Ukrayna üçün yolun sonudur?: Zelenski yaxşı anlayır ki, alternativi qalmayıb- MÜSAHİBƏ
ABŞ-nin hazırladığı yeni danışıqlar planının Rusiya–Ukrayna müharibəsinin gedişinə real təsir imkanları Cenevrədə keçirilən görüş ərəfəsində yenidən gündəmə gəlib. Görüşlə paralel şəkildə ayrıca ABŞ–Rusiya müzakirələrinin planlaşdırılması Vaşinqtonun prosesdə gizli diplomatiya mərhələsinə keçdiyi, yaxud Moskva üzərində təzyiq mexanizmini gücləndirməyə çalışdığı barədə ehtimalları artırır. Ukraynanın mümkün etirazı isə danışıqların taleyini sual altında qoya, hətta regional təhlükəsizlik balansında yeni risklər yarada bilər. ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya göndərilməsi isə prosesdə dönüş yarada biləcək mərhələnin siqnalı kimi qiymətləndirilir.
Mövzuyla bağlı politoloq Elçin Alıoğlu Crossmedia.az-a müsahibə verib:

- ABŞ-nin hazırladığı yeni danışıqlar planı Rusiya-Ukrayna müharibəsinin gedişinə real təsir göstərə bilərmi?
- Gələcək günlərdə Ukrayna ilə bağlı əsas qərarların ortaya çıxacağının gözlənilir. Amerikalıların Şükranlıq Günü yaxınlaşdığı dövrdə həmin məsələyə xüsusi həssaslıq göstərdikləri görünürdü. O günün bayram kimi qəbul ediləcəyinə qədər müəyyən qərarların qəbul olunmasına çalışıblar. Lakin düşünürəm ki, hazırkı formada təqdim olunan plan indiki şəraitdə qəbul edilməyəcək. Ukrayna tərəfi təzyiq altında qalır, buna görə də danışıqlar aparılır. Bir şeyi dəqiq bilirəm ki, yaxın gələcəkdə Ukrayna ilə bağlı yekun qərarların şahidi olacağıq.
- Cenevrədə keçiriləcək görüşün paralel şəkildə ayrıca ABŞ-Rusiya müzakirələrinin planlaşdırılması nəyi göstərir - gizli diplomatiya, yoxsa təzyiq mexanizmi?
- Tam şəffaf diplomatiya mümkün deyil, real proseslərin həmişə qapalı şəkildə getdiyini bilirik. Cenevrədə keçirilən görüşlər başa çatmaq üzrədir. Burada heç bir gizli diplomatiya mövcud deyil. Onsuz da diplomatiya mahiyyət etibarilə gizli aparılan prosesdir. Açıq və tam şəffaf diplomatiya yalnız nəzəriyyədə mümkündür; real diplomatiya həmişə qapalı qapılar arxasında həyata keçirilir. Tərəflərin hər biri öz maraqlarını təmin etməyə çalışır. Rusiya istəyir ki, Donetsk, Luqansk, Xerson və Zaporijya vilayətləri tam şəkildə onun nəzarətində qalsın. Dondurulmuş aktivlərin — ümumilikdə 280 milyard avronun — geri qaytarılmasını tələb edir. Onun 180 milyard avrosu Eureclear bankında, təxminən 5 milyard avro isə ABŞ-da saxlanılır. Rusiya, həmçinin sanksiyaların ləğv edilməsini, rus dilinin Ukraynada dövlət dili kimi tanınmasını, Rus Pravoslav Kilsəsinin fəaliyyətinin bərpasını, Ukraynanın NATO-ya üzv olmayacağına dair yazılı təminat verməsini, Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min nəfərə endirilməsini və Ukrayna ərazisində Qərb hərbçilərinin olmamasını tələb edir. Və sair bu kimi tələblər irəli sürülür. Təbii ki, Ukrayna bu şərtləri qəbul etmək niyyətində deyil. Lakin açıq desəm, Ukraynanın istəkləri artıq ABŞ üçün elə də əhəmiyyət kəsb etmir. Mən indidən deyə bilərəm ki, Ukrayna bu şərtləri qəbul etməyə məcbur qalacaq, daha doğrusu artıq qalır. Yermak və Podolyakın apardığı danışıqlar, həmçinin Prezident Zelenskinin son bəyanatları da bunu göstərir. Donetsk və Luqansk vilayətləri tam şəkildə Rusiyanın nəzarətində qalacaq. Qərb və beynəlxalq ictimaiyyət bu ərazilər üzərində Rusiyanın suverenliyini tanımayacaq, lakin de-fakto bu bölgələr Rusiyanın idarəsində olacaq. Zaporijya və Xerson vilayətlərinin müəyyən hissəsi də Rusiyanın əlində qalacaq. Ukrayna isə Dnepr çayına çıxışı əldə edəcək və Karden burnuna çıxışı təmin olunacaq. Bununla yanaşı, Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı prosedurlara start veriləcək. Rusiya aktivlərinin 100 milyard avrosu Ukraynanın bərpasına yönəldiləcək. Həmin vəsaitin təxminən 50 milyardı ABŞ-a çatacaq. Avropa İttifaqı da Ukraynanın rekonstruksiya və yenidən qurulmasına əlavə olaraq 100 milyard avro ayıracaq. Ukrayna Silahlı Qüvvələrinin sayı 600 min nəfərə qədər azaldılacaq. Rus dilində danışmaq ölkədə yenidən sərbəst olacaq. Rus Pravoslav Kilsəsinin fəaliyyəti bərpa ediləcək. Krım yarımadası isə, şübhəsiz ki, Rusiyanın nəzarətində qalacaq. Nəticədə sülh müqaviləsi bu formatda imzalanacaq.
- Ukrayna bu danışıqlara razı olmasa onu nə gözləyir?
- Rusiya razı olmadan bunu həyata keçirmək mümkün deyil. Çünki Rusiya artıq təxminən 200 min hərbçi itirib, ölkədə müharibə yorğunluğu artır, maliyyə itkiləri kəskin çoxalıb. Xam neft ixracı 35 faiz azalıb və Rusiya sanksiyaların ciddi təsiri altındadır. Ukraynanın razı olmaması isə real deyil, çünki Ukrayna müqavilədən imtina etsə, daha böyük ərazi itkiləri ilə üzləşəcək. Əgər Ukrayna həmin sülh variantını rədd etsə, şərqdə daha geniş ərazilər işğal edilə bilər və ABŞ da yardımlarını tam dayandıra bilər ki, bu da Ukraynanın tam məğlubiyyəti ilə nəticələnə bilər. Ona görə də Ukrayna zahirdə sərt mövqe nümayiş etdirsə də, Zelenski yaxşı anlayır ki, alternativi qalmayıb.
- ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya göndərilməsi prosesdə hansı dönüş nöqtəsinin siqnalı sayıla bilər?
- Stiv Uitkoffun Moskvadakı missiyasının prosesdə ciddi dönüş yaratmadı. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya göndərilməsi prosesdə dönüş nöqtəsi deyil. Çünki sülh müqaviləsinin hazırlanmasında Uitkoff əsas fiqur sayılmır. Əsas şəxslər arasında ABŞ quru qoşunlarının komandanı Deni Triskl yer alır. Məhz Trisklın kimlərlə və harada danışıqlar apardığı diqqətlə izlənməlidir. Triskl ABŞ dövlət katibi Maykl Rubionun və müdafiə nazirinin nümayəndəsi kimi fəaliyyət göstərir və Trampın ən çox etibar etdiyi simalardan biridir. Bu səbəbdən Uitkoffun “məkik diplomatiyası” artıq əvvəlki qədər əhəmiyyət daşımır.
Pərvin Hacıyeva
21:38 24.11.2025
Oxunuş sayı: 1673