalıdır. Ermənistan isə indiyə qədər bu addımların heç birini atmayıb. Bu isə onu göstərir ki, mövzu yalnız gündəmdə saxlamaq üçün istifadə olunur".

Ekspert həmçinin qeyd edib ki, Paşinyan komandası eyni anda iki istiqamətdə oyun aparır: "Qərbə “Rusiyadan uzaqlaşırıq” mesajı vermək, Rusiyaya isə açıq qarşıdurmadan qaçmaq. Məhz bu ikili siyasət ölkənin dövlət kursunu qeyri-ciddi və ziddiyyətli göstərir. Bunun fonunda Ermənistanın Avropa İttifaqına inteqrasiya barədə yüksək ritorikası da real nəticə doğurmayıb. Parlament və prezident səviyyəsində verilən bəyanatlar Avropada heç bir xüsusi maraq yaratmayıb. Qərbin mesajı sadədir: “Gəlirsinizsə, nə ilə gəlirsiniz?” Digər tərəfdən, Rusiya hələ də Ermənistandan çəkilməyib. Ölkədə hərbi bazası fəaliyyət göstərir və Moskva regionda öz təsir imkanlarını qoruyur. Üstəlik, sanksiyaların yaratdığı “qara bazar marşrutları” Ermənistan iqtisadiyyatına qısamüddətli gəlir gətirib. Bu iqtisadi artım real istehsal və texnoloji inkişafla bağlı deyil, qeyri-rəsmi dövriyyənin və tranzit əməliyyatlarının nəticəsidir. Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Moskvanın diqqətinin yenidən Cənubi Qafqaza yönələcəyi ehtimalı Ermənistan daxilində narahatlığı artırıb. Rusiyanın boşalan resursları Ermənistanı “cəzalandırmağa” yönəldə biləcəyi barədə erməni ekspert dairələrində fikirlər səslənir".
T.Abbasov son olaraq bildirib ki, analitiklər hesab edir ki, İrəvan KTMT-dən çıxmaq məsələsində ciddi siyasi iradə nümayiş etdirmir: "Ermənistan həm Qərb qarşısında loyallıq göstərməyə, həm də Rusiyanın sərt reaksiyasından yayınmağa çalışır. Bu isə bir daha göstərir ki, ölkə hələ də tamhüquqlu siyasi aktor kimi davranmır və öz xarici siyasətini müstəqil şəkildə müəyyən etmək gücündə deyil".
Ayhan
20:10 27.11.2025
Oxunuş sayı: 891