Alternativ hərbi xidmətə keçid nə qədər məqsədəuyğundur?- Ekspertlər danışdı
Son günlər Azərbaycanda alternativ hərbi xidmət məsələsi yenidən diqqət mərkəzinə gəlib.
Məlum olduğu kimi, alternativ hərbi xidmət arxa cəbhədə silahsız xidmət növünü nəzərdə tutur. Bu hüquq Azərbaycan Konstitusiyasında təsbit edilsə də, hələlik ona uyğun qanun qəbul edilməyib.
Altetnativ hərbi xidmət məsələsi parlamentdə tez- tez müzakirə olunsa da, hələ ki, yekun qərar yoxdur.

Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə modelinə keçid istiqamətində aparılan islahatlar Azərbaycan Ordusunun modernləşməsinə mühüm töhfə verəcək: “Türkiyə modelinə keçidlə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordu qarşısında qələbə çalandan sonra belə bir tapşırıq qoyub. Hazırda biz bu tapşırığın yerinə yetirilməsinin ilkin mərhələsindəyik. Bildiyiniz kimi, Azərbaycan Ordusunda çox böyük islahatlar aparılır və bu islahatların məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin qoyduğu tapşırığı yerinə yetirməkdir. Digər tərəfdən, hazırda alternativ xidmət demək olar ki, inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə mövcuddur. Buna müsbət yanaşıram. Ümumiyyətlə, hər şeyin alternativi olmalıdır. Düşünürəm ki, hərbi xidmətdə də alternativ olmalıdır. Bu, nə döyüş hazırlığına, nə də döyüş qabiliyyətinə mənfi təsir göstərər".

Məsələnin iqtisadi tərəfini şərh edən İqtisadçı- ekspert Fuad İbrahimov bildirib ki, alternativ xidmət qanununun qəbul edilməsi ilə bağlı məsələ qanunvericilikdə hansı icra mexanizmlərinin tətbiq olunacağından asılı olacaq: "Əgər burada kimsə hərbi xidmətdən yayınmaq üçün maddi maraqlarını üstün tutaraq ödəniş edib xidmət etməzsə və ya 1 illik, 2 illik, 3 illik, 5 illik güzəşt əldə edib bu dövrləri ödənişlə əvəzləyərsə, bu artıq iqtisadi maraqlara xidmət edə bilər. Yox, əgər qanunvericilikdə müqavilə əsasında, yəni peşəkar ordu modelində müddətdən artıq xidmət edən şəxslər kimi nəzərdə tuturuqsa, burada artıq xərclərin artması müşahidə olunacaq. Bu nöqteyi-nəzərdən alternativ xidmətin iqtisadi cəhətdən əlverişli olub-olmamasını müəyyən etmək üçün mütləq qanunvericiliyin müddəalarına diqqət yetirmək lazımdır. Müddəalara diqqət yetirdikdən sonra bu barədə fikir bildirmək olar ki, bu model əlverişli olacaq, yoxsa yox".
Fatimə Eynullazadə
11:55 27.11.2025
Oxunuş sayı: 1353