Azərbaycanla Özbəkistan arasında təhsil sahəsində əməkdaşlıq inkişaf edir- Detallar açıqlandı
Elm və təhsil sahəsində qlobal inteqrasiyanın sürətləndiyi bir dövrdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında universitet əməkdaşlığının genişlənməsi strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq həm regional elmi-mədəni yaxınlığın güclənməsi, həm də universitetlərin modern tədris standartlarına uyğun inkişaf etməsi baxımından mühüm bir mərhələ kimi qiymətləndirilir. Hökumət qurumlarının, beynəlxalq təşkilatların və ali təhsil ocaqlarının birgə müzakirələrində qəbul edilən qərarlar tərəflər arasında tələbə mübadiləsinin artırılmasını, tədris proqramlarının yenilənməsini, elmi istiqamətlərin uyğunlaşdırılmasını və universitetlərarası infrastruktur təcrübəsinin paylaşılmasını nəzərdə tutur. Bu proses həm Azərbaycan, həm də Mərkəzi Asiya universitetləri üçün gələcək kadr hazırlığında, elmi əməkdaşlıqlarda və inteqrasiya olunmuş təhsil mühitinin formalaşmasında yeni imkanlar yaradır.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:
"Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu müzakirə Mərkəzi Asiya universitetləri ilə yanaşı, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarının da iştirak etdiyi genişmiqyaslı bir platforma idi. Burada qəbul olunan qərarlar həm Mərkəzi Asiya ölkələrinin ali təhsil müəssisələri, həm də Azərbaycan universitetləri arasında sıx əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq tələbə mübadiləsi, tədris proqramlarında yeni tətbiqlər, eləcə də akademik innovasiyaların qarşılıqlı öyrənilməsi kimi istiqamətləri əhatə edir. Universitetlərin maddi-texniki bazasının inkişafı ilə bağlı məsələlər xüsusi yer tutur. Mərkəzi Asiya universitetlərində mövcud yeniliklərin Azərbaycan ali təhsil müəssisələrinə tətbiqi, eləcə də Azərbaycan universitetlərində formalaşan müasir infrastrukturun həmin ölkələr tərəfindən öyrənilərək öz təhsil sistemlərinə inteqrasiya olunması qarşılıqlı fayda yaradan mühüm mexanizmdir".
Ekspert əlavə edib ki, müzakirənin digər bir əhəmiyyətli məqamı tələbə mübadiləsidir: "Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının isə adı çəkilən ölkələrin universitetlərində təhsil alması və praktiki təcrübə qazanması regional akademik əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Bundan əlavə, həmin ölkələrin bir qisminin türkdilli dövlətlər olması vahid türk dilinin tətbiqi, türkdilli xalqların mədəniyyəti və incəsənətinin tədris proqramlarına inteqrasiyası kimi təşəbbüslərin həyata keçirilməsi üçün də münbit şərait yaradır. Düşünürəm ki, görüş zamanı bu istiqamətlərə də toxunulub. Eyni zamanda, birgə kadr hazırlığı, elmi məqalələrdə qarşılıqlı istinadların artırılması, Azərbaycan alimlərinin Mərkəzi Asiya universitetlərinin tədqiqatlarına, habelə həmin ölkələrin alimlərinin Azərbaycan elmi mühitinə istinad etməsi beynəlxalq elmi təşkilatların xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün ciddi fayda verə bilər".
Ayhan
11:37 27.11.2025
Oxunuş sayı: 1365