Partiya sədri həyəcan təbili çaldı: Cəmiyyətin ideoloji boşluğundan istifadə olunur
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq orqanın təqdimatı əsasında Nizami rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.
Qərara əsasən, Abdulla
İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri
seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin
233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya
bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Sosial şəbəkələrdə
kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd
göstərən bir qrup şəxsin videogörüntüləri yayılmışdır.
Crossmedia.az xəbər verir
ki, DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli,
İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq
saxlanılmış və barələrində cinayət işi başlanmışdır.
İlkin istintaqla həmin şəxslərin
başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək
qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən
olunmuşdur.
Adı çəkilən şəxslərə məxsus
ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox
saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər
və digər elektron cihazlar aşkarlanaraq götürülmüşdür.
Hadisə ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında bildirib ki, bu cür halların baş verməsinin iki əsas səbəbi var:

“Birincisi sosial şəbəkələrin
yaratdığı sərbəstlikdir.Əvvəllər ideoloji təbliğat televiziya və radioda
olurdu. İndi hər kəs telefonunda istədiyini paylaşır. Sosial şəbəkələrin
yaratdığı sərbəstlik bu kimi qrupların təşkilatlanmasını asanlaşdırır. İkincisi
isə cəmiyyətdəki ideoloji məlumat çatışmazlığıdır. İnsanlar
kommunist dönəminin Azərbaycan üçün nə qədər fəlakət gətirdiyini bilmir.
Düşünürlər ki, SSRİ bayrağını qaldırmaqda problem yoxdur. Amma unudurlar ki, həmin
dövrdə minlərlə azərbaycanlı repressiyaya məruz qalıb, ölkənin müstəqilliyi,
dili, dini əlindən alınıb. Cəmiyyətin ideoloji boşluğundan istifadə edən müxtəlif
xarici strukturlar kommunizm kimi ideologiyaları maliyyələşdirərək yaymağa
çalışır.”
T. Abbaslı vurğulayıb ki, dövlət bu sahədə daha ciddi addımlar atmalıdır: “Burada incə xətt var – siyasi həbslərlə radikal ideoloji təhlükə yaradan həbslər eyni deyil. Almaniyada faşist ideologiyasının təbliği necə qadağandırsa, Azərbaycanda da kommunizmin təbliği eyni qaydada qadağan edilməlidir. Stalin, Lelin posterlərinin ölkədə sərbəst dolaşması doğru deyil. Çünki onların dövründə nə qədər ziyalılarımız öldürülüb, repressiyalar yaşanıb. Dövlət bu sahəyə xüsusi diqqət ayırmalıdır.”
Fatimə Hacıəliyeva
12:34 27.11.2025
Oxunuş sayı: 1625