Bakıda bir çox hündürmərtəbəli binada təhlükəsizlik tələbləri gözlənilmir - Ekspert
Bir neçə gün əvvəl Yasamal rayonunda baş verən və bütün ölkə ictimaiyyətinin diqqətini cəlb edən yanğın hadisəsi bir daha göstərdi ki, xüsusilə hündürmərtəbəli yaşayış binalarında təhlükəsizlik məsələləri həyati əhəmiyyət daşıyır. Belə tikililərdə insanların sayı çox, təxliyyə isə daha çətin olduğu üçün hər bir detala yanğın təhlükəsizliyi sistemlərindən tutmuş ehtiyat çıxışlara qədər maksimum həssaslıqla yanaşılmalıdır. Yanğının yaratdığı təhlükə və mümkün fəsadlar bir daha xatırlatdı ki, yüksək mərtəbəli binalarda təhlükəsizlik yalnız normativ sənədlərdə deyil, real həyatda da davamlı şəkildə təmin olunmalıdır.
Son illərdə Bakıda hündürmərtəbəli tikililərin intensiv şəkildə artması yanğın təhlükəsizliyi ilə bağlı məsuliyyət yükünü daha da ağırlaşdırır. Belə binalarda hər hansı bir fövqəladə vəziyyət zamanı insanların qısa müddətdə və maneəsiz şəkildə təxliyyəsi üçün xüsusi sistemlərin fasiləsiz işləməsi, alternativ çıxışların daim açıq saxlanılması və sakinlərin təlimatlandırılması mütləqdir. Yasamaldakı hadisə də göstərdi ki, ən kiçik bir laqeydlik belə yüzlərlə insanın həyatını risk altına sala bilər.

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Gündən-günə yüksəkmərtəbəli binaların sayının artması həmin obyektlərdə insanların fövqəladə hallar zamanı təhlükəsiz və maneəsiz şəkildə təxliyyə olunması məsələsini daha da aktuallaşdırır. Hər hansı yanğın və ya digər fövqəladə hadisə baş verdikdə insanların rahat və təhlükəsiz şəkildə binanı tərk edə bilməsi əsas şərtdir. Bu isə ondan irəli gəlir ki, yanğın zamanı əsas təxliyyə yolları müxtəlif səbəblərdən bağlana və ya istifadəyə yararsız hala düşə bilər.
Mövcud normativ tələblərə və beynəlxalq standartlara əsasən, hər bir binada – xüsusilə çoxmərtəbəli yaşayış binalarında – mütləq şəkildə ehtiyat təxliyyə yolları olmalıdır. Ehtiyat təxliyyə yollarının sadəcə mövcudluğu deyil, daim açıq, sərbəst və istifadə üçün hazır vəziyyətdə saxlanılması da əsas tələblərdəndir. Binanın istənilən mərtəbəsində yanğın baş verdiyi halda həmin yolların insanların hərəkətinə maneə yaratmaması təmin olunmalıdır.
Ehtiyat təxliyyə yollarının divarları və qapıları xüsusi odadavamlı konstruksiyadan hazırlanmalı, ən yüksək istiliyə qarşı dayanıqlığa malik olmalıdır. Çoxmərtəbəli binalarda yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət birbaşa MTK-ların və bina sahibinin üzərinə düşür. Yanğın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər vaxtında və şərtsiz şəkildə icra edilməlidir. Hər binada yanğın təhlükəsizliyinə cavabdeh şəxslərin təyin edilməsi də qanunvericilik tələblərindəndir".
Ekspert, həmçinin bu gün bir çox yaşayış binalarında yanğın zamanı ilkin müdaxilə üçün nəzərdə tutulmuş bir ədəd belə işlək yanğınsöndürən balonların tapılmadığını diqqətə çatdırıb:
"Bu da yanğın təhlükəsizliyi sistemlərinin faktiki olaraq işlək vəziyyətdə olmamasını göstərir. Halbuki həm ölkəmizdə, həm də dünya ölkələrində baş verən hadisələr yanğın təhlükəsizliyinə hər zaman tam hazır olmağın vacibliyini dəfələrlə sübut edib. Bundan əlavə, bina sakinləri ilə mütəmadi olaraq təlim və təxliyyə məşqləri keçirilməlidir. İnsanlar fövqəladə vəziyyət zamanı qısa müddət ərzində toplaşma məntəqələrində bir araya gələ bilməli, həyəcan siqnalı verildikdə onların təxliyyə bacarıqları real şəraitdə yoxlanılmalıdır. Təəssüf ki, hazırda yaşayış binalarında belə praktika demək olar ki, tətbiq edilmir".
Elmir Heydərli
10:43 24.11.2025
Oxunuş sayı: 1655