Kəlbəcər Şəhəri Günü — dağların ürəyində yenidən doğulan zəfər məkanımız
Azərbaycanın ən gözəl guşələrindən biri olan Kəlbəcər bu gün yalnız coğrafi məkan deyil, xalqımızın qürurunu, dözümünü və yenilməzliyini təcəssüm etdirən müqəddəs bir şəhər kimi qeyd olunur. Sərt qayalarına bükülmüş tarix, şəfalı bulaqlarına hopmuş qədimlik və hər daşı özündə bir dastan daşıyan bu diyar uzun illər həsrət içində qalsa da, işğaldan azad edildiyi gün yenidən nəfəs aldı, yenidən doğuldu.
Kəlbəcərin azadlığı, onun dirçəlişi və bu gün qürurla qeyd etdiyimiz şəhər günü Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, dəmir iradəsinin və uzaqgörən dövlətçilik kursunun birbaşa nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu, Kəlbəcərin sərt dağ yolları yenidən azad nəfəs aldı, bu diyarın taleyi tariximizin şərəf səhifələri ilə bir daha yazıldı.
Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri, yol və tunel tikintiləri, sosial və iqtisadi inkişaf proqramları — hamısı cənab Prezidentin “Qayıdış və Böyük Quruculuq” siyasətinin davamı olaraq, bu diyarın gələcəyinə inamın təcəssümüdür. Kəlbəcərin hər guşəsində yenidən doğuluşun nəfəsi duyulur: dağıdılmış yaşayış məntəqələri bərpa edilir, yeni yollar çəkilir, bulaqlar öz sahiblərini gözləyir.
Bu müqəddəs gündə Kəlbəcərin hər dərəsi, hər bulağı, hər sıldırım qayası bir mesaj səsləndirir:
“Bu torpaq azadlığa layiqdir və azad da qalacaq.”
Uca Tanrı bu gözəl yurdumuza bir daha qəm gətirməsin, onun yenidən qurulan həyatına daim bərəkət, rifah və firavanlıq bəxş etsin.
Xalqımıza bu sevinci yaşadan Cənab Prezident İlham Əliyevə isə Allahdan möhkəm can sağlığı, dövlətimizə isə əbədi yüksəliş arzulayırıq.
Kəlbəcər şəhəri günümüz mübarək olsun!
Elmir Heydərli
14:50 25.11.2025
Oxunuş sayı: 2583