Yaşayış binaların altındakı obyektlər təhlükə mənbəyidir: Ölüm gözlə qaş arasındadır
Son
vaxtlar Bakıda və bölgələrdə yaşayış binalarının altında fəaliyyət göstərən
restoran və ictimai iaşə obyektləri ilə bağlı narazılıqlar ciddi şəkildə artıb.
Məsələ xüsusilə yanğın
təhlükəsizliyi,
qaz xəttlərinin
düzgün qurulmaması,
binaların
konstruktiv dayanıqlığı və qanuni icazələrin olub-olmaması kimi riskləri gündəmə gətirib.
Ekspertlər bildirirlər ki, belə obyektlər həm sakinlərin həyatına birbaşa təhlükə
yaradır, həm də mövcud qanunvericiliyin tələblərinə açıq şəkildə ziddir. Məsələ yenidən aktuallaşıb və aidiyyəti qurumların məsuliyyəti
ilə bağlı suallar doğurur.
Təhlükəsizlik
üzrə ekspert Elmar
Nurəliyev
mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib.
Ekspert
bildirib ki, istər zavod, fabrik, ticarət mərkəzi, istərsə də çoxmənzilli
yaşayış binasında yerləşən restoran və digər obyektlər yanğın təhlükəsizliyi ilə
bağlı qanun və normativlərə tam əməl etməlidir:
“Bütün idarə, müəssisə, təşkilat və iş yerləri yanğın təhlükəsizliyi üzrə tələblərə, iradlara və tövsiyələrə mütləq ciddi riayət etməlidir. Qanun bunu açıq şəkildə tələb edir. Obyektlər yanğın təhlükəsizliyi təchizatını daim saz vəziyyətdə saxlamalıdır və fəaliyyət spesifikasına uyğun şəkildə təmin etməlidir: yanğın hovuzları, ehtiyat çıxış qapıları, ilkin od söndürmə vasitələri, yanğın şitləri, yanğın dolabları, yanğın hidrantları, təxliyə yolları, toplanma yerləri, yanğın xəbərdarlıq və siqnalizasiya sistemləri. Bu təchizatların saz vəziyyətdə olması həyati vacibdir. Texniki xidmət və təmir mütləq ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir".

Onun sözlərinə əsasən, yanğınların qarşısının alınmasının yeganə yolu qaydalara tam əməl etmək və önləyici tədbirləri vaxtında görməkdir: “Heç kim yanğından sığortalanmayıb. Lakin qabaqlayıcı tədbirlər və normativlərə ciddi əməl olunarsa, ən pis halda belə hadisələr minimal zərərlə nəticələnə bilər. Bu səbəbdən, bütün obyektlər fəaliyyətə başlamazdan əvvəl Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu ilə razılaşma əldə etməlidir".
Ekspert əlavə edib ki, şəxsi obyektlərdə belə, konkret tələblər var: “Əgər müəssisədə 15 nəfərdən artıq işçi çalışırsa, orada mütləq könüllü yanğınsöndürmə dəstəsi yaradılmalıdır. Bu dəstə hadisə anında vəziyyəti nəzarətdə saxlayır, xidmət gələnə qədər ilkin müdaxilə edir. Yaşayış binalarının altında yerləşən restoran və obyektlər xüsusilə təhlükəlidir, çünki yanğın zamanı zərərçəkənlərin sayı daha çox ola bilər. Bu obyektlərdəmütləq şəkildə qaydalara ciddi riayət edilməlidir. Yanğınların ən çox rast gəlinən səbəbi elektrik qısaqapanmasıdır. Elektrik təsərrüfatı saz vəziyyətdə olmalı, yüklənmələrin qarşısı alınmalıdır. Yanğının yaranması üçün 3 element tələb olunur: istilik, oksigen, yanar maddə. Bu üç element bir araya gəldikdə yanğın baş verir. Söndürmə prosesi də bu elementlərdən birini aradan qaldırmaqla həyata keçirilir. Yanğın təhlükəsizliyi təchizatı məhz bu məqsədə xidmət edir. Bütün obyektlər xüsusilə yaşayış binalarının altında yerləşən restoran və kafelər təhlükəsizlik qaydalarını ciddi şəkildə tətbiq etməlidir. Çünki bu həm insanların həyatının qorunması, həm də mümkün fəlakətlərin qarşısının alınması üçün vacibdir".
Fatimə Hacıəliyeva
14:36 27.11.2025
Oxunuş sayı: 1056